• EUR  
  • USD  
  • RUB

HADİSƏ

"500 manat verdim ki, arvadına hədiyyə alarsan" - MƏHKƏMƏ

  • 6934 dəfə
  • Tarix 20 Fevral 2018 / 12:57
  • Səlcuq Elçin

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onun müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində  Ramella Məmmədova ifadə verib. O, S.Əliyevə 500 manat pul verdiyini deyib.

 

 

Daha sonra şahid qismində zərərçəkmiş Ramella Məmmədovanın həyat yoldaşı Tofiq Zeynalov dindirilib. O, təqsirləndirilən şəxslərdən S.Əliyevlə görüşdüyünü söyləyib: "Yoldaşım Ramella xanım dedi ki, jurnalist onları zəng edib şantaj edir. Surxayla görüşdüm. Ona pulumuzun olmadığını dedim. Lakin  bir qədər keçəndən sonra 500  manat pul verdim. Məsələ bağlandı".

 

Prosesdə dindirilən digər zərərçəkmiş Ramidə İbrahimova ifadəsində Bakıda poliklinikaların birində baş həkim işlədiyini deyib. O bildirib ki, təqsirləndirilən Hikmət Nəcəfli ona zəng edərək şantaj edib: "Qəzetlərində mənim haqda yaxşı olmayan yazılar yazırdı. Sonra Səhiyyə Nazirliyindən yoxlama aparıldı. "Nəşriyyat"a getdim. Orada Hikmət müəllim məni qarşıladı, Surxay müəllimlə görüşdüm. Əvvəl məndən 2000 manat pul istədi, 500 manat verdim. İstehza ilə dedim ki, bu pula həyat yoldaşına hədiyyə alarsan. Bir qədər keçəndən sonra adımdan yenə yazılar getdi. Buna görə isə 200 manat pul verdim".

 

 

Digər zərərçəkmiş Qəşəngül Musayeva isə bildirib ki, kitab nəşriyyatın rəhbəri olub:  "Surxay zəng elədi,  əvvəl kitab çıxarmaq istədiyini söylədi. Sonra Hikmət zəng etdi. Məndən şikayətlər olduğunu, buna görə qəzetində yazı yazacağını bildirib, pul istədi. Dedim ki, yazın. Yazı çıxandan sonra ümumilikdə ona 400 manat pul verdim".

 

 

Məhkəmədə zərərçəkmiş kimi Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin  Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev ifadə verib.

 

Fikrət Nuriyev qeyd edib ki, barəsində şantaj xarakterli yazılar yazılacağını deyib: "Surxay mənimlə görüşdü, danışdı. Dedi ki, sizin barənizdə faktlar var. Amma məndən heç nə tələb etmədilər. Surxay mənə nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edib. Bir neçə gün sonra mənə zənglər gəldi. Barəmdə yazılar yazılacağını dedilər. Mən də Surxaya zəng elədim ki, belə bir məsələ var. Surxay da kömək edəcəyini dedi. Əvvəlcə həmin adamların 2-5 min manat istədiyini dedilər. Amma 600 manata razılaşdılar. Gülbəniz yanıma gəldi. İki dəfəyə verə biləcəyimi dedim. 300 manat olmaqla iki dəfə pul verdim".

 

Surxay Əliyev isə bununla razılaşmayıb. Deyib ki, Fikrət Nuriyevə qarşılıqsız kömək edib. O F.Nuriyevin Gülbənizə hörmət etmək üçün pulu verdiyini deyib.

 

 

 

Xırdalandakı dövlət bağçasının müdirəsi Könül İbrahimova zərərçəkmiş kimi ifadəsində qeyd edib ki, Hikmət Nəcəfli ona zəng edərək kobud şəkildə şantaj edib və bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını deyiblər:

 

"Kobud şəkildə danışırdı. Mən də əsəbiləşdim. Dedim ki, nə edirsənsə elə. Sonra Surxay zəng elədi. Mənimlə mülayim və mədəni şəkildə danışmağa başladı. Dedi ki, mənim kimi xanımlara hər zaman hörmət edib".

 

Zərərçəkmiş bildirib ki, bir neçə gün sonra şantaj edilməyə başlayıb: "Bir qadın gəldi.  Dedi ki, sizin bağçada rüşvət alınması ilə bağlı video var. Məni Nəşriyyata dəvət etdi. Bildim ki, həmin xanım Gülbəniz Əliyevadır. Həqiqətən də video var idi ki, bizim metodistimiz valideynə söyləyib ki, 300 manat verməsə bağçaya uşaq götürməyəcəklər. Dedim ki, metodist fərdi şəxsdir. O da mənə dedi ki, metodist fərdi şəxs olsa da bu söhbət bağçanın nüfuzuna xələl gətirəcək. Mən də bunu düşünüb nəşriyyata getdim. Həmin videonu məni satacaqdılar. Nəşriyyatda Gülbənizlə görüşdüm. 500 manat istədi. Əli ilə 5 göstərdi. Birinci soruşdum ki, 50 manat? Dedi ki, 50 yox, 500 manat. Mən də verdim. Amma videonu vermədi".

 

Şəfiqə Balaşova da zərərçəkmiş kimi məhkəmədə dindirilib. O, Bakıda fəaliyyət göstərən Leon kafesinin inzibatçısı olub.

 

Zərərçəkmiş Ş.Balaşova söyləyib ki, Surxay Əliyevin redaktoru olduğu qəzetdə kafesi barədə yazılar yazılıb. Həmin yazılarda kafenin əxlaqsızlıq yuvası olduğu yazılıb:

 

"Surxay Əliyevə zəng elədim. Yazıların səbəbini soruşdum. Dedi ki, 500 manat verməsə, yazıları davam etdirəcək. Mən də dövlət qurumlarına məlumat verəcəyimi dedim. Surxay hər yerdə adamının olduğunu dedi. Sonra Hikmətlə danışdım. Məndən 500 manat istədilər. Surxayın da gəldiyi maşında 500 manatı onlara verdim".

 

Surxay Əliyev zərərçəkmişdən pul almadığını deyib.

 

Digər zərərçəkmiş Hikmət Nəcəfli isə zərərçəkmişdən hansı əməlinə görə məhkumluq həyatı yaşadığını soruşub. Məhkəmə bu sualın cinayət işinə aidiyyatı olmadığını bildirib.

 

Amma Hikmət Nəcəfli zərərçəkmişin insan alverinə görə məhkumluq həyatı yaşadığını söyləyib.

 

Məhkəmə prosesi martın 1- də davam edəcək.