• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Sovet dövründə qorxu altında yaşadılan Rəsulzadə irsi – MƏMMƏDƏMİNİN EVİNDƏN REPORTAJ

  • 3484 dəfə
  • Tarix 28 May 2018 / 12:00
  • Tural TURAN

Sizin övladlarınız Məmmədəmin Rəsulzadəni tanıyır?

Sizinkiləri bilmirəm, amma cümhuriyyətimizin qurucularından olan dahi şəxsiyyətin Novxanıdakı abidəsi önündə velosiped sürən, Rəsulzadə parkında top oynayan orta məktəb şagirdləri kəndlərinin yetirməsini tanımadı. Daha doğrusu, beşinci sinif şagirdi Oqtaydan başqa...

Top oynayan, velosiped sürən uşaqların yanında Oqtaya sual verdim ki, Məmmədəmin Rəsulzadə kim olub? Oqtay da “Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı”- cavabını verdi. Daha sonra eyni sualı onunla top oynayan, velosiped sürən yoldaşlarına da verdim. Cavablar müxtəlif oldu. Birinci sinifdə oxuyan Həsən deyir ki, Məmmədəmin Rəsulzadə haqqında müəllimi heç nə deməyib:

“Bilmirəm. Müəllimim heç nə deməyib”.

Altıncı sinifdə oxuyan başqa bir uşaq isə bir qədər düşündükdən sonra deyir ki, Məmmədəmin Rəsulzadə bu kəndin yiyəsi olub:

“Bilmirəm, kəndimizin ya da məktəbimizin yiyəsidir”.

Dördüncü sinifdə oxuyan sarışın bir uşaq isə çox maraqlı bir cavab verdi:

“Müəllim, kəndimizdə belə bir adam yaşamır axı...”.

 Hüseyn adlı altıncı sinif şagirdi isə Rəsulzadənin xalq cümhuriyyətinin qurucusu olduğunu desə də, hansı kənddə doğulduğunu bilmir:

“Bir yerdə oxumuşdum, hansı kənddə doğulduğu yadımdan çıxıb”.

Cümhuriyyət qurucusunu tanımayan uşaqları ələ salan da öz yoldaşları oldu:

-Yüz dəfə demişəm ki, ana dilini yaxşı oxuyun.

-Ana dilində deyil, tarixdədir.

- Onda ikisini də oxu də...

Çəkilişlər zamanı bir nəfər sarı saçlı gənc, dolu bədənli bir kişi yanaşır. Kənd icra nümayəndəsi olduğunu deyir. Əvvəlcə top oynayan uşaqlara yaxınlaşıb müəllimlərinin kim olduğunu soruşur, məktəbliləri Rəsulzadəni tanımadıqları üçün tənbeh edir. Ardınca da ədəb-ərkanla salam verib, qonaqpərvər bir təbəssümlə bizə - kəndimizə xoş gəlibsiniz-deyir.

 

Yüzilliklə bağlı Novxanıda hansı işlər görülüb?

 

Elnur müəllimə ilk suallarımız rəsmi olur. Rəsulzadə parkında, Novxanı kəndində cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq nə kimi işlərin görüldüyünü soruşuruq. Deyir ki, görülən işlər də çoxdur, görüləcəklər də:

“Cənab prezindetin cümhuriyyətin 100 illiyinin ölkə miqyasında təmtəraqla qeyd olunması ilə bağlı sərəncam verib. Bununla əlaqədar olaraq Novxanı kəndində də bir çox işlər görülüb. O işlərdən bir qismi də Məmmədəmin Rəsulzadə parkında həyata keçirilib. Yeni ağaclar və yeni gül kolları əkilib. Ağac və gülləri suvarmaq üçün xətlər çəkilib”.

