• EUR  
  • USD  
  • RUB

SİYASƏT

Dağlıq Qarabağ – 30. Münaqişənin anatomiyası – VI YAZI

  • 2118 dəfə
  • Tarix 20 Fevral 2018 / 17:47
  • Asəf Quliyev

 

 

Əvvəli bu linkdə:

 

http://news.lent.az/news/293688

 

 

Qarabağ münaqişəsinin ən qanlı mərhələsi, sözsüz ki, altıncı mərhələdir – MÜHARİBƏ.

 

1991-ci ilin sonunda münaqişə zonasında asayişi qorumaq adı ilə yeridilmiş SSRİ Daxili Qoşunlarının çıxarılması bölgədə sözün həqiqi mənasında müharibənin başlayacağından xəbər verirdi.

 

Bu günə qədər də bəlli deyil ki, bu, kimə lazım idi: SSRİ-ni dağıtmaq istəyən qüvvələrəmi? SSRİ-ni qorumaq istəyənlərəmi?

 

Sözsüz ki, hər iki sualın cavabında müəyyən məntiqi məqamlar tapmaq olar.

SSRİ-ni dağıtmaq istəyənlər tərəflərin silahlandığını və qana susadığını bilirdi. İki xalqın qanı SSRİ adlı bir dövlətin müttəfiq respublikalarının arasında çatlar yarada bilərdi.

SSRİ-ni qorumaq istəyənlər bu iki xalqı qarşı-qarşıya qoyub, "xilasınız Kremldədir" mesajını vermək istəyə bilərdi. Və yaxud da "Parçala, hökm sür" məntiqi ilə yanaşa bilərdi.

 

Bu günə qədər bu iki versiyanın hansının daha doğru olduğu sona qədər araşdırılmayıb. Və görünür ki, bunun araşdırılması lazım deyil. O da mümkündür ki, yaranmış situasiyadan hərə öz məqsədi üçün istifadə edirdi. Sözsüz ki, bu situasiyadan istifadə edənlər arasında Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirənlər də vardı. Və ermənilər bu situasiyadan bəhrələnmək üçün ilk addımları atdılar. Doğrudur, SSRİ daxili qoşunları ərazini tərk etdikdən sonra situasiyanı nəzarətə götürmək üçün ilk cəhdlər Azərbaycan tərəfindən oldu. Amma təşkilatlanmış və planlı hərəkət edən ermənilərə qarşı kortəbii hücumlar uğur gətirə bilməzdi.

 

Məhz bu fərqin üzündən 1992-ci ilin yanvarında Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Elə həmin ayın 31-də Ağdam istiqamətindən iri miqyaslı daha bir hücum cəhdi uğursuzluqla nəticələndi.

 

Əlbəttə, həmin dövrün uğursuzluqları barədə çox yazılıb. Amma hələlik bu uğursuzluqların ciddi səbəbləri ortaya çıxarılmayıb. Bunun nə zamansa mümkün olacağı real da görünmür.

 

Beləliklə, Azərbaycanın uğursuz cəhdlərindən sonra ermənilərin de-marşı başladı. Qaradağlı, Xocalı, Şuşa, Laçın. Uğurlu əməliyyatlar və Ermənistanla Dağlıq Qarabağın faktiki birləşdirilməsi. Azərbaycanda isə hakimiyyət dəyişikliyi baş verənə qədər heç bir uğurlu əməliyyat olmadı.

 

Və nəhayət, 12 iyul 1992-ci ildə Azərbaycan uğurlu əməliyyatlara başladı. Bu əməliyyatlar nəticəsində Ağdərə azad olundu, Ağdam-Əsgəran istiqamətində müəyyən irəliləyişlər baş verdi, hətta Laçın dəhlizinin qapanması üçün bir addım qaldı. Lakin ermənilərin yenidən revanşı soyuq duş effekti verdi. Və bu revanş üçün Bakıda çox münbit şərait yaranmışdı. Bu gün də çoxları əmindir ki, həmin münbit şərait məhz Kremlin xidmətidir. Amma unutmayaq ki, bu gün artıq haqqında lətifələr qoşulan, tərəflər arasında danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun formalaşması üçün ilk addımlar da məhz həmin vaxt atılırdı. Qərb Rusiyanın Dağlıq Qarabağ münaqişəsini öz inhisarına almasına imkan vermirdi. Amma həm Qərbin, həm də Rusiyanın addımları son nəticədə ermənilər üçün daha səmərəli olurdu və olmaqda da davam edir.

 

Məhz Qərbin Rusiya ilə anlaşmasının nəticəsi idi ki, atəşkəs elan olundu. Doğrudur, atəşkəs elan olunana qədər Dağlıq Qarabağ ətrafında daha 5 rayon da işğal olundu və ermənilər üçün bufer zona yaradıldı. Ən maraqlısı isə odur ki, 1994-cü ilin yanvarında Qarabağın cənubunda uğurlu əks-hücum əməliyyatları dayandırıldı və qış mövsümündə Murov istiqamətində uğursuzluqla nəticələnən yeni əməliyyat başladı. Və bu, müharibənin son akkordu oldu. Qarşıda Azərbaycanı və sadə erməniləri uzun və üzücü bir mərhələ gözləyirdi.

 

Beləliklə, 1994-cü ilin mayından münaqişənin yeddinci – danışıqlar mərhələsi başladı.

 

Əlbəttə, bu mərhələdə də müəyyən lokal döyüşlər olub və olacaq.

 

Danışıqların ən maraqlı cəhətlərindən biri və bəlkə də birincisi odur ki, dünyanın digər münaqişələrindən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsində Qərb və Rusiya eyni mövqedədir. Bu isə münaqişənin dondurulması istiqamətində mühüm addımların atılması üçün çox vacib şərtdir. Xırda atışmalar və lokal döyüşlər nəzərə alınmasa, həm Qərb, həm də Rusiya üçün münaqişə donmuş vəziyyətdədir.

 

Doğrudur, son bir ildə Qərbin əsas söz sahibi olan ABŞ və Rusiya arasında müəyyən fikir ayrılıqlarının elementləri sezilir. Bu fikir ayrılığını yaradan isə məhz aprel döyüşləridir.

Aprel döyüşlərindən sonra Azərbaycanın mövqeyi beynəlxalq vasitəçilərdə - həm Rusiyada, həm Qərbdə müəyyən narahatlıqlar yaradıb. Bu narahatlıqlardan sığortalanmaq üçün Rusiya əraziyə sülhməramlı adı ilə öz qoşununu yeritmək istəyir. ABŞ isə bununla razılaşmır.

 

Rusiya öz qoşununu 5 rayonun azad olunması şərti ilə yeritmək təklif edir. ABŞ isə Rusiyanın əraziyə sülhməramlı adı ilə qoşun yeritməsi ilə razılaşmır və buna görə də Azərbaycanın beş yox, yeddi rayonunun azad olunmasının müzakirə predmeti olduğunu ortaya atır.

 

Hələlik isə situasiya donub. Qarşıdan seçkilər gəlir. Həm Ermənistanda, həm Azərbaycanda, həm də Rusiyada...