• EUR 2.0865  
  • USD 1.7001  
  • RUB 0.03

SOSİAL

Beynəlxalq Multikulturalizm Qış Məktəbi Qəbələnin Nic qəsəbəsində...

  • 639 dəfə
  • Tarix 14 Fevral 2018 / 19:17
  • Lent.az

Fevralın 14-də “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları rayonun Nic qəsəbəsində olublar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin konfrans zalına toplaşan yerli və əcnəbi gənclər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədlinin “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirəsini dinləyiblər.

 

N. Məmmədli Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan ərazisində dini təsəvvür və əqidələr ən qədim zamanlardan mövcuddur. Qədim azərbaycanlılar arasında əcdadların ruhlarına, qayalara, ağaclara, müxtəlif təbiət hadisələrinə və xüsusən də səma cisimlərinə pərəstiş güclü olub. Azərbaycanda islamdan əvvəl atəşpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq dinləri geniş yayılıb. Sonradan İslam dini xalqımızın milli mənəvi tarixində və mədəniyyətində əhəmiyyətli rol oynayıb. İslamın Azərbaycanda yayılması bir neçə mərhələni əhatə edib. Şöbə müdiri adı çəkilən dinlərin yaranma tarixi, dini icmaların müxtəlif dövrlərdəki fəaliyyəti, dini-tarixi abidələri barədə geniş məlumat verib.

 

O qeyd edib ki, 1993-cü ildən sonra ölkəmizdə dinin təbliğinə və yayılmasına geniş şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. N. Məmmədli Azərbaycanda dini icmaların qeydiyyatdan keçərək fəaliyyət göstərdiyini vurğulayıb.

 

Sonra Nic qəsəbəsində yerli əhali ilə görüşən əcnəbi tələbələr yaşayış məntəqəsi ilə tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili tədris olunur.

 

“Cotari” Alban kilsəsini ziyarət zamanı məlumat verilib ki, dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib.

 

Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıb, dövlətin diqqət və qayğısını həmişə hiss etdiklərini qeyd ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması alqışalayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər.

 

Qış məktəbinin iştirakçıları üçün “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində kanatla dağ gəzintisi də təşkil edilib.

 

Qeyd edək ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir.