• EUR 1.9959  
  • USD 1.7002  
  • RUB 0.0287

SOSİAL

"Günəşli"də həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı

  • 1405 dəfə
  • Tarix 03 Dekabr 2016 / 17:51
  • Lent.az

 

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olub.

 

Lent.az-ın məlumatına görə, mərasimdə neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.

SOCAR prezidenti Rövnəq Abdullayev həlak olanların ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtüyü götürüb. önünə gül çələngi qoyub. “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov tədbiri açaraq, 4 dekabr qəzasının bütün Azərbaycan xalqını sarsıtmasından danışıb, qəza zamanı həyatlarını itirmiş neftçilərin il mərasimlərinin keçirilməsi üçün görülən tədbirlərdən söz açıb.  
 

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu söyləyib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb: “Təcrübəmdən bilirəm ki, neftçilərinin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bu, bir həqiqətdir. Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”. 1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb.

 

R. Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaq”.