• EUR  
  • USD  
  • RUB

HADİSƏ

"Narkomanam, nə dedilər onu da yazdım" - MƏHKƏMƏ

  • 1849 dəfə
  • Tarix 16 May 2018 / 16:53
  • Səlcuq Elçin

Soyğunçuluqda və adam öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Ramin Hacıyev barəsindəki cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs və şahid ifadə verib. Zərərçəkmiş Kifayət Qəmbərova ifadəsində bildirib ki, özünə məxsus telefon oğlunda olarkən oğurlanıb: "Oğlum həyətə düşəndə dedi ki, ana telefonunu da ver. Məhəllədəki oyun kulubunda idilər. Elə bir saat keçmədi ki, oğlum oyun klubundan başqa telefondan zəng elədi ki, telefonunu oğurlayıblar. 1400 manat dəyərində "İphone 6" markalı telefon idi. Bizim həyətdə bir neçə dəfə saqqalı şəxs görmüşdük. Biz onu Namiq kimi tanıyırdıq. Mən ondan şübhələnirdim. Həyətimizdə çox olurdu. Mən şikayət yazanda həmin şəxsi tanımırdım, adını da yazmamışam. İndi bu şəxsi görürəm, amma saqqalı yoxdur. Bir az oxşadıram".

 

Təqsirləndirilən Ramin Hacıyev zərərçəkmişin oğlundan telefon almadığını deyib. Amma hakim bildirib ki, Ramin həmin cinayəti istintaq zamanı boynuna alıb.

 

R.Hacıyev istintaqda bunu etiraf etməsinin səbəbini belə izah edib: "Dedilər sənə yüngül işlər verəcəyik. Ona görə mən də razılaşdım. Mənə 29.120-ci- adam öldürmə cəhd ilə yox, 126.1-lə- qəsdən sağlamlığa ağır zərər vurma ilə ittiham verəcəklərini dedilər. Mən də işim yüngülləşsin deyə bu cinayəti də boynuma götürdüm. Narkomanam, dərmandan atıb, nə dedilərsə yazırdım".

 

Zərərçəkmiş Kifayət Qəmbərova deyib ki, ona dəymiş zərər ödənilməyib.

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumata görə, hadisə ötən il avqustun 13-də Nərimanov rayonu ərazisində baş verib. Kirayədə yaşayan Mingəçevir şəhər sakini Ramin Hacıyev münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.

 

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib. Kirayədə qaldığı tanışımı döydüyü üçün isə ona 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.