İcra nümayəndəsinin sözlərinə görə, kəndin bir çox küçələrində abadlıq işləri aparılıb və bu işlər indi də davam etdirilir:

“Cümhuriyyətin yüz illiyi ilə əlaqədar olaraq may ayının 28-də əvvəlki illərdən fərqli olaraq daha möhtəşəm tədbirlərimiz nəzərdə tutulub. Onu da deyim ki, may ayının 1-də bir saylı məktəbin müəllim və şagirdlərinin iştirakı ilə burada böyük yürüş keçirilib. Flaşmob təşkil olunmuşdu. Flaşmobçular üçrəngli bayrağımızın formasına bürünərək Rəsulzadə parkına gəlmişdilər”.

Rəsulzadə adına hörmət olaraq icra nümayəndəsi bizə bələdçilik etmək istədiyini, 1 saylı məktəbdə yaradılmış Rəsulzadə muzeyi ilə bizi tanış etmək istədiyini söyləyir. Şagirdlərinin Rəsulzadə haqqında elə də yaxşı məlumatı olmayan məktəbdəki muzeyi görmək bizə də maraqlı gəlir.

 

“Rəsulzadənin Stalini gizlətdiyi məscid budur...”

 

Yolumuzun üstündəki məsciddə ayaq saxlayırıq. Elnur müəllim deyir ki, bura Səfəralı məscididir. Rəsulzadənin atası Axund Hacı Ələkbərin inqilab dövründə məhz bu məsciddə axundluq etdiyini söyləyir. Sonra avtomobil yoluna davam edir və icra nümayəndəsi Rəsulzadə ilə Stalinin bu məsciddəki bir  əhvalatını danışır:

- Qoçular Stalinin arxasınca düşmüşdü. Hər yerdə onu axtarırdılar. Məmmədəmin də İosifi həmin bu Qəmbəralı məscidində minbərin altında gizlətmişdi.

- Atasının axund olduğu məsciddə?

- Hə, özü də həmin vaxt Axund Ələkbər minbərin yuxarısında imiş, azan verməyə çıxıbmış.

Bəs sonra nə olur?

- Gözləyirlər ki, gecə düşsün. Gecə Stalini Novxanıdan çıxarırlar. Bir müddət sonra aralarında dostluq münasibətləri yaranır. Hakimiyyət dəyişəndə, sovet höküməti qurulanda da Rəsulzadə Stalinlə görüşür. Stalin Moskvada iş təklif edir. Amma Məmmədəmin razılaşmır. Sözümün canı odur ki, Rəsulzadənin Stalini gizlətdiyi məscid budur...

 

“Rəsulzadənin heykəlini kəndin rəssamı hazırlayıb...”

 

Kənd sakinləri ilə söhbət edirik. Deyirlər ki, Rəsulzadənin Novxanı kəndindəki heykəli 1996-cı ildə açılıb. Heykəli isə Cavanşir Əjdər oğlu Dadaşov adlı bu kəndin yetirməsi olan bir rəssam hazırlayıb. Hazırda ahıl yaşlarında olan bu şəxs indi də Novxanı bağlarında yaşayır. Nə qədər cəhd etsək də, həmin şəxslə bağlı görüşmək mümkün olmadı. Qaldığı ünvanı heç kənd sakinləri də dəqiq bilmirdilər...

 

“Rəsulzadə muzeyini sovet dövründə açdıq...”

 

Məsumə İsayeva Novxanıdakı 1 nömrəli orta məktəbin tarix müəllimidir. Həm də məktəbdəki Novxanı və Rəsulzadə muzeyinin yaradıcısıdır. Zəhmli, eyni zamanda vətənpərvər insan təsiri bağışlayan bu müəllimlə söhbətimiz çox maraqlı alındı.

Rəsulzadə müzeyi ilə bizi tanış edir, deyir ki, hələ sovet dövründə bu muzeyi təşkil edib:

-1986-cı ilin aprel ayının 12-də bu muzeyi açdıq.

-Bəs muzeyi açmaq üçün o vaxt kimdən icazə aldınız?

-Təbii ki, icazə verdilər. Çünki buranı o vaxt diyarşünaslıq muzeyi adı altında açmışdıq. Sonradan Rəsulzadə əfəndi ilə bağlı fotoşəkillər, 1919-cu ildəki “Azərbaycan” qəzetinin nüsxələri, eləcə də cümhuriyyət dövrümüzün pullarını topladıq.

