• EUR  
  • USD  
  • RUB

YAZARLAR

Məhsuldar şəkilçilər

  • 2840 dəfə
  • Tarix 20 Fevral 2018 / 10:57
  • Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə

Mənim bu dünyada ən zəhləm gedən -malı, -məli, -ası, -əsi şəkilçiləridir. Sanki bu şəkilçilər əlindən heç bir iş gəlməyən, ortada yeyib ucda gəzən adamlar üçün yaradılıb. Xüsusən, tribunalardan çıxış edənlərin bəri-bəzəyi, ən qorxusuz və təhlükəsiz mətnlərin “təkərciyi və vintciyi” bu şəkilçilərdir. Bunlardan heç vaxt adama zaval gəlməz. Adamı ən gərgin situasiyalardan bu şəkilçilər çıxarar. Lap suyun içində olasan ha, bu şəkilçilərdən ardıcıl surətdə işlətsən, o zaman qupquru olacaqsan. Əgər sənə söz veriblərsə, “nala-mıxa vurmağ”ın əvəzinə, gül kimi şəkilçiləri düz sözlərin arxasına, işin yağ kimi gedəcək.    Məsələn, sən hər yerdə deyə bilərsən ki, biz tezliklə Qarabağı almalıyıq, torpağımızı azad etməliyik, düşmənləri öz torpağımızdan qovub çıxartmalıyıq.

 

Başına dönüm, bu sözdən kim inciyər, bu sözə görə kimi işdən çıxararlar? Hələ qabağa çəkərlər, vəzifəsini böyüdərlər.

 

Bu şəkilçilər adamdan heç bir məsuliyyət və ya maddi vəsait tələb etmir. Bu şəkilçilər dilimizdə su qiymətinədir. Götür, sağa da işlət, sola da. Kim sənin sözünü kəsə bilər ki, ay qardaş, sən düz danışmırsan. Kimin ixtiyarı var ki, ağzının üstə vura və deyə ki, dayan, elə deyil. Canımıza sarı yağ kimi yayılır bu şəkilçilər. O günü xalq şairlərimizdən  biri deyir: “Biz xalqın ruhunu ifadə edən əsərlər yaratmalıyıq. Dünya ədəbiyyatını öyrənməklə  öz əsərlərimizi dünyaya  çıxarmalıyıq. Biz geniş oxucu kütləsi yetişdirməliyik. Klassiklərimizi çap etməliyik”.

 

Qardaş, gül kimi bu sözlərə kimin etirazı ola bilər? Kişi düz deyir də, yalan demir ki... O günü dağ rayonlarının birinin başçısı televizorda nə qədər  gözəl sözlər işlətdi. Dilimizin gözəlliyinə, şəhdi-şirəsinə lap heyran qaldım. Görün nə deyir: “Biz dağ yollarını yenidən təmir edəsiyik, asfalt çəkəsiyik, nə bilim, “Əlçatmaz” kəndinə təzə yol çəkəsiyik. Qır tökəsiyik.” Gözünə döndüyüm bu yerdə çıxışının arxasını döndərdi -malı, -məli şəkilçilərinə. “Çəkməliyik, tökməliyik, etməliyik. Bunun üçün gecə-gündüz işləməliyik, yuxu yatmamalıyıq, qaçqın və köçkünlərimizin sosial şəraitini yaxşılaşdırmalıyıq. Onların mədəni istirahətini yüksək səviyyədə təşkil etməliyik”.

 

Qardaş, qurban olaram bu şəkilçilərə. Hara getsən, harda olsan, yenə səni sağ-salamat gətirəcək öz evinə. Səndən pul tələb eləmir, güc istəmir, nə qədər istəyirsən, qızıl kimi xırdala. Əl də çalacaqlar, bütün problemlərdən də uzaq olacaqsan.

 

Məsələn, mediada müzakirə edilən əsas bir məsələnin yeganə çıxış yolu yenə qurban olduğum “-malı, -məli” oldu. Dedilər ki, azərbaycanlı müğənni Yaqub Zurufçu Almaniyada fars adı altında konsert verir. Konsertdə xalq artistləri tarzən Ramiz Quliyev,  qarmon çalan Aftandil İsrafilov, qoşanağara ifaçısı Sadıq Zərbəliyev iştirak edir.  Onu da deyirlər ki, konsertin sponsoru farsdır. Gözünə döndüyüm Avropada yaşayan soydaşlarımız başladılar ey “- malı”, “-məli” şəkilçilərini  göydən yağış kimi yağdırmağa. Konsert boykot edilməlidir. Ramiz Quliyev, Aftandil İsrafilov, Sadıq Zərbəliyev konsertə getməməlidir. Nə isə... Pul, maddi vəsait, güc  tələb etmədiyinə görə, bu şəkilçilər bütün müraciətlərin əsasını təşkil etdi. Amma bir adam demədi ki, Avropada bu qədər azərbaycanlı iş adamları var, niyə onlar bizim milli mədəniyyətimizin daşıyıcılarına sponsorluq etmirlər? Niyə bu konsertləri  fars təşkil  edir, azərbaycanlı yox? Azərbaycanlı iş adamları milli mədəniyyətimizin təbliği üçün sponsorluq etməlidir.

 

Vay, dəyəsən mən də -malı , -məli şəkilçisi işlətdim. Qanımızda var, deyəsən.