• EUR  
  • USD  
  • RUB

SOSİAL

Dövlət Komitəsi qalmaqallı bağça ilə bağlı AÇIQLAMA VERDİ

  • 1129 dəfə
  • Tarix 13 İyun 2018 / 10:40
  • Yasəmən Bağırova

İyunun 11-də kütləvi informasiya vasitələrində “Kids Studio” bağçasının əməkdaşı tərəfindən həmin bağçada tərbiyə olunan azyaşlı uşağa qarşı zorakılıq, kobud rəftar əks olunan video görüntülər yayımlanmışdı.  

 

Lent.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hadisənin araşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlanıb. Verilən məlumata əsasən, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır və nəticələrdən asılı olaraq aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər görüləcək.

 

Komitə uşaqların hüquqlarının müdafiəsi və onlarla düzgün rəftar edilməsini təşviq edir və bu siyasətin reallaşması istiqamətində tədbirlər həyata keçirir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası əsas olmaqla Azərbaycanın qoşulduğu bütün digər beynəlxalq sənədlərdə, Uşaq hüquqlarına dair Azərbaycan Respublikasının qanununvericiliyində uşaqların mənafelərinin üstün tutulması prinsipi təsbit edilmişdir. Uşağa qarşı istənilən etinasızlıq, laqeyd münasibət, zorakılıq və qəddar davranış yolverilməzdir və bu cür hallar qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur.

 

“Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir.

 

Bu baxımdan həmin şəxslərdən peşəkarlıq və xüsusi hazırlıq tələb olunur. Komitə baş vermiş hadisə ilə bağlı mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasını və psixo-emosional vəziyyətlərinin araşdırılması istiqamətində işin gücləndirilməsini məqsədəuyğun hesab edir.