• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Məsciddə cinayət törədən: "Papaq söhbətidir, namus məsələsidir"

  • 2060 dəfə
  • Tarix 16 Aprel 2018 / 13:15
  • Səlcuq Elçin

Məscidin həyətində tanışını bıçaqlamaqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Faiq Davudovun məhkəməsi keçirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə F.Davudov özünü təqsirli bildiyini deyib: "Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir".

 

Onun həyat yoldaşı Fəridə Davudova bildirib ki, K.Məmmədovla arasında hər hansı münasibət olmayıb.

 

K.Məmmədov ifadəsində deyib ki, internatda böyüyüb və hadisə baş verən məsciddə xidmətçi işləyib: "Anam rəhmətə gedib, atam həbs olunub. Faiqi oğlu Salehə görə bağışlayıram. O mənə çörək verib".

 

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video görüntülərə baxıb:  "Atam qəfildən Kamranı bıçaqladı. O ruhi xəstədir, evdə müalicə olunurdu, yaşlı olduğu üçün xəstəxanaya aparmadıq".

 

 

Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

 

Şahidlər ifadə verdikdən sonra istintaq tamamlanıb.  

 

Məhkəmə kollegiyasının hökmü ilə F. Davudovun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsinə qərar verilib.

 

 

 Qeyd edək ki,  ittihama görə, F. Davudov həyat yoldaşı 1953-cü il təvəllüdlü Fəridə Davudovanın tanışı, 1994-cü il təvəllüdlü Kamran Məmmədovla sevgili olmasından şübhələndiyi üçün Bülbülə qəsəbəsində yerləşən Cümə məscidin həyətində K.Məmmədovu kürəyindən bıçaqlayıb.

 

Ekspertin rəyinə görə F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.