• EUR  
  • USD  
  • RUB

YAZARLAR

“Qarabağ”ın çempionluğuna sevinirikmi?

  • 1675 dəfə
  • Tarix 22 May 2018 / 15:43
  • Asəf Quliyev

 

Azərbaycan futbol çempionatının son akkordları vuruldu. “Qarabağ” yenə çempion oldu. Sevindik. Amma görünən budur ki, bu sevinc yenə Azərbaycan sərhədləri çərçivəsində qalacaq. Sevinib-sevinib sonra da özümüzə ritorik bir sual verəcəyik: “Axı nəyə sevinirik?”

 

Doğrudan da, nəyə sevinirik? Və ümumiyyətlə, “Qarabağ”ın çempion olmasına sevinirikmi?

 

Bu suallara tələsik, birmənalı cavab verməyə tələsməyin. Bir fikirləşin ki, “Qarabağ” üçün sevinmək necə olmalıdır? “Qarabağ” üçün sevindiyimiz nədə özünü göstərməlidir?

 

Amma mən ötən il əmin oldum ki, “Qarabağ” üçün sevincimizin yaratdığı enerjidən lazımınca bəhrələnmədik.

 

Ani də olsa fikirləşin – neynədik?

 

Səmimi deyək ki, heç nə.

 

Bütün Avropanın gündəmini zəbt edən belə bir turnirdən bəhrələnməmək heç cür ağlabatan deyildi. Amma biz bunu elədik.

 

Nə qədər qəribə də olsa, nəsə etmək istəyənlər vardı. Amma alınmadı.

 

Avropanın rəsmi strukturlarında kifayət qədər əlaqələri olan Əvəz Həsənov iş planı hazırlayıb, fəaliyyət göstərmək üçün mobil qrup yaratmaq təklif elədi, hay verən olmadı...

 

Mən xronometrajı qısa, amma məzmunu dərin video-çarx təklif elədim, hamı bəyəndi. Amma heç kim reallaşmasına kömək etmədi. Müraciət etdiyim rəsmi və qeyri-rəsmi qurumlardan yalnız müsbət rəy eşitdim, bu qədər...

 

Bəlkə başqa kimlərsə də cəhdlər edirdi. Amma ortada heç nə olmadı. Beləcə, “Qarabağ”ın Avropa demarşı Qarabağ üçün ancaq Qurban Qurbanovun mətbuat konfransında söylədiyi sözlərlə yadda qaldı. Vəssalam.

 

Qurban Qurbanov və uşaqlar öz sözlərini meydanda dedilər və iş elə gətirdi ki, informasiya meydanında da sözü Qurban Qurbanova buraxdıq...

 

Bu mövsümdə Çempionlar Liqasına “Qarabağ” gedir. Necə oynayacaqlar? Buna mən qarışmam. Çünki futbol bilicisi deyiləm.

 

Bəs biz necə hərəkət edəcəyik?

 

Ümumiyyətlə, hərəkət edəcəyikmi?

 

Bəlkə də çoxları indi özünə sual verir: Axı biz neynəyək?

 

Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti Ermənistana birləşməklə bağlı qərarından sonra Ermənistan, Azərbaycan və SSRİ Ali Sovetlərinə müraciət etmişdi. Məqsəd bu qərarın təsdiq olunması idi. Azərbaycan etiraz etmişdi, Ermənistan qəbul etmişdi. Son sözü SSRİ Ali Soveti deməliydi. Dedi. Qərar qəbul olundu ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin Ermənistana birləşməklə bağlı müraciəti rədd edilsin. “Zaman” xəbərlər proqramında bu xəbərə qulaq asıb evdən çıxdım. Dostlarla görüşməliydim. Yolda bir “Jiquli” saxladı: “Qaqa, hara gedirsən?” Baxdım ki, adamı tanımıram. Təəccüblə suala sualla cavab verdim: “Nədi ki?”

Rol arxasındakı oğlan gülümsədi: “Qaqa, Qorbaçovun qərarına qulaq asdım. Sevindim. Və çıxdım ki, kimsə yolda qalıbsa, hara gedirsə, aparım. Mənim də gücüm buna çatır”.

 

Oturdum və oğlan məni mənzil başına çatdırdı. Sevinirdi. Onun da həmin an əlindən gələn bu idi...