• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Alman iş adamını aldadan azərbaycanlı biznesmen MƏHKƏMƏ QARŞISINDA

  • 2434 dəfə
  • Tarix 22 May 2018 / 12:45
  • Səlcuq Elçin

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Ə.Yusifov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində alman vətəndaşından alınan pulların bir hissəsinin iş üçün Qazaxıstana göndərildiyini söyləyib.

 

Məhkəmənin növbəti prosesi mayın 29-na təyin edilib.

 

İttiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

 

Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

 

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb.

 

Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

 

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb.

 

Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

 

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir.