• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Naxçıvanda “Kətə” festivalı keçirilir

  • 2899 dəfə
  • Tarix 07 Aprel 2018 / 22:04
  • Lent.az

Aprelin 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Kətə” festivalına start verilib. Festival iki gün davam edəcək.

 

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin aparıcıları iştirakçıları salamladıqdan sonra naxçıvanlıların daha çox yaz mövsümündə hazırladıqları kətə növləri haqqında məlumat veriblər.

 

Qeyd olunub ki, xalqımızın qədim kulinariya mədəniyyətində mühüm yer tutan xəmir yeməkləri içərisində kətə məxsusi dadı ilə seçilir. Keçmiş dövrlərdən bu günə qədər Naxçıvanda bişirilən şomu, qarışıq göyərti kətələri, çiriş, gicitkən, balqabaq, mərcimək, cəviz, halvalı kətələr və digərləri çox məşhur olub. Yazın ilk aylarında yeyilə bilən yabanı bitkilərdən hazırlanan kətə çeşidləri Naxçıvan mətbəxində xüsusi yerə malikdir. Muxtar respublikanın iqlim şəraiti burada müxtəlif vitaminlərlə zəngin olan və yeyilə bilən yabanı bitkilərin yetişməsinə imkan verir ki, belə bitkilərdən hazırlanan kətə də insan orqanizmi üçün faydalıdır.

 

Festivalda muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətə növləri və onların hazırlanması qaydaları nümayiş olunur. Festivala gələnlər kətələrin hazırlanması və süfrəyə təqdim olunmasını izləmək, təndirdə bişmiş kətə çeşidlərinin dadına baxmaq imkanı əldə edirlər.

 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikada milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin də sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində ardıcıl işlər görülür. İndiyədək yüksək səviyyədə təşkil olunaraq keçirilən “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal”, “Göycə” festivalları muxtar respublikanın zəngin süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib.