• EUR 2.0067  
  • USD 1.7  
  • RUB 0.0272

SOSİAL

“Paltarımı cırıb, saldılar məni erməninin yanına...” - Qadın zabitimiz döyüş xatirələrini danışır

  • 43198 dəfə
  • Tarix 13 İyun 2018 / 12:10
  • Xəyalə Muradlı

Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”

 

Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.

 

 

Layihəmizin növbəti qəhrəmanı - Müstəqil Azərbaycan ordusunun ilk qadın leytenantı, ehtiyatda olan zabit, II qrup Qarabağ əlili Xanımzər Həsənova öz döyüş təqvimini vərəqləyəcək.

 

 

Zaman: 1993-cü il yanvarın 19-dan 20-ə keçən gecə.

Məkan: Ağdamla Əsgəran arasında yerləşən Fərrux dağı.

 

... Dağın başı ağappaq qarla çoxdan örtülmüşdü. Soyuq, şaxta, sazaq adamı bıçaq kimi kəssə də, dağda döyüşlər səngimirdi. Batalyonlar növbəli şəkildə döyüşləri davam etdirirdilər. O gecə 141 saylı batalyonun döyüşçülərinə dağa hücum əmri verilir. Xanımzər ona əmanət olunan Azərbaycan bayrağını da özüylə götürür. Dağın başından asmaq üçün. Mövqelər tutulur, hücum başlayır, düşmənə zərbələr endirilir, bayraq asılır. Ermənilər əks-hücuma keçəndə isə vəziyyət dəyişir. Döyüşçülər pərən-pərən düşür. Bayrağı götürməyə macal olmur. Ancaq Xanımzər nəyin bahasına olur-olsun, geri qayıdıb, bayrağı götürmək qərarına gəlir. Bir neçə əsgərlə birlikdə yenidən dağa qalxır. Əsgərlərdən biri şəhid olur. Ermənilər hər cür texnikadan atəş açmağa davam edirlər. Amma heç bir atəş onu qorxuda bilmir. Böyük çətinliklə də olsa, bayrağımızı götürür, düşmənin ayaqları altında tapdanmasına, yandırılmasına, təhqir olunmasına imkan vermir... Və o bayrağı 25 ildir evində saxlayır. Yenidən aid olduğu zirvəyə sancmaq üçün...         

 

O yol bizim yolumuzdur

 

Təqvimdə 1992-ci ilin may ayıdır. Onu Qarabağa aparan yol bu tarixdən başlayır:

 

- Qarabağa gedən yol birinci növbədə hər kəsin ürəyindən keçməlidir. Ürək olmasa, o yol bağlıdır sənin üçün, sən o yolu nə seçə bilərsən, nə gedə. Mən Qarabağa 1992-ci il mayın 26-da getmişəm. O vaxta qədər də dəfələrlə getmək istəyirdim, amma heç cür qəti qərar verə bilmirdim. Biz Qərbi Azərbaycandanıq. 1988-ci ildə köçüb, Tərtərdə məskunlaşmışdıq. Müharibə başlayanda Gəncədə təhsil alırdım. Ölkədə, Qarabağda baş verən hadisələri televiziya, mətbuat vasitəsilə çox yaxından izləyirdim. Həmin ərəfədə xalam oğlu Əlövsət Şuşada döyüşürdü. Qardaşım oğlu Mehdi polis işçisi kimi növbəli şəkildə sərhəd bölgələrində keşik çəkir, döyüşlərə girirdi. Mən də qərar vermişdim ki, ailədən döyüş bölgəsinə gedən 3-cü adam olacam. Xalam oğlu məzuniyyət götürüb ailəsinə baş çəkmişdi, ordan da bizə qonaq gəlmişdi. Bu o ərəfələr idi ki, Marquşavan kəndində, indiki Şəhriyar qəsəbəsində bizim ordu ilə ermənilər arasında qızğın döyüşlər gedirdi. Əlövsətin bir UAZ-ı vardı. Qardaşımı da götürüb, gedib nə qədər yaralı, meyit daşıdılar. Axşam gəldilər bizə. Mən də onlarla görüşmək üçün Gəncədən evə gəlmişdim. Axşam söhbət eləyəndə dedim, ay Əlövsət, nolar məni də apar Şuşaya, mən də döyüşmək istəyirəm. Dedi, xalaqızı, qoy bu dəfə özüm gedim Şuşaya, söz verirəm, növbəti məzuniyyətdə, aprelin 20-si, uzağı 22-də gəlib, səni də aparacam. Söz verdiyi kimi, aprelin 20-si gəldi, amma özü yox, meyiti. 22-də Şəhidlər Xiyabanında dəfn olundu. Çox sarsıldım. Ondan sonra qəti qərara gəldim ki, özüm döyüşə getməliyəm.

