• EUR 1.9745  
  • USD 1.7  
  • RUB 0.0267

SOSİAL

İslam dininin Azərbaycan modeli ...

  • 381 dəfə
  • Tarix 14 İyun 2018 / 10:32
  • Lent.az

 

Azərbaycan müasir, dünyəvi dövlətdir. Eyni zamanda, öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqəddəs Ramazan ayı hər zaman Azərbaycan xalqının qəlbində yaşamış, müstəqillik əldə etdikdən sonra isə rəsmi bayram kimi qeyd edilməyə başlamışdı.  Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Ramazan bayramı hər il dövlət səviyyəsində qeyd olunur.

Azərbaycan  o azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür. Respublikamız İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Təsadüfi deyildir ki, Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Bu il isə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtıdır. Ötən il 12-22 may tarixlərində baş tutan IV İslam Həmrəyliyi Oyunları ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı. İslam Həmrəyliyi Oyunları birlik, qardaşlıq və dostluq oyunları oldu. Bu yarışlar sülhün, əmin-amanlığın, həmrəyliyin möhkəmlənməsi üçün dünyaya bir çağırış idi. Yarışın əsas şüarı da “Gücümüz həmrəylikdədir” seçilmişdi.

Hazırda Azərbaycanda məscidlərin sayı 2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Dünyanın ən qədim məscidlərindən biri – 743-cü ildə tikilmiş Şamaxı Cümə Məscidi Azərbaycanda yerləşir. Dövlətin İslam dini dəyərlərinə qayğısı nəticəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuşdur. Bakıda Cənubi Qafqazın ən böyük məbədi Heydər məscidi inşa edilmişdir. Məhz Heydər məscidi dünyada ilk dəfə olaraq şiə və sünni müsəlmanların bir yerdə qıldığı vəhdət namazına ev sahibliyi etmişdir. 2016-cı il "Multikulturalizm ili" çərçivəsində 15 yanvar tarixində məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər. Həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi ölkəmizdə dövlət tərəfindən həyata keçirilən tolerantlıq və multikulturalizm siyasətinin nəticəsidir. Bu onu deməyə əsas verir ki, İslam dininin Azərbaycan modeli İslamın mahiyyətini, məramını bütün dünyaya açıqlayan ən mükəmməl  örnəyə çevriləcək.

 Keçən il Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib, bu il isə Hacı Cavad məscidinin yeni binası tikilib istifadəyə verilibdir. 6 iyun tarixində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində çıxış edən prezident İlham Əliyev XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş İmam Hüseyn məscidinin də açılışa hazır olduğunu bəyan etdi. Lakin acı həqiqətdir ki, işğal altında olan torpaqlarımızda yüzlərlə dini obyektlərimiz  erməni vandalizminin qurbanı olmuş, xüsusi təhqir obyektinə çevrilmişdir. İndiki Ermənistan ərazisində olan Azərbaycana məxsus tarixi və mədəni irsimiz də eyni aqibəti yaşamışdır. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “yenidən təmir edilib”. XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, Sərdar məscidi də sistemli dağıntıya məruz qalmış və 2014-cü ildə tamamilə məhv edilmişdir.

Ənənəvi olaraq hər il Prezident İlham Əliyev  Ramazan ayında müsəlman ölkələrinin səfirləri ilə görüşür, iftar mərasimində iştirak edir. Bundan başqa Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda Ramazan ayı münasibətilə bayram sovqatları  təqdim edilir, Fondun vitse-prezidenti Leyla Əliyevanın adından isə Moskvada iftar verilir. 6 iyun tarixində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində iştirak edən Prezident İlham Əliyev öz çıxışında Azərbaycanda mövcud olan dövlət-din münasibətlərinin mükəmməlliyinə toxundu. Dövlət başçısı bildirdi  ki, bu gün Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur və Azərbaycan multikulturalizmin mərkəzi kimi artıq dünyada özünü təsdiqləyib. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha Azərbaycanda dini siyasətin çox düşünülmüş şəkildə aparıldığını və Azərbaycan xalqının maraqlarına cavab verdiyini sübut edir. Prezident Azərbaycanın bir çox sahələrdə olduğu kimi dini məsələlərin həlli işində də yeni davranış formatını təqdim etdiyini bildirdi. Budur Azərbaycanda mövcud sabitliyin, tolerantlığın səbəbi ...

Qarşıdan gələn bu bayramın bütün İslam aləminə xeyirlərə və maddi-mənəvi inkişafa vəsilə olmasını diləyirik. Daha neçə gözəl bayramlara çatmaq diləyilə! Bayramınız mübarək!

 

Nailə Məmmədova “Azerbaijan Realities”