• EUR 2.1335  
  • USD 1.7001  
  • RUB 0.0302

SOSİAL

Partlayış qrupu: “Qarabağa birinci biz girəcəyik” – “Ölüm zonası”ndan REPORTAJ

  • 3487 dəfə
  • Tarix 13 Fevral 2018 / 11:04
  • Ləman Mustafaqızı

Qorxmurdum desəm, yalan olar. Nigaran idim. Zarafat deyil, gedəcəyimiz ərazi partlamamış hərbi sursatlarla doludur. Qorxurdum.

 

İçimdə bu narahatlıqla Xızıya çatdıq. Bizi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə mütəxəssisi İdris İsmayılov qarşılayır. Təhlükəsizlik tədbirləri haqda qısa məlumat verdikdən sonra mənə zirehli gödəkcə və qoruyucu dəbilqə verir. Zirehli gödəkcəni daşımaq çətin olsa da, onu geydikdən sonra qorxum qismən azalır.

 

 

Necə deyərlər, altdan geyinib üstdən qıfıllandıq, üstdən geyinib altdan qıfıllandıq. Təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə keçməyə icazə verdilər.

 

***

 

Bu il fəaliyyətinin 20-ci ilini tamamlayan agentlik 1998-ci ildə Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılıb. Hazırda agentlik ötən ilin avqust ayında Xızıda hərbi bazada partlayış nəticəsində ətrafa yayılmış hərbi sursatların təmizlənməsi işini yekunlaşdırmaq üzrədir. Əməliyyatın adı “Xızı əməliyyatı”dır.

 

 

Yolboyu ANAMA-nın mütəxəssisi İ. İsmayılov Lent.az-a Xızı əməliyyatı haqda məlumat verir:

 

- Hərbi bazada partlayış baş verəndən bir neçə saat sonra 200 nəfərlik heyətlə biz artıq ərazidə idik. Həmin gündən əməliyyatlara başladıq. Ümumi çirklənmiş ərazi yüz milyon kv.m. ərazi idi. Sursatların yayılma arealında ən uzaq məsafə 14 km. idi. Tədqiqat qrupumuz ərazini tədqiq etdikdən sonra ərazinin xəritəsini tərtib etdik və hissə-hissə təmizləməyə başladıq. Bu gün Xızı əməliyyatının 124-cü günüdür. Bu müddət ərzində 26 minə yaxın partlamamış hərbi sursat aşkar olunub.

 

Əməliyyatlara hər gün 8:30-da start verilir. 12:00-da nahar fasiləsidir. Əməliyyatlar 17:30-a qədər davam edir. Ərazi böyük olduğundan sahələrə bölünüb. Hazırda ərazidə 3 qrup axtarış aparır.

 

Artıq bir neçə saatdır ki, axtarışlar başlayıb. Bizim də qatılacağımız qrup Sitalçay 002/48 sahəsində axtarışlarını davam etdirir. Mina axtaranların komandasına ANAMA-nın supervayzeri Habil Babayev rəhbərlik edir. H. Babayev komandanın fəaliyyəti haqqında danışır:

 

 

- 20 nəfərlik heyətdən ibarət komanda 8:30-dan günortaya qədər 100 min kv.m. əraziyə baxış keçirilib. Ərazidən 9 ədəd partlamamış sursat, 30 kq.-dan çox yandırıcı komponentlər aşkar olunub. Mina axtaranlar bir xətt üzrə aralarında məsafə qoyaraq irəliləyirlər. Ərazi dağlıq olduğundan hərəkət etmək çətindir. Bu səbəbdən də komanda üzvləri arasındakı məsafə 2 metr təşkil edir.

 

Həddindən artıq çirkli ərazilərdə isə mina axtaranlar arasındakı məsafə daha sıx – 1.5 metr olur ki, gözdən yayınan heç nə qalmasın.

 

 

 

- Minaaxtaranlar haqda yarızarafat belə deyirlər ki, minaaxtaran ömründə 2 dəfə “səhv” edir. Biri bu peşəni seçəndə, digəri minanın üstünə çıxanda. Birinci səhvi hamınız etmisiniz. Bəs ikinci?

 

- (Gülür) Minaaxtaran və təmizləmə əməliyyatında iştirak edən ANAMA-nın bütün heyəti əvvəlcədən təlimatlandırılıb. Ərazidə işləyərkən partlayıcılarla normal davranıldığına görə heç bir partlayış hadisəsi baş verə bilməz. Əks halda, sizin həyatınızla risk etməzdik.