-Axı sovet dövründə Musavatçılıq, Rəsulzadə, cümhuriyyət pulları “yoxa çıxarılmışdı”, bu qədər zəngin əşyalı bir muzeyi necə formalaşdıra bildiniz?

-O vaxt Rəsulzadəni şəxsən görənlər, tanıyanlar hələ sağ idi. Qohumları ilə əlaqə saxladım. Eşqin adlı bir şagirdim vardı. Onun babası cümhuriyyət pullarını saxlamışdı. Bu pulları muzeyimizə o gətirib təhvil verdi.

-Bəs “Azərbaycan” qəzetinin yüz il əvvəlki sayını, o dövrə aid sənədləri necə əldə etdiniz?

-Bilirsiniz, Novxanı o dövrdə qaynar həyata malik bir kənd olub. Sovet höküməti qurulanda AXC ilə bağlı bir sıra sənədlər buraya gətirilib. Elə həmin əşyalar, sənədlərdir... Kənd sakinləri bu muzey açılanda bizə çox böyük kömək etdilər. Direktorumuz bu işdə mənə çox yardımçı oldu.

 

“Rəsulzadənin şəkili 1988-ci ildən bu məktəbdə asılıb”

 

1 nömrəli məktəbin direktoru Taliə Mirzəyeva ilə söhbətləşirik. Məktəbin girişindəki divardan asılmış şəkili göstərir. Deyir ki, Məmmədəmin Rəsulzadənin şəkili hələ sovet dövründən orada asılıb:

“1988-ci il idi. Meydan hərəkatı təzəcə başlamışdı. Onda hələ sovet höküməti də dağılmamışdı. Qorxmadan asmışdıq o şəkili. Özüm meydan hərəkatının fəallarından olmuşam. İlk dəfə üçrəngli bayrağı hökümət evinin qarşısında mən dalğalandırmışam. Bizim məktəbimizdə Rəsulzadə ilə bağlı yaratdığımız muzey o dövrdə cümhuriyyət dövrü ilə bağlı yaradılmış ilk muzey idi”.

 

Məmmədəminin evinə görə məhkəmə...

1 saylı məktəbin direktoru deyir ki, üç-dörd il əvvəl indi uşaq bağçası olan Rəsulzadənin evi ilə bağlı doğmaları iddia qaldırmışdılar. Onlar deyirdilər ki, biz Rəsulzadənin qohumlarıyıq:

“ Bağça köçürülməlidir, ev bizə qalmalıdır-deyirdilər. İş məhkəməyə qədər getdi. Məhkəmə də qərar çıxardı ki, Rəsulzadənin evi deyilən bina uşaq bağçasıdır, yəni, dövlətin balansında olan binadır. Ona görə də evi ala bilmədilər”.

 

“Bura Məmmədəminin öz evi deyil...”

Hər kəsin Məmmədəmin Rəsulzadənin evi olaraq tanıdığı uşaq bağcasına yollanırıq. İçəridən yüz il əvvəlin qoxusu gəlir. Qədimlik qorunub, saxlanılıb. Aşağı hissədəki balaca otaqların da ən azından yüz yaşı olduğunu deyirlər. Ev isə daha əvvəl tikilib. Yəni, 19-cu əsrə aid binadır. İçəridə azyaşlı uşaqlar var. Deyəsən, onların yatmaq saatıdır.

Bizi bağcanın müdiri Nigar Əmrahova qarşılayır. Deyir ki, əslində bura Məmmədəminin öz evi olmayıb:

- Bacısıgilin evidir. 1937-ci ildən uşaq bağçası kimi fəaliyyət göstərir.

- Bilmirsiniz, bura nə zaman inşa olunub?

- Ev haradasa 1889-cu illərdə inşa olunub. Qapılarına belə toxunulmayıb. Öz qapısıdır. Rəsulzadənin öz evi, daha doğrusu, ata mülkü kəndin aşağısında olub. Həmin ev isə indi yoxdur, uçub-dağılıb.

