• EUR 2.0032  
  • USD 1.7001  
  • RUB 0.0289

SİYASƏT

Prezident Qubada yeni avtomobil yollarının açılışında iştirak edib - YENİLƏNİB

  • 2654 dəfə
  • Tarix 07 Dekabr 2017 / 14:10
  • Lent.az
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabr 7-də Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib.
 
Lent.az azərtac-a istinadən xəbər verir ki, hazırda respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr icra edilir. Əsas məqam isə odur ki, son dövrlərdə respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması geniş vüsət alıb. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında xüsusi yer tutan bu layihələr ölkəmizin bütün bölgələrini əhatə edir.
 
Quba rayonunda 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi də Prezident İlham Əliyevin 2013-cü, 2014-cü, 2015-ci və 2016-ci illərdə imzaladığı müvafiq sərəncamlarına əsasən həyata keçirilib. Bu yolların istifadəyə verilməsi bölgədə turizmin, kənd təsərrüfatının inkişafına, əhalinin və nəqliyyatın rahat, təhlükəsiz hərəkətinin təmin olunmasına imkan yaradacaq. Yeni yolların istifadəyə verilməsi həm də sübut edir ki, bu il həyata keçirilməsi nəzərdə tutulan “40 yol layihəsi”nin icrası istiqamətində işlər uğurla davam edir.
 
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
 
Bildirildi ki, Qubanın bu yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolların hərəkət hissəsinin eni 6 metrdir. Layihə çərçivəsində müxtəlif diametrli 27 su ötürücü boru tikilib, yol təhlükəsizlik dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, bir aşırımlı, dəmir-beton konstruksiyalı dörd körpü inşa edilib.
 
Sonra dövlətimizin başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsdi.
 
Sonda xatirə şəkli çəkdirildi.
 
13:22
 
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Quba Bayraq Muzeyinin açılışında iştirak ediblər.
 
Lent.az president.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
 
Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 6 bölmə yaradılıb. Burada Azərbaycanın xanlıqlar dövrünün xəritəsi, xanlıqların bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Muzeydə nümayiş olunan Azərbaycan Xalq Cümhuriyyətinə aid sənədlər, Azərbaycanın SSR və müstəqillik dövrlərində qəbul olunmuş konstitusiyaları, gerblər, bayraqlar, poçt markaları, orden və medallar da böyük maraqla qarşılanır.
 
Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.
 
Qeyd edək ki, bu cür layihələrin icrası Azərbaycanda dövlət atributlarına yüksək diqqət və qayğını aydın şəkildə nümayiş etdirir. Belə muzeylər gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onlarda dövlət rəmzlərinə, o cümlədən üçrəngli bayrağımıza olan məhəbbətin daha da artırılmasında mühüm rol oynayır.
 
Azərbaycanda dövlət atributlarına, o cümlədən üçrəngli, ay-ulduzlu bayrağımıza hörmət, sevgi və ehtiram ümummilli lider Heydər Əliyevin bizə ən böyük əmanətidir. Azərbaycanın şanlı bayrağının ucalarda dalğalanması üçün dahi şəxsiyyət tarixi işlər görüb. Məhz Ümummilli Liderin səyləri nəticəsində bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Prezident İlham Əliyev də dövlət atributlarına xüsusi diqqətlə yanaşır. Təsadüfi deyil ki, bu gün ölkəmizdə həyata keçirilən dövlət siyasətində millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur. Bu baxımdan paytaxtla yanaşı, bölgələrimizdə də müvafiq tədbirlər görülür. Belə işlər arasında Bayraq meydanları və muzeylərinin yaradılmasının böyük əhəmiyyəti var. Qubada yaradılan Bayraq Muzeyi də bu mənada xüsusi önəm daşıyır.
 
12:13
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər.
 
Lent.az azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.
 
Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum “Asan Khedmat” təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.
 
Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına Quba “ASAN həyat” kompleksi barədə ətraflı məlumat verdilər.
 
Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.
 
Dövlətimizin başçısı mərkəzlə tanış oldu. Kompleksin “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.
 
Dövlətimizin başçısı Quba “ASAN xidmət” Mərkəzini işə saldı.
 
Bildirildi ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.
 
Prezident İlham Əliyevə “Ready 2.0” avadanlığı haqqında məlumat verildi. Bu avadanlıq “ASAN xidmət” mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN kommunal” xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.
 
Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verildi.
 
Bildirildi ki, “ASAN viza 2.0” sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.
 
Diqqətə çatdırıldı ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.
 
“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verildi.
 
Diqqətə çatdırıldı ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün isə “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.
 
Dövlətimizin başçısına “Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri” barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarında “ASAN həyat” komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.
 
Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olundu.
 
Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.
 
Quba “ASAN həyat” Kompleksinin kinoteatrında Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin filmləri də nümayiş etdiriləcək. “ASAN təlim” Mərkəzində isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına “ASAN” təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunacaq.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular.
 
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.
 
Sonra dövlətimizin başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxdı.
 
Qeyd edildi ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.
 
“ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.
 
Quba “ASAN həyat” Kompleksinin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 1,58 hektar olan Kompleksin ərazisində fəvvarə, avtomobillər və avtobuslar üçün dayanacaq tikilib, park və uşaq oyun meydançası yaradılıb.
 
Prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşdü.
 
Kompleksin əməkdaşları Tünzalə Piriyeva və Fəxriyyə Balakişiyeva yaradılan bu şəraitə görə kollektivin adından dövlətimizin başçısına minnətdarlıq etdilər.
 
Sonda xatirə şəkli çəkdirildi.
 
 
12:13
 
 
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.
 
Lent.az azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.
 
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.