• EUR  
  • USD  
  • RUB

YAZARLAR

Urra, yaxşı həkim tapmışam!

  • 1698 dəfə
  • Tarix 13 Mart 2018 / 11:29
  • Qəşəm Nəcəfzadə

 

Maşın ustası, ev ustası və bir də həkim yaşadığım illər ərzində taleyimdə ən mübahisəli və ən ağrı-acılı xatirələrlə dolu dərin izlər buraxıb. Maşın alandan, ev tikəndən və xəstə olandan bu peşə sahibləri ilə aramızda daima gərginlik yaşanıb. Hərdən zarafatla deyirəm, mən adam öldürən deyiləm, amma deyəsən, qismətimə bu peşə sahiblərindən birini öldürmək düşəcək. Bu da ondan irəli gəlib ki, sosial həyatımızda qeyri-peşəkarların sayının son illər hədsiz dərəcədə  artması hər addım başı onların qarşımıza çıxmaq ehtimalını daha da artırır. Həkim telefonla danışa-danışa səni müayinə edəndən sonra bahalı firma dərmanları yazdısa və dönə-dönə dedisə bu dərmanları filan aptekden al, onda  şair Əli Kərim demişkən: həkim,  salam-eleykim.

 

Təsəvvür edin, bu gün  ortabab xəstəliyin dərman pulu   orta hesabla 70-80 manatdır. Üstəlik, bu dərmanların üstünə həkimin də firma marağını gələndə məbləğ  vurub çıxır kəllə-çarxa. Son günlər  qan təzyiqimlə bağlı  şəhərimizin  5-6 klinikasında oldum. Heç birində adam əlindən tərpənmək olmur. Görəsən, xəstələrin və xəstəliyin bu qədər  artması nəyin nəticəsidir? Xəstə çoxluğunun bu qədər tüğyan eləməsi həm də yaxşı həkim axtarışının  hesabınadır. Məsələn, elə mənim klinikaları dəyişməyimin əsas səbəbi həkim baxışı ilə bağlı idi. Həkimlərin əksəriyyəti   bir xəstəlik haqqında bir-birinə zidd fikir söyləyirlər. Böyrəyin quruluşu haqqında hər klinika özünə uyğun  ölçülər hazırlayıb.  Hamısı da bir-birinə zidd. Bəs tibbi nöqteyi-nəzərdən doğru ölçülər hansılardır? Mən heç bir klinikada doğru olanını tapa bilmədim. İnternetdə  düzgün olanını  tapsam da, klinikaların verdiyi ölçülərlə  uyğun gəlmirdi. Bəs düzgün olan nədir?

 

Bu həqiqətləri axtaranlar  (mənim kimi)  klinikalarda növbəni daha da  genişləndirənlər və bahalı dərmanları  ucuzları ilə əvəz etmək istəyənlərdir.  Ərzaq dükanlarının, kitabxanaların sürətlə  apteklərə çevrildiyi bir zamanda həkilmər, elə bil,  daha daha da qəddarlaşıb. Məsələn,  öskürək üçün həkimin mənə (qəbul haqqı 30 manatdan sonra)  yazdığı dərmanların pulu 77 manat 99 qəpik edirdi. Çıxış yolu axtarmağa başladım.  Həkimdən xahiş etsəm də, reseptə dəyişiklik etmədi. Uzun axtarışdan sonra özüm qərar verdim ki, ən optimal variant  qutusunda 50  tablet  olan bromqeksin   almaqdır. Qiyməti isə 45 qəpikdir. 45 qəpik hara, 77 manat 99 qəpik hara?  Görəsən,  həkim niyə bu ucuz variantı seçmir? Onun xəstələrlə düşmənçiliyi nədir? Beləliklə, 45 qəpiklə öskürəyi 3 günün içində  yola verdim.

 

Allah bütün  çətinliklərdən  sonra adama bir rahatlıq da verirmiş. Bugünlərdə növbəti bir həkimə tanışlığım məni yaxşı mənada  heyrətə saldı. Həkimin etik davranışına, məntiqinə heyran qaldım. Məni dinlədikdən və  müayinə etdikdən   sonra resept yazmağa başladı. Əvvəl özünün ad-soyadını,  telefon nömrəsini yazandan sonra dərmanlara keçdi.

 

- Gəl, əvvəlcə 52 qəpikdən başlayaq.

 

- Sonra keçək 65  qəpiyə.

 

- Sonra isə 80  qəpiyə.

 

O, dərmanların adlarını qiymətləri ilə deyirdi. İlk dəfə idi ki, belə həkim görürdüm. Hər dərman haqqında ətraflı məlumat verirdi. Onun yazdıqları dərmanların məbləği 4 manat 85 qəpik eləyirdi. Aptek yeri göstərmirdi. Qaş-qabağını sallamırdı. Halbuki  həmin xəstəliyimə görə müraciət etdiyim başqa klinikanın həkiminin yazdığı  dərmanların pulu 300-dən 10 manat kəm eləmişdi. Onun dərmanları  50 kiloqramlıq un meşoğunu yarıya qədər doldurudu. Bu dərmanlar isə ovcumda gizlənə bilirdi, cibimə sığırdı.

 

Aptekdən çıxanda dərindən nəfəs aldım.  İlahi, yaxşı həkimləri və yaxşı adamları bir az çox yarat - dedim. Az dərman aldığıma görə aptekçi qız  acığını başqa bir xəstədən  çıxırdı. Son kəlməsi belə idi: 366 manat.