 

May ayı idi. Bir gün gördüm, oxuduğum institutun yataqxanasına Kərkicahan kəndindən köçkün düşən insanları yerləşdirirlər. Şuşa işğal olunduğuna, batalyonlar buraxıldığına görə Şuşa batalyonunun tərkibində olan Kərkicahan bölüyünün uşaqlarına icazə vermişdilər ki, gedib ailələrini yerbəyer etsinlər. Onlara yaxınlaşıb xahiş elədim ki, gedəndə məni də özünüzlə aparın, mən də döyüşə getmək istəyirəm. Əvvəl bir mənə, bir də boy-buxunuma baxdılar. Balaca, arıq, zərif, 22 yaşlı tələbə hara, döyüş hara?! Düzdü, müharibə bizim bütün arzularımızı güllələdi, məhv elədi. Amma yenə də hardasa gənclik qaynarlığı vardı içimizdə. Dedim, siz mənim görkəmimə fikir verməyin, nə olacaq, necə olacaq, o, artıq mənə aiddi. Məni özünüzlə aparın. Nəsə, razılaşdılar. Ondan sonra gəlib evdə dedim ki, mən cəbhəyə gedirəm. Hər bir azərbaycanlı anası kimi, anam etiraz elədi – “yox, olmaz, nə deyərlər, nə danışarlar”. Atam, qardaşım, bacılarım - hamı mənə qarşı çıxdı. Dedim, mən sizdən icazə almağa gəlməmişəm. Sadəcə xəbər edirəm ki, gedəcəm. Çox çək-çevir elədilər. Axırda atam dedi, nə düşmüsüz uşağın üstünə, getmək istəyirsən, get, qızım, yolun açıq olsun, sağ-salamat. Ağladılar, sakitləşib oturdular. Beləliklə, qoşuldum Kərkicahan bölüyünün əsgərlərinə, mayın 26-da yola düşdük. O gün tələbəliyimin, gənclik arzularımın - hər şeyin üstünə bir qara pərdə çəkdim və bir də dönüb geriyə baxmadım...

 

İlk silah, ilk döyüş, ilk şəhid, ilk yara...

 

Təqvimdə 1992-ci ilin iyul ayıdır. 22 yaşlı Xanımzər 816 saylı Şuşa özünümüdafiə batalyonun tərkibindəki Kərkicahan bölüyünün əsgərləri ilə ilk dəfə döyüşə girir:

 

- Əvvəl “Salyanski” kazarmaya gəldik. 2 ay orda formalaşdıq, təlim keçdik. Silah-sursatla, geyimlə təmin olunmalıydıq ki, döyüş bölgəsinə gedək. 1992-ci il iyul ayı qərar verdilər ki, bizim batalyon Kəlbəcərə qalxmalıdır. Kolonla gəldik Kəlbəcər yoluna. O vaxt Murov yolu açıq idi. Kəlbəcər hələ bizdəydi. Kəlbəcərə keçməmiş əsgərlərlə dolu bir UAZ-ımız aşdı. İlk şəhidi orda gördüm. Qanla, ölümlə ilk dəfə orda üzləşdim. Sabirabaddan Vüqar adlı əsgər idi. “Qaz-66” maşınının kuzovla qoşqusu arasındakı yerdə əlində bayraq tutub oturmuşdu. Qəza zamanı maşının o iki hissəsinin arasında qalmışdı. Xeyli yaralımız vardı. Geri qayıdıb yaralıları xəstəxanalara yerləşdirdik və gəldik Kəlbəcərə. O vaxt nizami ordu yox idi, hərə özüyçün komandir idi, heç kim heç kimə tabe olmaq istəmirdi. Dəqiq bilmirəm səbəbini, orda komandirlər arasında nə söhbət oldusa, razılığa gələ bilmədilər və batalyon geri qayıtdı. Yenidən qayıtdıq Bakıya. 1 həftədən sonra bizi Ağdama apardılar. Əfətli kəndində məktəbdə yerləşdik.

 

Təqvimdə 1992-ci ilin avqust-sentyabr aylarıdır. Xanımzər yetərincə təlim, məşqlər keçib, silahı söküb-yığırdı, hədəfə atırdı. Amma öz şəxsi silahı yox idi. Ona şəxsi silahını ilk dəfə avqustun 29-da verdilər:

 

- 5-45 kalibrli avtomat Kalaşnikov idi. Elə sevinirdim ki, mənim də şəxsi silahım oldu deyə. Silahlarımızı verdilər ki, sökün, yığın, təmizləyin, əlinizə yatsın, sabah döyüşdü. Avqustun 30-u Ağdərənin Mehmanə kəndini azad etmək üçün döyüşə getdik. Bu, mənim ilk döyüşüm idi. Döyüş 3-4 gün davam etdi. Dəhşətli artilleriya atəşinə düşdük. Cəmi 1 yaralımız oldu - Natiq adında oğlan idi. Özü də düz yanımda yaralandı. Özümü elə göstərirdim ki, heç nədən qorxmuram, çəkinmirəm. Çünki birinci döyüşüm idi, özümü təsdiqləməliydim. Qorxu var idi təbii ki. Qorxu olmalıdır ki, müdafiə sistemin də işləsin. Sadəcə, büruzə verməməyə çalışırdım. İlk dəfə döyüşə gedəndə insan özünü itirir. Nə qədər təlim keçirsən-keç, reallıq tamam başqa bir şeydi. Amma çətini yanında bir mərmi partlayana kimidir. Ondan sonra həyəcan, ölüm qorxusu itir. Çox əziyyətlə, zülmlə ayın 2-si kəndi ermənilərdən aldıq. Hamı sevinirdi ki, bir yaralı ilə belə bir iş gördük. Amma qarşıda bizi başqa ağır döyüşlər gözləyirmiş. Sonra qalxdıq Çıldıran yüksəkliyinə, hücuma keçməliydik. Elə oldu ki, ermənilər əks hücuma keçdi. Bölük komandirimiz İslam Quliyev orda şəhid oldu. Mən də başımdan yaralandım. İnanın ki, nə vaxt, necə baş verdi bilmədim, xatırlamıram. Kimsə dedi ki, sənin bütün kürəyin qandı. Demək, güllə dəyib başıma, sümüyü götürüb aparıb, heç xəbərim də olmayıb. Döyüş elə bir nəsnədir ki, insan orda özünü unudur, ancaq qarşısındakını, yanındakını düşünür. Mənə kürəyin qandı deyəndən sonra əlim-ayağım əsməyə başladı. Ağrını onda hiss elədim. Bəlkə də deməsəydilər, heç bilməzdim. Başımı sarğı elədilər. Amma hospitalda yatmadım. Elə o vəziyyətdə döyüşlərdə iştirak edirdim yenə də.

