• EUR 2.0981  
  • USD 1.7  
  • RUB 0.0279

SİYASƏT

Dağlıq Qarabağ – 30: Münaqişənin anatomiyası – I YAZI

  • 1272 dəfə
  • Tarix 12 Yanvar 2018 / 11:38
  • Asəf Quliyev

 

Bu il yubiley ilidir. Həm Cümhuriyyətin 100 illiyi, həm də Dağlıq Qarabağ münaqişəsinin 30 illiyidir. Son günlər hamı Cümhuriyyətin 100 illiyindən yazır. Mən də Dağlıq Qarabağ münaqişəsinin 30 illiyindən yazmaq qərarına gəldim.

 

Beləliklə, başlayaq...

 

Əslində, hər şey 1987-ci ildə SSRİ Kommunist Partiyası Baş katibi M.S.Qorbaçovun müşaviri, akademik Abel Aqanbekyanın Fransadakı məşhur çıxışından başladı. Aqanbekyan hesab edirdi və əsaslandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti iqtisadi baxımdan Ermənistanla daha çox bağlıdır və buna görə də Ermənistan SSR-in tərkibində olması daha səmərəli olar.

 

Aqanbekyanın bu çıxışına ilk cavab akademik Ziya Bünyadovdan gəldi. O dövrdə çox populyar həftəlik qəzetlərdən olan “Ədəbiyyat və İncəsənət” qəzetinin dekabrda nəşr olunan saylarından birində. Ziya Bünyadov səslənən fikrin əsassızlığını söyləməklə yanaşı, Dağlıq Qarabağın Azərbaycan tarixi Azərbaycan ərazisi olduğunu tarixi dəlillərlə göstərirdi.

 

Bundan sonra münaqişənin pıçıltı mərhələsi başladı. Xeyirdə-şərdə ermənilərin iddiaları və Dağlıq Qarabağ ərazisində gah ağ, gah qara bayraq qaldırdıqları barədə xəbərlər gəldi. Bundan sonra nə baş verdi? Tufanqabağı sakitlik.

 

Ermənilər sanki qısa bir müddətə sakitləşdi. 1988-ci ilin fevral ayı gəldi. Fevral ayı barədə növbəti yazılarda danışacam. Amma indi çox mühüm hesab etdiyim bir məqama aydınlıq gətirmək istəyirəm.

 

Dağlıq Qarabağ münaqişəsindən danışanda bir neçə yanaşma ortaya atılır.

 

Birincisi – milli münaqişə. Yəni iki xalq bir biri ilə yola getmir.

İkincisi – separatizm. Yəni dağlıq Qarabağ erməniləri müstəqillik istəyir.

Üçüncüsü – işğal. Yəni Ermənistan Azərbaycanın 20 faizini işğal edib.

 

Nə qədər maraqlı da olsa bu üç yanaşmanı bəzən eyni politoloq, deputat, hətta rəsmi şəxs də ifadə edir. İlk növbədə bu yanaşmaları saf-çürük etməyin və baş verən münaqişənin nə olduğunu müəyyənləşdirməyin vaxtıdır. Milli münaqişəmi, separatizmmi, yoxsa işğalmı?

 

Başlayaq birinci yanaşmadan. Bu, milli münaqişə deyil. Baş verənlərin milli münaqişə kimi qələmə verilməsi münaqişədən bəhrələnən gizli əlin maraqlarından başqa bir şey deyil. İbrahim xanın erməni Məlik Şahnazarın qızı Hurizad xanımı kəbinli arvad etməsindən tutmuş bu gün dünyanın müxtəlif yerlərində ermənilərin azərbaycanlılarla iş birliyi faktlarına qədər çox şey baş verənlərin milli münaqişə olmadığına dəlalət edir. Bu maraqlı gizli əl yaxşı anlayır ki, ərazi münaqişəsini daha asan həll etmək olar, nəinki milli münaqişəni. Buna görə də ərazi iddiaları ilə başlayan münaqişənin milli müstəviyə keçirilməsinə çalışıb və çalışır.

