• EUR 1.9906  
  • USD 1.7  
  • RUB 0.0276

SOSİAL

Bolqarıstan diplomatları “APA Holdinq”in qonağı olublar - FOTOLENT

  • 1397 dəfə
  • Tarix 20 Aprel 2018 / 14:14
  • APA
Bolqarıstanın Azərbaycanda səfirliyinin birinci katibi Yanko Yanakiev və Ticarət və iqtisadiyyat missiyasının rəhbəri İliyan Kostov bu gün “APA Holdinq”in qonağı olublar.
 
 
 
APA-nın məlumatına görə, görüşdə holdinqin prezidenti Vüsalə Mahirqızı qonaqlara “APA Holdinq” və holdinqə daxil olan qurumlar haqqında məlumat verib.
 
 
 
V. Mahirqızı holdinqə daxil olan APA İnformasiya Agentliyinin bir sıra beynəlxalq media qurumları ilə əməkdaşlıq etdiyini, onların sırasında Bolqarıstanın "Focus" xəbər agentliyinin də olduğunu bildirib.
 
 
 
Bununla belə, o, ölkələrimizin media qurumları arasında əlaqələrin zəifliyindən şikayətlənib, bunun ümumilikdə Azərbaycan və Bolqarıstan münasibətlərinin müxtəlif sahələrdə inkişafına problem yaratdığını diqqətə çatdırıb. V. Mahirqızı iki ölkənin əməkdaşlığının perspektivli sahələrinin üzə çıxarılması və daha geniş miqyasda çatdırılmasında mətbuatın mühüm rolunu vurğulayıb, "APA Holdinq"in bu işə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edib.
 
 
 
Öz növbəsində, Yanko Yanakiev Azərbaycanın Bolqarıstan üçün vacib ölkə hesab edildiyini, dövlətlərimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Diplomat siyasi əlaqələrin yüksək səviyyədə olmasına diqqət çəkərək, bunun iqtisadi münasibətlərdə də özünü göstərməsinin zəruriliyini söyləyib.
 
 
 
İliyan Kostov da ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkib. O qeyd edib ki, bu işdə mətbuatın da üzərinə böyük iş düşür. İ. Kostov bir müddət əvvəl Bakıdan Sofiyaya birbaşa aviareysin açılmasının əhəmiyyətini vurğulayaraq, Azərbaycan və Bolqarıstan vətəndaşlarının ölkələrimizi qarşılıqlı tanımasında, perspektivli sahələrin təşviqində mətbuatın mühüm vasitə olduğunu qeyd edib. O, iki ölkə arasında energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın prioritet təşkil etdiyini vurğulayıb.
 
 
 
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.