 

Ölümlə üz-üzə

 

Təqvimdə sentyabrın 20-dir. Batalyona Qarakəndə hücum əmri verilib. Çox ağır döyüş keçir, hətta ermənilər əsgərlərimizi mühasirəyə alırlar:

 

- Səhər ertədən bizə dedilər hücuma keçirik, demə, hücum xarakterli yox, manevr xarakterli döyüş imiş. Qarakənd Qarabağ tarixində bizim ordu tərəfindən heç vaxt alınmayıb. Ora elə bir yerdir ki, dağ yoxdur, yalnız təpələr var və ora gedən yol düzənlikdən keçir. Orda bir buğda zəmisi vardı. İllərdi biçilmirdi, artıq kif atmışdı nəmişlikdən. O zəmiylə irəliləyirdik. Erməni bizi xeyli qabağa buraxdı. Demə, planları bizi yaxına gətirib atəşə tutmaq imiş. Çox güclü atışmaya düşdük. Bütün texnikalardan atırdılar. Nə irəli gedə bilirdik, nə geri çəkilə bilirdik. Qalmışdıq buğdalığın içində. Bir atəş də aça bilmirdik. Atsaq belə, hədəfə dəyməyəcəkdi. Hədər yerə patronu zay eləməyə dəyməzdi. Bizlə bərabər “Kötəl” batalyonunun da əsgərləri hücuma çıxmışdı. Komandir dedi, geri çəkilin, mövqelərimizi bir az möhkəmlədək, görək nə baş verir. Ağdamda üzüm bağları çoxdu. Orda suvarma kanalları, bir dənə də yarğan vardı. Düşdük yarğana. İki yoldan birini seçməliydik - ya yarğandan aşağı tullanmalıydıq, ya da çıxmalıydıq açıq sahəyə. Açıq sahəyə çıxanda birbaşa erməninin atəş nöqtəsinə çıxırıq. Yarğandan atlansaq, qolumuz-qıçımız sınacaq, erməni bizi gəlib tutacaq. Dedim bilirsiz nə var? Öləcəyiksə, elə kişi kimi ölək. Çıxaq açıq sahəyə. Birinci özüm çıxdım. Mən həmişə deyirəm, güllə mərmidən çıxanda artıq bilir kimin qismətidi, kimin üstünə gedir. 7 illik xidmətim ərzində mən buna tam əmin oldum. Bəzən kinolarda elə səhnələr görəndə deyirik, pah, necə oldu o güllənin biri ona dəymədi?! Eynən o cür səhnəydi. Güllə nədi, DŞK-dan atırdılar. İnanılmazdır, o gülləbaranın qarşısından azı 100 metrlik məsafəni necə qaçıb keçdimsə, heç nə olmadı, bir güllə də dəymədi. Ardımca qalan uşaqlar da çıxıb gəldilər. Kəmalə Qəhrəmanova da onların arasında idi. Biz elə əvvəldən döyüşlərə bir gedirdik. Kəmalə mənim orduda əlifbam olub. İndiyə qədər də dostluğumuz davam edir. Hamı bu tərəfə keçəndən sonra gördük ermənilərin BMP-si arxamıza keçdi, bizi saldılar mühasirəyə. Çarpaz atəş altında qalmışdıq. Yaralılarımız vardı. Biz hücuma piyada keçmişdik deyə düşündük ki, artıq sonumuz çatdı, mühasirədən çıxa bilməyəcəyik. Hamı bir-biriylə halallaşdı. Hamımızın üstündə bir F1 qumbarası olurdu. Sinəmizin üstündə gəzdirirdik. Dedik, birini saxlayıb, özümüzü partladarıq, qalanlarını da atarıq. Bölük komandirimiz Mərifət Alışov birtəhər əlaqəyə çıxdı ki, mühasirədə qalmışıq, çıxa bilmirik. Ondan sonra vertolyotlarımız qalxdılar, ermənilərin BMP-sini, texnikalarını, atəş nöqtələrini bombaladılar. Biz də yaralılarımızı götürüb mühasirədən çıxdıq. Yaralıları göndərdik hospitala, özümüz yenidən mövqe tutduq. Həmin axşam bizi göndərdilər Fərrux dağa. Orda neçə gün idi döyüş gedirdi, dəstələri dəyişmək lazım idi. Fərrux dağı elə bir dağdı ki, ora çıxmaq mümkün deyil, sıldırımdı. Yaxşı ki, heç olmasa ağaclar var, yoxsa çıxmaq qeyri-mümkün olar. Postlarımızı qurduq, gecəni qaldıq. Qəribə bir sükut çökmüşdü ortalığa. O sükut məni qorxudurdu, bilirdim sükutun arxasında bizi böyük döyüş gözləyir. Elə də oldu. Ağır döyüş keçdi. Elə bir vəziyyət yarandı ki, ermənilərlə bir-birimizə daş atırdıq. Yəni o qədər yaxın məsafədə idik ki, əlbəyaxa döyüşdən qaçırdıq. Şəhidlərimiz, itkilərimiz, yaralılarımız oldu. Kəmalə də yaralandı. Mərmi partladı yanında. İlqar Mirzəyev onu ordan çıxardı. Ondan sonra biz də çıxdıq. Çünki qalmaq çətin idi. Yol yox idi. Ermənilər arxadan Fərrux kəndindən dağa yol çəkmişdilər. İstədikləri texnikanı, silah-sursatı dağa qaldıra bilirdilər. Biz isə yalnız gücümüz çatanı. Arxadan da kömək gəlməyəndə, əlimizdəkiləri istifadə edib qurtarandan sonra məcbur olub geri qayıtdıq.

