• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SİYASƏT

Milli Qurtuluşumuz ...

  • 1264 dəfə
  • Tarix 12 İyun 2018 / 12:22
  • Lent.az

 

1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycan yeni əldə etdiyi azadlığı itirmək təhlükəsi ilə üzləşmişdi.  Bir tərəfdən daxili qüvvələrin separatçılıq meyilləri, digər tərəfdən isə əlverişli fürsətdən məharətlə istifadə edən erməni şovinistləri fəallaşmağa başladılar. Belə bir vəziyyətdə xalqın ayağa qalxmasından, Heydər Əliyevi siyasi rəhbərliyə gətirəcəyindən ehtiyat edən hakim qüvvələr hər vəchlə bu prosesə mane olmağa çalışırdılar. Heydər Əliyev şəxsiyyəti saxtalaşdırılır, onun imici pərdələnirdi. Xalq yaxşı başa düşürdü ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyevdir. 1993-cü ilin iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Onun bu möhtəşəm qayıdışı Vətənin xilası demək idi. Ulu Öndər dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin itirilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri seçildi. Bununla da sonralar Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq – Milli Qurtuluş gününün təməli qoyuldu.  Bəzi xarici müşahidəçilər, siyasətçilər Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Lakin çox keçmədən  bu fikirlərin yanlışlığı sübut olundu. İyun ayının 24-də Prezident Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə Prezident səlahiyyətlərini Heydər Əliyev həyata keçirməyə başladı. Oktyabrın 3-də keçirilən prezident seçkiləri nəticəsində isə ümummilli lider Heydər Əliyev səs çoxluğu ilə öz rəqiblərini arxada qoydu.  Beləliklə, Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində yeni bir mərhələ başlandı, milli inkişaf strategiyamızın əsası qoyuldu. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə  iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrünə keçməsi ilə tarixi nailiyyətlər qazandı. Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadimi olaraq xalqın inamını qazanmağa nail olmuşdu. O, bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.  

Artıq Milli Qurtuluş tariximizdən 25 il keçir. 25 il bir tarix kimi qısa səslənsə də, dövlətçiliyimiz və əldə etdiyimiz uğurlar baxımından heç də qısa bir dövr kimi xarakterizə olunmur. Azərbaycanın 25 il ərzində nail olduğu istər daxili, istərsə xarici uğurlar, ictimai ahəngdarlıq, imza atdığımız qlobal miqyaslı layihələr belə deməyimizə əsas verir. Əldə olunan hər bir nailiyyətimizin banisi, səbəbkarı Ulu Öndər olmuşdur.  Bugün Azərbaycanın qazandığı çoxşaxəli uğurların arxasında Heydər Əliyev tərəfindən əsası qoyulan gələcək perspektivləri də ehtiva edən milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir.

 

Nailə Məmmədova “Azerbaijan Realities”