• EUR  
  • USD  
  • RUB

İDMAN

“Başqaları dövlətin verdiyi 10 manatı oğurlayır...” - AİJA prezidenti

  • 1379 dəfə
  • Tarix 09 Yanvar 2018 / 14:30
  • ApaSport

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılovun apasport.az saytına müsahibəsi

 

- 70 illik yubileyini qeyd edən Eldar İsmayılovun həyatında AİJA hansı yeri tutur?

 

- AİJA 1995-ci ildə Gənclər və İdman Nazirliyində, idman naziri və onun müavinlərinin, idman ictimaiyyətinin və 30-a yaxın idman jurnalistinin iştirakı ilə yaradılıb. Orda məni rəhbər seçdilər. Sonra bütün işlər mənim boynuma düşdü. Nizamnaməni hazırlamaq, qeydiyyatdan keçirmək baxımından çətinliklər oldu. Nəhayət, qeydiyyatdan keçdik. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası artıq 23-cü yaşına qədəm qoyur. Biz bu sahədə xalqımıza normal xidmət edirik, öz hesabımıza təşkilatın imicini yüksəltmişik. Uşağın qeydinə bələkdən qaldığın kimi, AİJA-nın da birinci gündən qayğısını şəxsən özüm çəkmişəm. Nizamnaməsini yazmaqdan və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməkdən tutmuş, beynəlxalq təşkilatlara üzv etməyə qədər hər bir işi görmüşəm.

 

- AİJA-nın fəaliyyətini necə qiymətləndirirsiz və yaxşılaşdırmaq istədiyiniz məqamlar varmı?

 

- Bu assosiasiya özünü sübut edib, təkcə ölkədə deyil, beynəlxalq aləmdə də tanınıb və Azərbaycanın adını yüksəldib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası maliyyə imkanları sıfır olmasına rəğmən, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) ailəsinin çox mötəbər üzvüdü. Bundan əvvəl də maliyyə imkanlarını ancaq şəxsi vəsaitimin hesabına formalaşdırmışam. Bu təşkilatın yükünü həmişə öz çiyinlərimdə daşımışam. Bilirsiz, AİJA-da çox iş görmək olar. Amma maddi vəziyyətimiz buna imkan vermir.

 

- Maliyyə məsələsi ilə bağlı kimlərəsə müraciətiniz olubmu?

 

- Bu təşkilat yaradılanda o vaxt gənclər və idman naziri Əbülfəs Qarayev idi. Ona yaxınlaşıb dedim ki, Əbülfəs müəllim, başqaları dövlətin verdiyi 10 manat pulu yeyir, oğurlayır, siz büdcədən və ya sponsorlar vasitəsilə bu təşkilatın yaşaması üçün yardım etsəniz, verəcəyiniz 5 manatın üstünə 10 manat da özüm qoyacam və bütün pul təşkilata xərclənəcək. Bizim maliyyə imkanlarımız yaxşı olsa, həddindən artıq iş görə bilərik. Nə edərik? Planlarımı açıqlamaq istəmirəm. Çünki açıqlayanda başqa təşkilatlar onu sonradan öz adlarına çıxarırlar. Yaxşı ideyalarımız var ki, maddi duruma görə onları həyata keçirə bilmirik. İdeyalar və ona cəhd olur, lakin sonda maliyyə məsələsinə bağlanır. Bir dəfə dünya təşkilatının prezidenti gəlmişdi, yenə Əbülfəs müəllimin vaxtı idi. Onun kabinetində oturub söhbət etdik. Dedim ki, bu təşkilata maddi və digər cəhətlərdən kömək etmək lazımdı. Nazir isə qayıtdı ki, axı, bu, ictimai təşkilatdı, amma biz dövlət qurumuyuq. Dedim ki, hörmətli nazir, bütün idman federasiyaları, eləcə də Olimpiya Komitəsi də ictimai təşkilatdı. Bildirdim ki, bu, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasıdı, siz də idman nazirisiz, digər ictimai təşkilatlara maliyyə ayırırsız, bəs AİJA-nın maliyyəsi necə formalaşmalıdı? Onu da dedim ki, elə-belə pul verməyin, bizi işlədin, Azərbaycan İdman Ensiklopediyasını yaradaq, onun üçün haqqımızı alaq və həmin pulun hesabına təşkilatı saxlayaq, planlarımızı həyata keçirək. “Yaxşı, yaxşı” dedi, amma ondan başqa nəsə olmadı. Bu günə qədər AİJA-ya heç bir maliyyə yardımı edilməyib. Hərdən xarici səfərlərimizin bilet pullarını ödəyiblər, o da xeyli müraciət edəndən sonra.

 

- AİPS və digər qurumlarla beynəlxalq əlaqələr nə yerdədi?

 

- AİJA beynəlxalq qurumlarda həmişə nümunəvi şəkildə iştirak edib. Mən özüm 2010-cu ildə Avropa İdman Mətbuatı İttifaqının 32-ci Baş Assambleyasında Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin üzvü seçildim. Çox çətin seçki idi. O hörməti qazanmasaydıq, seçilməzdik. Ümumiyyətlə, Azərbaycan mətbuatında heç bir jurnalist indiyə kimi hər hansı beynəlxalq jurnalist təşkilatının rəhbərliyində təmsil olunmayıb, bunu biz etmişik. Yenə planlarımız var, çox iş görmək istəyirik, gərək maliyyə olsun. Şəxsi mülkümü icarəyə verib, onun pulunun bir hissəsi ilə təşkilatı saxlayıram və azdan-çoxdan təşkilatın tədbirlərini həyata keçirirəm. 2011-ci ildən başlayaraq beynəlxalq təşkilatların ayağını Azərbaycana açmışıq. Həmin ildə Avropa İdman Mətbuatı İttifaqı İcraiyyə Komitəsinin, 2012-ci ildə isə Dünya İdman Jurnalistləri Təşkilatının İcraiyyə Komitəsinin yığıncağını Bakıda təşkil etdik. 2014-cü ildə paytaxtımızda AİPS-in 77-ci Konqresi keçirildi. Orda dünya idman jurnalistlərinin problemlərindən danışıldı, müzakirələr oldu.

 

- İlin laureatlarını seçəndə hansı meyarları nəzərə alırsız?

 

- Məsələn, 15-20 yaxşı idman jurnalisti varsa, onun hamısına yer vermək olmur. Birini nazirlik, birini biz, birini də başqa qurum mükafatlandırır. Jurnalistin yazılarına, fəaliyyətinə baxırıq, onun işi ilə bağlı mütəxəssislərdən məsləhətlər aparırıq və belə qalibləri seçirik.

 

- AİJA-ya alternativ qurumların yaradılmasına münasibətiniz necədi?

 

- Yaratsınlar, istəməyən kor olsun. Beynəlxalq aləmdə tanınan təşkilat bizik. Son illərdə digər qurumlar, o cümlədən Media Komitəsi yaradılıb. AFFA Media Komitəsinə yaxşı maliyyə ayırır, hanı işlərinin nəticəsi, nə iş görüblər? Təkcə müsabiqə keçirib, qalibləri mükafatlandırmaq iş deyil ki... Başqa qurumlar yaradırlar, yaratsınlar. Ancaq arada bizə də yardım göstərsinlər. Biz öz imkanımız daxilində nə bacarırıqsa, edirik.