 

“Qoyma ölüm, məni həkimə çatdır”

 

Təqvimdə 1992-ci ilin noyabr ayıdır. Qərar çıxır ki, özünümüdafiə batalyonları ləğv olunub, briqadalara birləşdirilsin. 816 saylı Şuşa özünümüdafiə batalyonu da ləğv olunur. Xanımzər Həsənova və Kəmalə Qəhrəmanova döyüş yolunu başqa batalyonda davam etdirmək qərarına gəlirlər:

 

- Eşitdik ki, Seyfəli poliqonunda güclü ordu sistemi qurulur. Getdik ora. O vaxt elə idi ki, hər kəs qızları öz dəstəsinə götürmürdü. Çünki sənin necə döyüşdüyünü, məharətini bilmirdilər. Amma tanıyan adam olanda batalyona rahat yazılırdın. Xoşbəxtlikdən Mərifət Alışov orda batalyonların birində tabor komandirinin müavini idi. Beləcə, Kəmalə könüllülər, mən 141 saylı çağırışçıların batalyonuna düşdüm. Artıq kəşfiyyat tağımında xidmət edirdim. 2 ay Seyfəli poliqonunda yenidən güclü təlimlər keçirildi. Rəhim Qazıyevin, Surət Hüseynovun, ordu sistemindəki vəzifəli şəxslərin iştirakı ilə andiçmə mərasimi oldu. Batalyonlara döyüş bayraqları paylandı. Bizim taborun bayrağı isə mənə verildi. Bizi Ağdama gətirdilər. 1993-cü il yanvarın 19-dan 20-ə keçən gecə bizə yenidən Fərrux dağa hücum əmri verildi. Kəmalə də, mən də bayraqları götürdük ki, ordan asacağıq. Asdıq da. Az da olsa, bayrağımız o zirvədə dalğalandı. Ancaq ermənilərin əks hücumu başlayanda hərə bir tərəfə pərən-pərən düşdü, bayraq qaldı orda. Tabor komandirimiz İsmayıl İslamova dedim, bayrağımız qaldı orda, ermənilər götürüb tapdalayacaq, yandıracaq. Ölərəm, amma qoymaram orda qalsın. Nəyin bahasına olur-olsun bayrağı götürəcəm. 7-8 əsgər geri qayıtdıq. İsrail adında bir əsgərimiz şəhid oldu. Çətinliklə də olsa, bayrağı götürdüm. Və o bayraq indi də məndədir, evimdə saxlayıram. Çox adam onu məndən istədi. Hətta dedilər, muzeyə ver. Dedim, yox, o bayrağın yeri var, asılacağı yeri gözləyir...

 

Mən bayrağı götürəndən sonra tağım komandirim İlqar yaralandı. Snayperlə vurdular. Əslində mən ondan qabaqda idim. Mən kolun, o, ağacın altında oturmuşdu. Amma güllə mənə yox, ona dəydi. Gördük geri çəkilmək məcburiyyətindəyik. Dedim qayıdırıq, heç olmasa, yaralını götürüm qayıdım. İlqarı bir xeyli sürüdüm. Təsəvvür edin, qar, qış, soyuq, şaxta. Üstəlik neçə saatdı döyüş gedir, yorulmuşam, taqətdən də düşmüşəm artıq. Amma bir şeyi düşünürəm ki, yaralını mütləq çatdırmalıyam, ölməməlidir. Gördüm yox, daha sürüyə bilmirəm. Götürdüm silahlarımızı xizək kimi bir-birinə bağladım. İlqarı otuzdurdum qabaqda, özüm də arxada. Hamımızın üstündə yaranın qanaxmasını dayandırmaq üçün rezin jqut olurdu. Həmin jqutla onu özümə bağladım və dağdan üzüaşağı sürüşürük. Yara adətən yanğı verir adama. Amma yaralıya o anda su vermək olmaz. İlqar qar yemək istəyirdi. Qarı götürüb eləcə sürtürdüm dodaqlarına. O vaxt təzə oğlu olmuşdu, heç üzünü görməmişdi. Yalvarırdı ki, ölmək istəmirəm, qoyma ölüm, məni həkimə çatdır. Yaxşı ki, düzgün istiqamət seçdik, gəlib çatdıq Xaçınçaya. Orda maraqlı bir hadisə yadıma düşdü. Deməli, öncəki gecə döyüşə gedəndə elə Xaçınçaydan keçmişdik. Uşaqların rezin çəkmələri vardı, mənim yoxum idi. İlqar dedi, gəl, min belimə, səni çaydan keçirim, ayaqların donmasın. Mindim belinə, məni çaydan keçirdi. Çayın ortasında dedim, İlqar, sabah kim kimin belində bu çaydan keçəcək, onu allah bilir. Elə dediyim kimi də oldu...

 

İndi mən ilqarı bu çaydan keçirməliyəm. Ağırdı axı, heyim də kəsilib. Amma birtəhər İlqarı aldım belimə. Təbii ki, arxadan ermənilər atır. Çayın içinə taxta, daş atmışdılar ki, ayağımızı qoyub keçək. Mən ayağımı taxtaya qoymaqla ermənilərin mərmisinin çaya düşməyi bir oldu, ikimiz də yıxıldıq çaya. Birtəhər İlqarı sürüyüb çaydan çıxardım. Ondan sonra əsgərlərimiz gəlib kömək elədilər. Tibb bacısı Məleykə Əhmədova mənə quru paltar verdi, dəyişdim, sobanın yanında qızındım, yenidən qayıtdım geriyə. Həmin gecə Fərrux dağda qaldıq. Gecə saat 1-2 arası dedilər düşün. Uğursuz əməliyyat oldu. Bir neçə gün sonra Yeddixırman kəndindən yenidən Fərrux dağa qalxdıq. Həddindən artıq çox itkimiz oldu. Nişanlı Elçinimiz şəhid oldu. Mərifət ağır yaralandı, sonra şəhid oldu.

 

Onda hərbi hissələr tikilməmişdi. Ağdamın Paşabəyli kəndində məktəbdə qalırdıq. Bizim tağım idman zalında yerləşmişdi. Yataq yox idi təbii ki. Elə paltarlı yataq kisənin içinə girib yatırdıq. Amma ən xoşbəxt günümüz orda keçib, çünki hamam görmüşük. Hamam düz məktəbin yanındaydı. İstədiyimiz vaxt yuyunurduq. Yeməyimiz də olurdu. Onu deyim ki, saçlarımızı daim qısa saxlayırdıq. Həm yuyub təmizləyə bilmirdik, həm də nə qədərə diqqət cəlb etməsən, o qədər yaxşıydı. Kişi dəlləyinə gedirdik, kant qoydururduq. Çalışırdıq qıza oxşamayaq. Uşaqlar bizə ləqəb qoymuşdular. Mənə Qəzənfər əmi, Kəmaləyə Qəqəni, Aliyəyə Bəxtiyar deyirdilər. Gah “Atos, Partos, Aramis”, gah “Müqəddəs üçlük”, - deyə çağırırdılar. Sonra bizi ordan çıxarıb apardılar Şelli kəndinin bu tərəfinə. Xramort kəndində postda dururduq. Müdafiə bizə tapşırılmışdı. Təsəvvür edin, bir kənddə tövlədə biz otururduq, məktəbdə ermənilər. Eyni bulaqdan su götürürdük. Elə bir vəziyyət yaranmışdı ki, bizim suya gedənimizi onlar vurmurdu, onların suya gedənini biz. Fevral ayında qərargah rəisimiz Cavanşir bizim kəşfiyyat tağımını götürdü ki, döyüşə girməliyik. Birinci özü çıxdı, ermənilər bunu vurdu. Çıxmağımız mümkün olmadı. Onun meyitini əziyyətlə çıxardıq. Mahir sürünə-sürünə gedib, simlə meyiti üstünə bağladı, onları birlikdə sürüyüb çıxardıq. Güllələr meyitə dəyirdi. Orda mən də başımdan, qolumdan, ayağımdan qəlpə yaraları aldım. Onda özümü itirdim, gözümü açanda gördüm hospitaldayam. Sağalandan sonra yenidən döyüşə qayıtdım. Amma həmin batalyonda yox.

 

“Ay duman, gəl get bu dağlardan...”

 

Təqvimdə 1993-cü ilin yaz aylarıdır. Xanımzər, Kəmalə, Aliyə və Fəxri Murovda - 701 saylı hərbi hissədə xidmətlərini davam etdirirlər:

 

