• EUR 1.9874  
  • USD 1.7  
  • RUB 0.0272

İQTİSADİYYAT

"Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq" - İlham Əliyev

  • 856 dəfə
  • Tarix 19 Mart 2018 / 14:18
  • Lent.az

"Bir neçə gün bundan əvvəl tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşü keçirilmişdir. Hesab edirəm ki, bu, tarixi hadisədir, tarixi görüşdür".

 

Lent.az-ın Azərtaca istinadən məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Bakıda

Novruz şənliyində iştirak edərkən söyləyib.

 

 

Dövlət başçısı onu da qeyd edib ki, bundan əvvəlki dövrlərdə yenə də bizim təşəbbüsümüzlə bir neçə regional format yaranmış və uğurla fəaliyyət göstərir:

 

"Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Rusiya üçtərəfli və nəhayət Azərbaycan-İran-Gürcüstan-Türkiyə dördtərəfli formatlar yaranmışdır. Qeyd etməliyəm ki, bütün bu çoxtərəfli formatların təşəbbüskarı Azərbaycan olmuşdur. Bu, bölgədə sabitliyi möhkəmləndirir, əməkdaşlığı gücləndirir və bu formatlarda iştirak edən ölkələrin iqtisadi maraqlarını təmin edir. Müzakirə olunan məsələlər siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələri əhatə edir. Bildiyiniz kimi, bizim təşəbbüsümüzlə regionda çox böyük nəqliyyat layihələri icra edilir. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıb. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra artıq bu marşrut fəaliyyətdədir. Yaxın gələcəkdə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam gücü ilə işləməsi nəticəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi bir neçə dəfə artacaqdır. Hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Azərbaycan ərazisində bu marşrutla bağlı bütün işlər görülübdür. Eyni zamanda, Azərbaycan bu marşrutun tam həyata keçirilməsi üçün əlavə tədbirlər görəcəkdir. Həmçinin bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün bizə imkan yaratdı və Bakıda dörd ölkənin xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Cənub-Qərb nəqliyyat marşrutu müzakirə edildi. İlk dəfə olaraq, yenə də bizim təşəbbüsümüzlə. Beləliklə, baxmayaraq ki, Azərbaycanın açıq dənizlərə çıxışı yoxdur, biz Avrasiyanın önəmli nəqliyyat mərkəzinə çevriləcəyik və bu istiqamətdə artıq gözəl nəticələr var".