 

İkincisi yanaşma. Dağlıq Qarabağ münaqişəsinin kökündə separatizm dayanmır. Bunu  separatizm kimi qələmə vermək olmaz və bu əslində zərərlidir. Çünki ermənilər Dağlıq Qarabağda yaşayan soydaşlarına separatist damğası vurmaqla öz müqəddəratını təyin etmə müddəasına istinad üçün zənin yaratmaqda maraqlıdırlar. Bu müddəanın gündəmə gətirilməsi isə Azərbaycanın dövlətçilik maraqlarına birbaşa zərbədir. Çox uzaq getmək lazım deyil, 1988-ci ildə həm Dağlıq Qarabağda, həm də Ermənistanda keçirilən nümayişlərdə ermənilərin bir tələbi vardı: Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək.

 

Üçüncü və ən düzgün yanaşma – işğal. Təbii ki, baş verənlər birmənalı işğal kimi qəbul olunmalı, təqdim edilməli və bütün beynəlxalq təmaslarda da bu yanaşmaya əsaslanılmalıdır. Bu yanaşmaya əsaslanmaq üçün kifayət qədər hüquqi və siyasi istinad nöqtələri var. Ermənistan Respublikasının sələfi Ermənistan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətini öz tərkibinə daxil etmək barədə qərarı və sairə.

 

Sözsüz ki, işğal faktoru 1988-ci ilin fevralından start götürdü. Həmin vaxta qədər isə müəyyən proseslər gedirdi.

 

Beləliklə, 1987-ci ildə münaqişənin ilk mərhələsi - ortaya atılması baş verdi.

1987-ci ilin sonu və 1988-ci ilin yanvar ayı münaqişənin ikinci - pıçıltı mərhələsini təşkil elədi.

1988-ci ilin fevralında isə münaqişənin üçüncü mərhələsi - tələblərin açıq səslənmə mərhələsi başladı.

 

Üçüncü mərhələnin əsas personajı, təbii ki, Dağlıq Qarabağın erməni əhalisi idi. Amma burada çox maraqlı bir məqama toxunmaq lazım gəlir. Məsələ ondadır ki, Dağlıq Qarabağın erməni əhalisi və ümumiyyətlə, Azərbaycanda yaşayan ermənilər məsələyə münasibətdə yekdil deyildilər. Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanda yaşayan erməniləri üç qrupa bölmək olardı:

 

  • Aqressiv millətçilər
  • Millətini sevənlər
  • Nə baş verdiyini anlamayanlar

 

Sözsüz ki, münaqişənin alovlanmasında əsas missiyanı aqressiv millətçilər həyata keçirir və lokomotiv rolunu oynayırdılar.

 

Öz millətini sevənlər iki qrupa bölünürdü. Onlardan bir qismi aqressiv millətçilərin dediyini qəbul etməyə hazır görünürdü və DQMV-nin Ermənistan SSR-ə birləşməsini baş tutacağı təqdirdə alqışlayırdı. İkinci qismi isə bunun zərərli ola biləcəyindən ehtiyatlanır və onsuz da xoş olan güzəranı dağıtmaq istəmirdi.

 

Nə baş verdiyini anlamayan ermənilər isə millətini sevənlərin düşündüyü kimi düşünür və onlar üçün hansı qurum daxilində yaşamağın bir o qədər də əhəmiyyəti yox idi.

 

Sözsüz ki, çoxluğu millətini sevənlər təşkil edirdi və onların aqressiv millətçilərin təsiri altına düşməsi ehtimalı böyük idi. Bir qismi inamdan, bir qismi isə qorxudan. Bunun üçün isə baş verənlər ərazi münaqişəsi müstəvisindən milli münaqişə müstəvisinə keçirilməli idi. Təbii buna müəyyən zaman tələb olunurdu və bu, münaqişənin dördüncü mərhələsindən sonra baş verməyə başladı.

 

(Davamı olacaq)