- Mən ermənicə danışa bilirdim deyə üçümüzü də kəşfiyyat dəstəsinə götürdülər. Artıq Kəlbəcər alınmışdı. Mövqelərimiz Murovun bu bir tərəfində idi. Bizim komandirimiz çox mərd, əsl vətən oğlu Rəhman İsgəndərov idi. İlk dəfə “komandir” kimi ona müraciət etmişəm. Bizə çox güclü təlim keçdi. Bölüyə Bəhruz, Zülfü, Mehbalı kimi oğullar yığışdı. Əsl kəşfiyyat başladı. Günlərlə erməninin içində qalırdıq. Gedirdik tapşırıqları yerinə yetirib, məlumat toplayıb qayıdırdıq. Bələdçimiz Aslanov Sahib bizi elə yerlərlə aparırdı ki, gedib, geri qayıda bilirdik. Bir dəfə 8 nəfərdən ibarət qrupla kəşfiyyata getdik. Məlum nöqtəyə çatandan sonra iki - 5 və 3 nəfərlik dəstəyə ayrıldıq. Mən, Kəmalə və Əhliman bir dəstədəydik. Razılaşdıq ki, biz sağa, onlar sola getsin və hansı dəstə təyin olunmuş saatda gəlməsə, o biri dəstə gözləməyib getsin. Çünki orda qalmaq ölüm demək idi. İşimizi gördük, məlumatları topladıq və qayıtdıq. Görüş axşam saat 9-a təyin olunmuşdu. Saat 12 oldu, o biri dəstə gəlib çıxmadı. Qoyub gedə də bilmirik onları. Axır qərara gəldik ki, geri qayıdaq, bir az yuxarıda mövqe tutaq, gəlməsələr, bizimkilərə məlumat verək. Artıq 4 gün idi getmişdik. Oturduğumuz yerdən 10 metr aralanmamışdıq ki, gördük 8-9 erməni gəlir. Bizi görmüşdülər. Bilənlər bilir ki, Murov dağı, Koroğlu dağı çılpaq dağlardı. Qəfildən, heç gözlənilmədən dağa bir qatı duman gəldi. Təsəvvür edin, bir-birimizi görmürük, üçümüz də əl-ələ tutub, oturduq qayanın altında. Qumbaraları hazır tutmuşuq ki, ikisiylə onları, birilə özümüzü partladacağıq. Ermənilər biz oturan qayanın altından keçdilər. Deyinirdilər ki, indicə burdaydılar, hara yoxa çıxdılar, söyə-söyə keçib getdilər. Əsl qorxunu mən onda hiss elədim. Duman olmasaydı, əllərini atıb götürərdilər. Ürəyim elə döyünürdü ki, eşidirdim. Elə bilirdim hamı eşidir o döyüntüləri. Ermənilər keçib gedəndən sonra ordan çıxdıq. Və biz dağın təpəsinə çatanda duman çəkildi. Bu, sadəcə bir möcüzəydi. Kəmalənin qəşəng səsi vardı, başladı oxumağa ki, “ay duman, gəl-get bu dağlardan, dağlar təzə bar eyləsin...” Ora da elə bir yer idi, gərək bir-bir keçəsən. İki nəfər yan-yana keçə bilməz. Bu tərəfə keçən kimi başladıq ermənilərə söyməyə, fitə basırıq, qışqırırıq ki, ay erməni, gəl bəri, hünərin çatır gəl bəri. Təbii ki, gəlmədilər. Bilirdilər ki, gələni vuracağıq. Həmin gün axşama kimi o biri dəstəni gözlədik. Ehtimalımız düz çıxdı, erməni kəşfiyyatıyla üzləşib, yollarını dəyişəsi olublar. Başqa yolla gəlib çıxdılar. Koroğlu dağının başında görüşdük. Elə sevinirdik ki, sağ-salamat qayıtmışdılar. Başlarına bir iş gəlsəydi, şəhid olsaydılar, çox pis olardıq.

 

Ümumiyyətlə, ölüm, itki adama çox pis təsir edir. Xüsusən də döyüş yoldaşının ölümü insanı lap sarsıdır. Elə şəhidlərimiz vardı ki, onların ölümü mənə daha pis təsir elədi. Ramiz, İlkin, Əhliman üçü bir gündə vurulmuşdu. Şəhid olmamışdan bir gün əvvəl hərbi hissədən qaçıb kinoya getmişdik deyə, bizi cəza kimi mətbəxə göndərmişdilər. Kartof soyurduq, onda söhbət eləyəndə bildim ki, İlkinin əkiz bacısı varmış. Soruşdum düz deyirlər ki, əkizlər bir-birinin ağrısını hiss eləyir? Dedi, mənim hətta dişim ağrıyanda bacım onu hiss edir. Səhərisi biz kəndə düşmüşdük. Həmin vaxt ermənilər postumuza atəş atmağa başlayıblar. Orda şəhid oldu. Özümü onun bacısının yerinə qoydum. Dedim görəsən ona güllə dəyəndə bacısı nə ağrı yaşayıb, hansı hissləri keçirib. Ramizin ölümü isə məni hamıdan çox sarsıtdı. Yaralı ola-ola silahını atmamışdı. Silahını da götürüb səngərdən xeyli sürünmüşdü. Gəlib ağaca söykənmişdi. Silahı qoluna dolamışdı, otu, torpağı dırnağıyla cırmaqlamışdı. O vəziyyətdə son nəfəsini vermişdi. Üzündə bir ağrı, əzab ifadəsi vardı ki... Atam, xalam oğlu, bacımın, qardaşımın oğulları rəhmətə gedib. Onların heç birinin yasında ağzıma söz alıb ağlamamışam. Amma Ramizin yasında başının üstündə oturub ağı dedim. Görəsən öləndə nə hiss keçirmişdi ki, üzündə o əzab vardı?! Fərrux dağındakı döyüşdə Yevlaxdan Mübarizi vurdular. Beyni tökülürdü, əlimə axırdı, amma dili danışırdı, deyirdi, ölmək istəmirəm, qoyma ölüm. Heç nə eləyə bilmədim. Dəhşətli mənzərə idi. Bu hadisələrin heç birini unutmaq olmaz.

 

Xanımzər erməni əsiri rolunda...

 

Təqvimdə 1994-cü ilin qışıdır. Kəlbəcərin işğaldan azad olunması istiqamətində növbəti əməliyyat keçirilir. O döyüşlərdə üç xanım döyüşçü də iştirak edirdi.

 

- 14 kəndi ermənilərdən geri aldıq. Çox itkilər verdik. Amma çıxanda ermənilər bizi təzədən mühasirəyə saldı. Rəhman müəllim dedi, siz 3 qız burdan çıxmalısınız. Elə ağlayırdıq ki, getmirik. Gecəni qaldıq, çıxmadıq. Səhər Rəhman müəllim gördü getməmişik, bizi qatdı qabağına Murovun yarısına kimi gətirdi. Ağlaya-ağlaya yola saldı. Qorxurdular ki, birdən əsir düşərik. Həmin gün Murov yolu bağlandı, erməni arxanı kəsdi, briqada qaldı mühasirədə. Birtəhər Daşkəsən yolu ilə çıxdılar. Amma nə qədər meyitlərimiz qaldı orda. Hələ biz Murovdan çıxanda mənzərə dəhşət idi. Əsgərlər dəstə-dəstə qucaqlaşıb, donub ölmüşdülər. Yaralını sürüyüb aparırdılar, harda ölürdüsə, orda qoyurdular, gətirmək olmurdu. Fevralda çıxdıq Kəlbəcərdən. Təzədən briqadanı Seyfəli poliqonuna gətirdilər, yenidən formalaşdı. Briqada komandiri dəyişdirildi - general Yaşar Aydəmirov gəldi. Bizi Füzuliyə apardılar. Ağır döyüşlər getdi. Aşağı Əbdürrəhmanlı kəndinə kimi irəlilədik. Füzulidən sonra yenidən Ağdama gətirdilər.

