• EUR 1.9801  
  • USD 1.7  
  • RUB 0.027

HADİSƏ

Yüz minlərlə pul bankdan bu fırıldaqlarla çıxarıldı - MƏHKƏMƏ

  • 3012 dəfə
  • Tarix 16 May 2018 / 15:08
  • Səlcuq Elçin

“AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Qaradağ Maşınqayırma Zavodu" ASC-nin direktoru Asif Bədəlov ifadə verib.

 

Şahid “AtraBank”dan 2015-ci ildə adına 390 min dollardan çox kredit götürüldüyünü deyib: "Dostum Əkbər Məmmədovun bank rəhbərliyi ilə münasibətləri yaxşı idi. Onun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik".

 

A.Bədəlov söyləyib ki, pulu bankın kassasından götürüb, Əkbər Məmmədova verib: "Kreditin ödənişlərini də Əkbər müəllimin özü edirdi. Ödənişlərin tam olaraq ödənildiyi barədə dəqiq məlumatım yoxdur".

 

Daha sonra tikinti materiallarının alqı-satqısı firmasının sahibi Ağamirzə Arazov şahid qismində dindirilib. O deyib ki, 2016-cı ildə iş yoldaşı Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan adına 1 milyon dollar kredit götürüb: "Həmin pulu götürüb, elə kassaya da verdim. Yalnız sənədlərə qol çəkmişəm, 1 milyon dolları isə görməmişəm. Mən həmin zaman Elmixan müəllimlə müqavilə bağladım ki, ödəniş Rəşadın bankda adına olan depozit hesabından çıxılsın. Bildirildi ki, götürülmüş kredit də bankın kapital nizamnaməsinə sərf olunacaq".

 

 

"Polad" MTK-nın rəhbəri Faiq Bədəlov şahid qismində ifadəsində söyləyib ki, bankda adına Əkbər Məmmədov üçün 255 min dollar kredit götürüb: "Şirkətin adına bankda 1 milyon dollarlıq xətt açılmışdı. Həmin xəttlə də bankdan 255 min dollar kredit verildi. Krediti də Əkbər müəllimin özü ödəyirdi".

 

Hakim bildirib ki, ötən məhkəmə iclasında Əkbər Məmmədov ifadə verib. O, dindirilən zaman deyib ki, hələ kreditlərlə bağlı ödəniş etməyib. Hakim ifadə verən şəxslərə xəbərdarlıq edib. Söyləyib ki, adlarına götürdükləri kreditləri özləri ödəməlidir, məhkəmə bununla bağlı qərar çıxaracaq.

 

Məhkəmə mayın 23-də davam edəcək.

 

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

 

İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.

 

E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərlədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunur.

 

Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.