• EUR 2.07  
  • USD 1.7  
  • RUB 0.0273

MAQAZİN

Tanınmış müğənnimizi zəhərlədilər – Səsi batdı VİDEO - FOTO

  • 16705 dəfə
  • Tarix 23 Mart 2018 / 13:19
  • Yalçın UĞUR

Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışırlar. Bunun üçün isə min yola əl atmalı olurlar. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Toydan, efirdən başı açılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın “Ulduzların idman saatı” layihəsində onlarla sizləri idman zallarında görüşdürəcəyik.

 

 

 

Bu dəfəki “idmançımız” isə mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadıqızıdır.

 

- İdmana nə vaxt başlamısız?

 

- İdmana yeni başlamışam. Arıqlamaq, sağlam yaşamaq məqsədimizdir. İnşallah yanılmarıq.

 

 

- İdmana arıqlamaq üçün başlamısan? Yoxsa...

 

- Əslində hər bir insan sağlamlığını düşünüb, idmana gəlməlidir. Arıqlamağın özü də bir sağlamlıqdır. Çünki nə qədər arıqlasaq, o qədər yaxşıdır. Bir çox xəstəliklər köklükdən yaranır. Mən də bacardığım qədər artıq çəkilərdən azad olmaq istəyirəm. Məqsəd budur. Düz iki aydır kİ, idmana başlamışam. Təsirini də görürəm. Məşqçimin sayəsində istədiyim nəticəyə nail olmağa doğru gedirəm.

 

 

- Ən sevdiyin idman növü hansıdır?

 

- Üzgüçülüyü çox sevirəm. O da çox soyuq olar deyə gedə bilmirəm. Amma trenajor elədir ki, gərək sənə həvəs verən kimsə olmalıdır. Yəni tək məşq etmək olmur. Bir çoxları məşqə rəfiqələri ilə gəlir. Mənim rəfiqəm məşqçidir, elə onunla birgə məşq edirik. O mənə psixoloji də kömək edir. Görək hara qədər gedirik.

 

 

- İdmana başlayandan sonra nələrdən imtina etmisən?

 

- İdmana başlayan kimi iştaham artır. Nəsə yemək istəyirəm. Bilmirəm ki, bu niyə belədi? İdmandan evə gedən kimi soyuducunu açıram, deyirəm ki, bu gün çox hərəkət eləmişəm, nə yeyim? Amma bacardığım qədər özümü saxlamalıyam. Axı əziyyət çəkirəm. Qaçıram, bir çox idman hərəkətləri edirəm. Hərdən axşam da şirniyyat yeyirəm. Amma səhər yuxudan duranda da adam özünə nifrət eləyir.

 

 

- Ən kilolu vaxtında nə qədər idin?

 

- Ən kök vaxtı doğuma gedən vaxt, 98 kilo idim. Onu yadıma da salmaq istəmirəm. Sonra 95, 85 kiloya düşdüm. Amma indi 75 kiloyam. İdmana da başlayandan 2 kilo atmışam.

 

 

 

- Aytacın futbola marağı varmı?

 

- Yox, qəti sevmirəm. Arada yoldaşım baxır, əsəbiləşirəm. Futbolu sevənlər məndən inciməsin, futbolun səsi də başıma düşür.

 

 

- Bir çox məşhurlarımız çəki atmaq üçün idman yox, plastik əməliyyat yolunu seçir. Bəs sən niyə bu üsulu seçmədin?

 

- Müğənnilərin çoxu deyir ki, heç vaxt əməliyyat etdirmərəm. Amma mən hər zaman istəmişəm ki, cəsarətli olum, əməliyyat elətdirim. Amma o gücü özümdə tapa bilməmişəm. Plastik əməliyyat etdirmək istəyirəm. Artıq fikrim var. Amma hansı nahiyələrimdə, bunu həkim daha yaxşı bilir. Mən xalq artisti Aygün Kazımovaya çox cəsarətli qadın kimi baxıram. O neçə-neçə əməliyyatlar etdirib. Gərək əməliyyatları da gənc yaşlarından etdirəsən ki, bədən öyrəşsin. Yoxsa bəziləri deyir ki, yox, mən qocalanda etdirəcəm. Qocalanda bəlkə sənin bədənin onu götürməyəcək. Əməliyyata ilk öncə insanın zehni hazır olmalıdır. Plastik əməliyyat olunmağım üçün Azərbaycanda, Türkiyədə bir neçə həkimin qəbuluna getmişəm. Uşağım olmadan öncə mənə baxdılar, dedilər ki, mümkündü, amma 6-7 il uşaq olmamalıdır. Ona görə də mən həmin vaxt imtina etdim.

 

 

 

- İstəyərdim ki, bu məqamda idman müəllimin Nərgiz Həmidovayla da danışaq. Aytac, məşqlərə vaxtı-vaxtında gəlirmi?

 

- Aytac kaprizli bir insan deyil. Sadəcə tənbəl insandır. Düz iki ay öncə məşqə başlayıb, amma tam olaraq məşqə gəlmir. Zəng vurub deyirəm ki, Aytac, haradasan? Məşqə gəl, gəlmir. Amma bacarıqlı insandı, məşqin üstünə düşsə, istənilən nəticəni əldə edəcək. Aytac sırf arıqlamaq üçün məşq edir. Düz 10 kilo çəki atsa, yaxşı olar. O çəkini verəndən sonra sırf əzələ üçün işləyəcəyik.

 

 

 

- Aytac, indi də şou-biznesdən danışaq. Hazırkı vəziyyət səni qane edirmi?

 

- İndi şou-biznes yox, toy-biznes var. Çoxumuz toy üçün çalışırıq. Mən öz sənətimi sevirəm. Tamaşaçı mənim mahnılarımı sevəndə, bəyənəndə sevinirəm. Tək toy üçün çalışmıram. Təəssüflər olsun ki, indi şou-biznes toya xidmət edir. Amma biz indi səhnələrdə olmalıyıq. Bizə yaxın Türkiyədə hər şey tam fərqlidir. Türk müğənnilərinə paxıllığım tutur, necə səhnəyə çıxırlar, əl çatmaz olurlar.

 

 

 

- Bu gün sənətdə istədiyin yerdəsən?

 

- Yox, tam yox. İstədiyim yerdə olmağım üçün bir az əziyyət çəkməli, səbirli, təmkinli olmalıyam. Yaxşı əhatəm olmalıdır. Bu işlərin başında da pul olmalıdır. Çox pulum olan vaxtı da bu sənətdə çox ağılsız addımlar atmışam. Yəni boş-boş layihələrə pul xərcləmişəm. Gərək pulu da ağıllı şəkildə xərcləyəsən. Hər işə pul qoymaq düzgün deyil.

 

 

 

- Bir aya yaxın idi ki, xəstəxanada yatırdın. Bəlkə xəstəxanaya nədən düşdüyünün səbəbini açıqlayasan?

 

- Əslində bu barədə danışmaq istəmirəm. Bunu sən hardan öyrəndin? İstəmirəm ki, bu cür xəbərlər yayılsın. El şənliklərin birinə dəvət olunmuşdum, ya yeməyimə, ya da çayıma nəsə qatmışdılar. Zəhərləndim, çox əziyyət çəkdim. Özümü çox pis hiss elədim, həmin günü evdə yatdım. İnsan gərək sənət dostlarını çox yaxına buraxmasın. Bəzi musiqiçilərdən uzaq durmaq lazımdı. Çünki əksəriyyəti adama pul gözündə baxır. Əslində məni zəhərləyən adamın kimliyini bilirəm. Amma bir gün hər şeyi açıqlayacam.

 

 

 

- Həmin adamın adını açıqlamağa sənə nə mane olur?

 

- O kimdir ki, mən onun adını çəkim? Mən zəhərləndim, xəstə yatdım, yanıma nə qədər adam da gəldi-getdi. O vaxtdan bu yana kimi səsim də nasazlayıb. Demək olar ki, səsim də batmışdı. İndi-indi özünə gəlir. Əziyyət çəkirəm, müalicələr yenə davam edir. Çox şükür ki, el şənliklərinə gedirəm. Amma səsim indi-indi özünə gəlir. Həmin adam bəlkə də indi mənə baxır. Ona demək istəyirəm ki, özünü yığışdır. Bilirəm ki, bunu sən eləmisən. Bir də belə bir hal baş versə, onunla mən başqa cür hərəkət edəcəm. Mən bilirəm nə edəcəm.