• EUR  
  • USD  
  • RUB

SOSİAL

Aprel döyüşlərinin çempion şəhidi - REPORTAJ

  • 2252 dəfə
  • Tarix 13 Mart 2018 / 16:57
  • APA TV
Fəal idi. Hər zaman birinciliyə can atardı. Öndə olmağı sevərdi. Uşaqlığı yaddaqalan olmuşdu. Yenicə başlayan gəncliyi də. Son mənzili isə heç vaxt unudulmayacaq.
 
 
 
APA TV-nin məlumatına görə, aprel şəhidi Emin Bağırovlar nəslində ilk hərbçi idi. Bu yolu öz istəyi ilə seçmişdi. Atası öncə buna qarşı çıxsa da, sonradan razılaşmalı olmuşdu: “Mən elə bilirdim o, Olimpiya çempionu olacaq. Boksla məşğul idi. Uşu-sando üzrə respublika çempionu olmuşdu. Boy-buxunlu idi. 1.80 sm boyu var idi. Emin mənimlə bir gündə dünyaya gəlib. Mən ona bildirmirdim, amma diqqətim ancaq onda idi. Şəhidlik elə bir məqamdır ki, On dəfə olimpiya çempionu olsan da, yenə ondan üstündür”.
 
 
 
Evdə, məktəbdə hər zaman deyərmiş ki, “mən şəhid olacam”. Arzu idimi, hiss idimi, bilinmir, amma son mənzilə gedən yol şəhidlik məqamından keçdi: “Demişdi təmtəraqla şəhid olacam. Var da belə bir şey – insan ölümünü hiss edir. O, şəhid olacağını hiss edirdi. Emin şəhid olan günü ürəyim sıxıldı. Ayın 2-si idi. Dedi ki, “narahat olma, hər şey yaxşıdı”. Telefon kəsiləndə hiss elədim ki, axırıncı danışığımız olacaq. Evə gəldim. Dayımoğlu gəldi ki, “gəl, gedək “voenkomat” a”, bildim ki, Emin şəhid olub”. 
 
 
 
Nənəsi Xanımzadə Bağırova deyir ki, Novruz bayramı yaxınlaşdıqca, Eminə görə pis olur: "Demişdi ki, bayram üçün martın 20-si evə buraxacaqlar. Sonra zəng elədi ki, evliləri buraxdılar, subaylar qaldı. Anası payını saxladı ki, Emin gələndə şəkərbura bişirər. Bundan sonra şəkərbura bişirmərəm Eminə görə. Düzdür, şəhidlik adı uca məqamdır. Ancaq ayrılıq pis şeydir. Çox çətindir...”
 
 
 
Emin Bağırov aprel 1-i ordudan tərxis olunmasına baxmayaraq, xidmətini davam etdirib. Sonuncu döyüşü aprelin 4-də Talış kəndi uğrunda olub. Uğurlu əməliyyatdan geri qayıdarkən qəfil artilleriya zərbəsi nəticəsində polkovnik Vüqar Yusifov, Raquf Orucov və 7 xüsusi təyinatlı ilə birgə qəhrəmancasına şəhid olub:
 
 
 
Qardaşı Yaqub Bağırovun sözlərinə görə, Emin döyüşə-döyüşə yaşadı, döyüşə-döyüşə də öldü: “İdmançı idi. 2014-cü ildə əlbəyaxa idman növü üzrə Azərbaycan çempionu olmuşdu. Əsgərliyin ortalarında yazırdı ki, “mən şəhid olacam, qəhrəman olacam”. Yazışmamız var, soruşuram ki, razısan xidmətdən? Demişdi ki, şəhid olana qədər yox”.
 
 
 
Qardaşı xəyal edirdi ki, Emin hərbi xidməti başa vurub geri dönəndə idmanda böyük uğurlar qazanacaqlar. Emin medallarının sayını artıra bilməsə də, 19 yaşında qəhrəman kimi tarixdə qaldı:
 
 
 
Dostu Vüsal Məmmədov isə Emin Bağırov xaraktercə nikbin olduğunu xüsusi vurğulayır: “Səmimi, şən idi. Üzgün olmayıb heç vaxt. Dost dar günündə tanınar, deyiblər.  Mən bunu Emində görmüşəm. Həmişə bir yerdə olmuşuq. Çox danışırdıq. Deyirlər e, qismət, alın yazısı... O özü alın yazısını yazdı. Eminin şəkillərini görəndə fəxrlə baxıram ki, qardaşımdır”.
 
 
 
Mart ayının sonunda dostuna yazır ki, hərbi xidmətini davam etdirmək istəyir. Etdirdi də. Amma çox qısa oldu bu xidmətin müddəti.
 
 
 
Diplomları, fəxri fərmanları, medalları, fotoları, hərbi forması... Ondan geri qalan bunlardır. Bir də məzarı. Önündə Eminin öz şeiri, arxasında əli silahlı fotosu həkk olunmuş məzarı...
 
 
 
Eminin son mənzili məzarlığın girişində, yüksəkdədir. Elə məqamı kimi. Yerin cənnət olsun, Şəhidim!