 

- Narahat olmayın, bizim əməkdaşlar bu işdə peşəkardır! - bizi sakitləşdirməyə çalışır.

 

***

 

Budur, torpağa batmış mərmi! Nizami, prosedura uyğun olaraq, qazma əməliyyatına başlayır. Qazdıqca mərmi haqda məlumat verir: 122 mm-lik Qrad mərmisidir. Partlamayıb, amma partlayıcı maddəsi yanıb.

 

 

Nizami Zəkəriyyə oğlu Hacıyev 1979-cu ildə Gürcüstanın Dmanisi rayonunda dünyaya gəlsə də, Ağstafa rayonunda yaşayır. Hazırda Xızı rayonu ərazində yerləşən, ötən ilin avqustunda partlayış baş vermiş hərbi bazanın ətrafında təmizləmə əməliyyatlarında iştirak edir.

 

- 1991-ci ildə Ağstafanın Saloğlu qəsəbəsində hərbi bazada güclü partlayış oldu. Onda mənim 12 yaşım vardı. Partlayışda kimsə xəsarət almasa da, sonrakı illərdə 30-a yaxın kənd sakini müxtəlif dərəcəli xəsarət aldı. Partlayış zamanı ətrafa mərmi, silah-sursat səpələnmişdi. Camaat əlvan metal deyə götürüb satmaq istəyərkən partlayışlar olurdu. Uşaqlar oyun oynayan zaman bilmədən toxunurdular. Kəndimizdə neçə uşaq əl-ayağını itirdi. Hər dəfə kənddə kiminsə uşağı xəsarət alanda biz çox pis olurduq. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) rayonlarda Birinci Qarabağ müharibəsindən qalmış hərbi sursatların təmizləmə işlərini aparırdı. Eləcə də bizim kəndə gəlmişdilər. Saloğlu hərbi anbarının özü və ətrafında təmizləmə işləri aparıldı. Bu zaman bir çox gənc, eləcə də mən könüllü bu komandaya qoşulduq. Əvvəl NATO-nun təşkilatçılığı ilə Göygöl regional bazasında Təlim-tədris Mərkəzində bir aylıq təlimdə iştirak etdim. İşə minaaxtaran kimi başladım. İlk axtarışım Ceyrançöl ərazisində olub. Tapdığım ilk sursat top mərmisi oldu.

 

Mina axtaran olmaq üçün ali təhsilli olmaq vacib deyil. Əsas şərtlərdən biri cəsarətli olmaqdır. Təbii ki, fiziki göstəriciləri də unutmaq olmaz. Əks halda çəkisi yüz kilodan artıq mərmiləri daşıya bilməz.

 

- Qorxu vardı?

 

- (Gülür) Yox, təlimdə təcrübə qazandığımdan o vaxt da qorxum yox idi. Birdən-birə kimsə sursata yaxın gəlmir.

 

- Hər gününüz ölümlə burun-burunadır. Sizin üçün ən çox kim narahat olur?

 

Nizami əlini saxladı. Belini düzəldib, gözümün içinə baxır.

 

- Anam... Ən çox anam deyir, bala, ehtiyatlı ol. Neçə aydı evdən uzaqdayam. Hər dəfə telefonla danışanda deyir, ehtiyatlı ol.

 

Nizami qazma işini bitirdikdən sonra detektorla mərminin yerini yoxlayır ki, yerində metal qalıb-qalmamasından əmin olsun.

 

N. Hacıyev əvvəl minaaxtaran kimi işə başlayıb. Sonra qazmaya keçib. İndi ANAMA-nın 12 nəfərdən ibarət Partlayış qrupunun üzvüdür.

 

***

 

Tapılan sursat metaldırsa, Metal toplama ərazisinə, partlamamış hərbi sursatdırsa, Sursatların müvəqqəti saxlanması ərazisinə təhvil verilir. Sursatların müvəqqəti saxlanılması ərazisindəki partlamamış sursatlar növbəti gün Sursatların Mərkəzi Məhvetmə Ərazisində partlayış yolu ilə məhv edilir. Partlayış ərazisi yaxınlıqdakı hərbi hissədən 5.8 km. aralı, Sitalçay ərazisində yerləşir. Partlayış qrupuna Anar Vəliyev rəhbərlik edir.

