• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Şamaxıda sel və torpaq sürüşməsi fəsadlar törətdi

  • 1149 dəfə
  • Tarix 15 İyun 2018 / 20:46
  • Lent.az

Şamaxının daha bir kəndində torpaq sürüşməsi baş verib, sel suları əhaliyə ziyan vurub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxının Zaradxeybəri kəndində baş verən sürüşmə nəticəsində yaşayış məntəqəsinin əsas yolu üzərindəki avtomobil körpüsü dağılıb, əhalinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

 

Kənd sakinləri Balaşirin Ağayev, Röyal Kərimov, Xatəm Eyvazov, Seyidəzim Rəhimov, Səyahət Əsgərov APA-nın yerli bürosuna bildirib ki, son bir ay ərzində intensiv yağan  yağışlar nəticəsində dağlardan gələn sel suları Zaradxeybəri kəndində fəsadlar törədib. Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus əkin sahələri suyun altında qalıb. Eyni zamanda yağışlardan sonra kəndin əsas avtomobil yolunda torpaq sürüşməsi baş verib. Rayon mərkəzindən 40 kilometr şimalda yerləşən və Şamaxı ən ucqar dağ  kəndi olan Zaradxeybəri kəndinin avtomobil yolunun 3 hissəsində baş verən torpaq sürüşməsi nəticəsində iri yarğanlar əmələ gəlib. Bəzi yerlərdə yarğanların dərinliyi 2 metrə çatır. Elə bu səbəbdən kəndə gediş-gəliş tamamilə məhdudlaşıb.

 

Rayon mərkəzinə getmək istəyən kənd sakinlərinin avtomobilləri sürüşmə ərazisində palçığa bataraq yolda qalıb. Kəndin çıxışında batıb qalan avtomobillər sakinlər tərəfindən çıxarılıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub. Körpünün su ötürücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb. Kəndə gəlmək istəyən qonaqlar və kənd sakinləri  saatlarla yolda gözləməli olublar Kənd sakinlərinin sözlərinə görə  hər il belə güclü leysan yağışları yağanda kəndin yolu bağlanır və nəticədə günlərlə rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilir. Kənd sakinləri tərəfindən Şamaxı rayonun icra hakimiyyətinə məlumat verilib. İcra hakimiyyəti tərəfindən kəndə ağır texnikalar və canlı qüvvə göndərilib,  körpünün bərpasına başlanılıb.