 

Bir döyüş də olmuşdu. Biz iştirak eləməmişdik, amma bölüyün uşaqları kəşfiyyata gedəndə atəş altına düşmüşdülər. İkisinin meyiti orda qalmışdı – İslam və İlhamın. Atəşkəsdən 2 gün əvvəl kəşfiyyata getdik ki, meyitləri ordan çıxaraq. Üzüm bağında bir cərgəylə biz gedirik. Ermənilərin də kəşfiyyat dəstəsi biz tərəfə keçib. Çox yaxın məsafədəyik. Bir-birimizi görürük. Heç kim danışmır. Kimsə danışsa, kimliyi dərhal bilinəcək, qalmışıq pis vəziyyətdə. Qabaqda mən durmuşam, axırda Aliyə. Bir-birimizə işarə elədik ki, arxadan çıxın. Bizə də təzə əsgər vermişdilər. Əvvəldən dedim, bu, ağır əməliyyatdı, getməsin bizimlə. Dedilər, yox, indi getməyib nə vaxt gedəcək. Aliyəyə işarə elədim ki, ona erməniylə üz-üzə olduğumuzu bildirmə, çıxart burdan. Aliyə onu yavaş-yavaş aparanda soruşub niyə çıxırıq, o da deyib erməniylə üz-üzəydik ona görə. Oğlan qışqıranda ermənilər bildi ki, azərbaycanlıyıq. Mən sizə necə döyüş səhnəsi deyim ki, təsəvvür edəsiniz?! Elə atəş açırdılar ki, üzüm beton dayaqları qırılıb tökülürdü başımıza. Yerimirdik, iməkləyirdik. Bir tərəfdən tikan, bir tərəfdən güllədən başımızı qaldıra bilmirik. O gecə səhərə kimi ermənilərlə gizlənqaç oynadıq sanki, nə qədər elədik girə bilmədik, meyitlər orda qaldı. Qayıtdıq geri. Onda Təzəkənddə qalırdıq. Təzəcə uzanmışdım ki, dedilər briqada komandiri səni çağırır. Demə, həmin dəstədən bir erməni azıb, keçib biz tərəfə. Onu tutub gətirmişdilər. Dedilər səni bu erməniylə görüşdürəcəyik, guya sən də erməni qızısan, Murovda əsir düşmüsən. Nə qədər danışdırırıq, bizə heç nə demir. Əynimdə qara jilet vardı. Ayağıma cırıq şəpit geyindirdilər, paltarımı bir neçə yerdən cırdılar. Baş-göz onsuz da pis gündəydi. Məni erməninin qarşısına çıxardılar. Azərbaycan dilində çox təmiz danışırdı, amma biz ermənicə danışdıq. Söhbət eləməyə başladıq. 39 yaşında Arşavir adında erməniydi. Əvvəl Bakıda yaşayıb, sonra Xankəndinə köçüb. Dedim Araratdanam, ailədə 12 uşağıq. Adımı soruşanda “Fəryad” kinosu yadıma düşdü. Dedim adım Arşalyusdu. Gətirdilər buna çörək-pendir verdilər. Soruşdu acsan, dedim hə. Dırnaqları, əlləri qap-qara kir idi. İyrənsəm də, məcbur yedim o çörəyi, tökülən qırıntıları da barmağımla qoydum ağzıma. Dedim, məni incidirlər burda, ac qalıram. Boynumu qucaqlayıb ağlamağa başladı. O, ağlayır, mən ağlayıram. Bir anda özümü onların əsirliyində hiss elədim, o anı yaşadım, həyəcanlandım. Həyəcandan bədənim tir-tir əsirdi. Soruşdu qorxursan? Dedim yox, üşüyürəm. Dedi narahat olma, mənə söz veriblər ki, burdan çıxaracaqlar, dəyişəcəklər. Nə yolla olur-olsun gəlib, səni burdan xilas edəcəm. Neçə azərbaycanlı istəsələr, verib alacam. Dedilər hə, nə deyirsən, xəritəni gətirək, yoxsa Arşalyusu qoyaq ortalığa? Əlimdən tutub bərk-bərk saxladı ki, bircə buna dəyməyin. Xəritəni gətirdilər. Nə lazımdı dedi. Xüsusi kəşfiyyatın üzvü imiş. Bunu saxladıqları zirzəmiyə aparanda dedi, sizdən xahişim var. Qoyun qız 15 dəqiqə mənimlə orda otursun. Təsəvvür edirsiz halımı? Elə bir qorxuyla bizimkilərə baxdım. Dedilər, durma, get. Bəlkə də istəyib məni orda boğsun ki, əsirlikdə əziyyət çəkməkdənsə qoy ölsün.

 

Müstəqil Azərbaycan ordusunun ilk qadın leytenantı

 

Təqvimdə 1994-cü ilin may ayıdır. Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş - "Bişkek protokolu" qüvvəyə minib.