 

Partlayış yolu ilə sursatların məhv edilməsi gündəlik aparılır. Hər dəfə də partlayışdan əvvəl ciddi hazırlıq və təhlükəsizlik tədbirləri görülür. Anar müəllimin danışmaqla arası yoxdur. Çəkiliş müddətində də müsahibə verməkdən elə hey yayındı. Prosesi ANAMA mütəxəssisi İ. İsmayılov izah edir:

 

- Partlayışdan əvvəl ərazidə 4 post qurulur. Əraziyə giriş-çıxış bağlanır. Yaxınlıqdakı hərbi hissə, rayon polis şöbəsi, icra hakimiyyətinə əvvəlcədən yazılı şəkildə məlumatlandırılır ki, filan gün filan saatda partlayış olacaq. Həmçinin, yaxınlıqda yerləşən ferma, yaşayış məntəqəsi varsa, onlara da məlumat verilir. Bilmədən kimsə əraziyə daxil olarsa, postda saxlanılır.

 

***

 

Saat 12-ni göstərir. Bu da o deməkdir ki, heyət nahar fasiləsinə çıxır. Bir nəfər ərazidə qalıb, əşyaları və avadanlıqları qoruyur. Yoldaşları nahardan qayıdanda onun payını da gətirəcəklər. Dağın başında samovar tüstüsü dumana qarışaraq, qaynayır.

 

Samovarı qurdalaya-qurdalaya - “Minaaxtaran çayı içmisiniz heç?” – deyə gözətçi qalmış minaaxtaran soruşur.

 

Gülümsəyərək başımızla “yox” deyirik.

 

- Onda bəri gəlin!

 

Çay içə-içə nahardakıların dönməyini gözləyirik. 

 

***

 

Nizami nahardan dönər-dönməz zirehli gödəkcə geyib, qoruyucu dəbilqəni taxıb işinə davam edir. Partlayış yerinə partlayıcıları daşıyan maşın yola düşür. Postlar çoxdan qurulub, lazımi yerlərə məlumat verilib.

 

Sursatların Mərkəzi Məhvetmə Ərazisinə girmək üçün xüsusi icazəmiz olmadığından biz kənarda gözləyirik. Partlayış ərazisinin yaxınlığında Təcili Yardım maşını gözləyir. Təcili Yardımın həkimi bizə yaxınlaşıb, hər ehtimala qarşı, adımızı və qan qrupumuzu qeyd edir.

 

Bir xeyli gözləntidən sonra ərazidən birinci partlayıcı maddələri daşıyan maşın çıxdı, ardınca toz-duman edərək Təcili Yardım gəldi. Hamıdan axırda isə Anar Vəliyev maşını göründü.

 

 

İdris İsmayılov Partlayış Qrupunun işi haqqında danışır: “Bir söz deyim. İnşallah, Qarabağ alınsın, əraziyə birinci biz girəcəyik. Amma Partlayış Qrupunun işi daha təhlükəlidir. Məsələn, fitili odlayıb ərazidən çıxmalıdırlar. Əgər bir az ləngisələr, qəlpə başlarından töküləcək. Bəzən olur ki, partlayış olmur. Saata baxırıq. 5 dəqiqəyə partlamalıdır. Partlamır. 1 dəqiqə o yan-bu yan ola bilər. Əlavə 1 dəqiqə də gözləyirik. 20-30 dəqiqə gözlədikdən sonra içimizdən bir nəfər tək gedib baxmalıdır ki, görsün niyə sapma olub?

 

- O bir nəfər kim olur?

 

- Belə anlarda məsuliyyəti rəhbərlərdən kimsə öz üzərinə götürür. O da Allah göstərməsin, mərminin yanına çatanda partlayış ola bilər. Bunun hamısı riskdir. Yəni, partlayış qrupu üçün risk adi bir şeydir. Gündəlik yaşayırlar.

 

- Ölüm olub?

 

- Xəsarət alan olub, amma ölən, yox. Rəhbər heyət, xüsusən də Partlayış Qrupu tapılan sursata baxır. Sursatın daşınması mümkündürsə, maşına yüklənib daşınır. Yox, əgər üstündəki partlayıcısı elə vəziyyətdədir ki, tərpətsən iynə gedəcək, eləsini elə yerindəcə partladırıq. Xızı əməliyyatında da daşınması riskli bir neçə sursat vardı ki, yerindəcə partlatdıq.

 

***

 

Vəliyev bizə yaxınlaşanda partlayışa sadəcə 5 dəqiqə qalmışdı. Bir nəfər əlində telefon, uca səslə elan edir: son 4 dəqiqə, son 3 dəqiqə, ... son 5 saniyə...

 

Və ard-arda 3 partlayış eşidilir. Səsdən hürkmüş quşlar göy üzünü qara bulud kimi örtürlər. Dağın başından növbə ilə 3 tüstü-duman qalxır...

 

 

Fotoqraf: Ramil Zeynalov