İcra nümayəndəsi Elnur Əliyev isə deyir ki, 1991-ci ildə Azərbaycan müstəqillik elan etdikdən sonra bura Məmməd Əmin Rəsulzadənin evi elan olundu.

Elnur müəllimlə bu kənddə Rəsulzadə irsinin qorunub –saxlanması ilə bağlı bir muzeyin yaradılmasına ehtiyac olduğunu deyirəm. Söyləyir ki, yüzilliklə əlaqədar olaraq məsələni gündəmdə saxlayırlar:

“Fikrimiz var ki, bağçanı başqa yerə köçürək. Burada Məmmədəmin Rəsulzadənin ev muzeyini yaradaq. Artıq aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq”.

 

“Rəsulzadənin qəbrinə buradan torpaq aparmaq üçün yola düşdülər...”

Rəsulzadənin həyətində, onun ayağının dəydiyi yerlərdə gəzişirik. Burada onun qohumlarının, onun haqqında danışacaq adamların olub-olmadığını soruşuram. İcra nümayəndəsi Elnur müəllim deyir ki, Rəsulzadəni sonuncu görən adam Yaqub kişi bir neçə il öncə 102 yaşında dünyasını dəyişib. Məmməd Əminin bacısı Yaqub kişinin qardaşı arvadı olub. Onun sözlərinə görə, Rəsulzadənin yaxın qohumları isə bir neçə gün əvvəl Türkiyəyə gediblər:

“Hardasa on-on beş nəfər buradan yola düşdü. Yüzilliklə bağlı qohumları, kənd ağsaqqalları Ankaraya getdilər. Buradan, Novxanıdan torpaq apardılar. Qəbrinin üstünə torpaq tökəcəkdilər. Qəbrindən də buraya torpaq gətirəcəklər. Məmməd Əmin Rəsulzadənin bacısının nəvəsi var. Gəncdir. Rəsulzadənin adını daşıyır. İndi təssüf ki, onlarla görüşə bilməyəcəyik”.

 

“Məmmədəminin bir nəvəsi də sağdır, Xırdalandadır...”

Kəndin kitabxanaçısı Lalə xanım Abuzərova ilə görüşürük. Lalə xanım uzun illər Məmməd Əmin Rəsulzadə və onun silahdaşları ilə bağlı araşdırmalar apardığını, Rəsulzadəni görən ağsaqqalları danışdırdığını deyir:

-On il əvvəllə qədər Məmmədəmin Rəsulzadəni tanıyan ağsaqqallar yaşayırdı. Sağ idilər. Biz o vaxt araşdırma aparan vaxt o qədər maraqlı məlumatlar əldə etdik ki...

-Nə kimi məlumatlar?

-Müharibə vaxtı bizim kənddən bir nəfər almanlara əsir düşür. Gedib görür ki, bütün novxanılılar bir yerdədir. Bir yerə yığılıblar. 1972-ci ildə Qərbi Almaniyada əsgərlik çəkən kənd cavanları həmin əsir düşmüş sakinlərimizlə rastlaşırlar. Onlardan biri bizim kənddən əsgər gedən cavanlara ad soyadını deyir. Həmin adam söyləyir ki, bütün novxanıları Rəsulzadə azad edib indi Fransada, Almaniyanın qərbində yaşayırlar. Ağadadaşov Balabəy kişi mənə bu barədə danışdı. Dedi ki, kəndə gələndən sonra Şahbala adlı həmin adamın ailəsinə xəbər verə bilmədim. Qorxdum ki, ailəsini incidərlər.

-İndi o ailə bilmir ki, ataları, babaları ölməyib?

Həmin ailəyə atalarının sağ olması ilə xəbəri bu yaxınlarda özüm verdim.

Lalə Abuzərova ilə sağollaşanda asta səslə pıçıldadığı söz bütün bədənimi silkələdi:

 

- Bilirsiniz, Məmmədəmin Rəsulzadənin sağ olan nəvəsi təkcə Rais müəllim deyil. Sara xanım da onun nəvəsidir və Xırdalanda yaşayır. Bir dəfə bu kəndə də gəlmişdi... Amma bizdən inciyib getdi...