 

- Atəşkəs dövründə də bir neçə əməliyyatda iştirak etdik. 190 saylı hərbi hissənin tankını vurmuşdular, içində meyitlərimiz qalmışdı. Komandir bizi çağırıb dedi, gedin çıxarın meyitləri. 3 qız və oğlanlar getdik. Tankın içinə Kəmalə girdi, meyitlər yanıb yapışmışdılar. Birtəhər çıxardıq. Tank işlək vəziyyətdəydi deyə səhərisi gedib tankı da çıxardıq.

 

O vaxt bizim yaxşı komandirlərimiz vardı. Yaşar Aydəmirov, İntiqam Mirzəyev, zampalit Qorxmaz Qarayev, qərargah rəisi Elşən dedilər, bu qızları göndərək oxumağa. Xeyli əziyyət çəkiblər, ortada qalmasınlar. Əllərində sənəd olmasa, ordudan tərxis eləyəcəklər. O vaxt Bakı Ali Hərbi Dənizçilik Məktəbinin nəzdində zabit hazırlayan kurslar vardı. Bizi - 3 qız və 2 oğlanı ora göndərdilər. 92 nəfər şəxsi heyətdən 3-ə birbaşa leytenant rütbəsi verildi. Onlardan biri mən idim. Qalanlara kiçik leytenant rütbəsi verildi. Təyinatla məni Müdafiə Nazirliyinin şəxsi heyətlə iş idarəsində təbliğat-təşviqat şöbəsinə müdir göndərdilər. Gündə ağlaşma qururdum ki, məni cəbhəyə göndərin, ətək geyinə bilmirəm, şalvar geyinmək istəyirəm. 1996-cı ilin aprelində 922 saylı hərbi hissəyə göndərdilər. Briqada Qobuda yerləşirdi. Yenə dedim döyüş bölgəsinə istəyirəm. Gənc əsgərlər verdilər mənə. Onları hazırladım və getdik Tərtərə. Orda həyat yoldaşımla tanış oldum. Vadim onda artilleriya kəşfiyyat diviziyasının stansiya rəisi idi. Gizir kimi xidmət edirdi. Mən isə batareya komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini idim. Demək, qismətim bu imiş. O boyda oddan, alovdan, müharibədən çıxıb orda görüşdük. Amma 2001-ci ildə ailə qurduq. Niyə belə gec? Həm ailə qurmağa qorxurduq ki, birdən müharibə başlayar, övladımız olar, döyüşdən kənar qalarıq. Həm də hərbçi xanımlar daha seçici olurlar. Hər insan hərbçi xanımla ailə qura bilməz. Hər qurulan ailəni də davam etdirə bilməz. İndi hərbçi qızlara yaxşı şərait yaradılıb, yaxşı hörmət var. Bizim vaxtımızda elə deyildi. Kənar münasibətlər, xoşagəlməz fikirlər olurdu. Qulağımız eşidə-eşidə deyirdilər ki, allah bilir hardan gəlib, nə iş görüb orda. Allah şahiddir ki, biz orda alnı açıq döyüşmüşük. Və mən həmişə deyirəm - həyat yoldaşım mənim üçün tanrının mükafatıdı. Övladlarım isə mənim general poqonumdu.

 

Son söz əvəzi

 

- Yuxuda tez-tez özümü hərbi formada, döyüşlərdə görürəm. Nə deməkdi bilmirəm. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhidlik zirvəsi hər kəsə nəsib olmur. Şəhidlərimiz seçilmiş insanlar olduğu kimi, müharibədən sağ qayıdan insanlar da seçilmiş insanlardır. Müharibəyə getmək qəhrəmanlıqdırsa, sağ qalmaq ikiqat qəhrəmanlıqdı. Bizi allah yaşadıb. Niyə? Deməli, bizim missiyamız hələ bitməyib, görəcək işimiz qalıb. Bilmirəm bu hansı işdi. Nə üçün sağ qalmışam bilmirəm. Yaşayıb görəcəyik. Amma bu gün mən anayam. İstəmərəm övladım müharibə görsün. Mən yaşadığım ağrı-acını, həyəcanı, soyuğu, çətinliyi o da yaşasın. Müharibə olarsa da, hamımız bir nəfər kimi varıq. Olacaqsa, bu gün olsun, sabaha qalmasın. Bu gün ərlərimizdən keçməsək, sabah övladlarımızdan keçməyə məcbur olacağıq. Qoy, elə bu gün özümüzdən keçək.

 

... Fərrux dağına asdığı bayrağı 25 ildir evində saxlayır. Heç kimə vermir, vermək fikri də yoxdur. Deyir, bayraq torpağa basdırılmaz, yoxsa deyərəm mən ölənə kimi Qarabağ geri alınmasa, o bayrağı mənimlə birgə torpağa basdırın. Amma bayrağın yeri torpağın altı yox, üstüdür, yüksəkdə dalğalanmalıdır. Ona görə də o bayrağı oğluna-qızına vəsiyyət edib. Onu aid olduğu yerə asmaq özünə qismət olmasa, vəsiyyətini övladları yerinə yetirəcək. Torpaqlarımız geri alınacaq, bayrağımız da ən uca zirvədə dalğalanacaq.

 

Məkan: Ağdamla Əsgəran arasında yerləşən Fərrux dağı. Dağın zirvəsində Azərbaycanın üç rəngli bayrağı dalğalanır.

 

Zaman: ...