• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

İDMAN

Bakıda polo üzrə Dünya Kubokuna start verildi

  • 913 dəfə
  • Tarix 15 İyun 2018 / 20:17
  • Lent.az

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində sonuncu yarışa – polo üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunan yarışa ölkəmizlə yanaşı, Hindistan, Almaniya və İrlandiya klubları qatılıblar.

 

3 gün davam edəcək turnirdə “Elite Horse & Polo Club” (“PaşaBank”), “İndian Polo & Riding Club New Delhi” (“Bot”, Hindistan), “Polo Club Wicklow” (“Palladium”, İrlandiya) və “Rhein Polo Club Düsseldorf” (“Altun 97”, Almaniya) komandaları mübarizə aparır.

 

Dünya Kubokunun oyunlarından öncə rəsmi açılış mərasimi təşkil olunub. Mərasimdə çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev iştirakçıları və azarkeşləri salamladıqdan sonra turnir haqda ətraflı məlumat verib. O bildirib ki, bir sıra mötəbər yarışlara ev sahibliyi edən Azərbaycan idman ölkəsi kimi tanınır: "Bu, federasiyamız tərəfindən təşkil olunan arena polo üzrə VI Dünya Kubokudu. 2005-ci ildə Avropa çempionatına ev sahibliyi etmişik. I Dünya Kubokundakı qələbəmiz ölkə atçılığının qələbəsi kimi dəyərləndirildi. Cənab prezidentimiz İlham Əliyevin bu qələbəni yüksək qiymətləndirməsi məsuliyyətimizi daha artırıb".

 

Federasiya rəhbəri ölkəmizdə atçılıq idmanının inkişafından da danışıb. O, 2018-ci ilin sentyabrında İtaliyada baş tutacaq Avropa çempionatında yığmamızın ölkəmizi layiqincə təmsil edəcəyinə əminlik ifadə edib.

 

Quliyev mayda Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan tədbirdə “Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqramı da xatırladıb. O bildirib ki, əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” ritm qrupunun müşaiyəti altında Qarabağ atlarının belində möhtəşəm igidlik hərəkətləri icra edilib.

 

ARAF prezidenti tezliklə atçılıq idmanı üzrə yarışları Şuşada keçirəcəyimizi deyib: “Azərbaycan prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qarabağda tezliklə zəfər çalacağıq və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirləri Şuşada – Cıdır düzündə təşkil ediləcəyik”. O, çıxışını bitirdikdən sonra yarışı açıq elan edib. Azərbaycan himninin ardından oyunlara start verilib.

 

Bakıda VI dəfə keçirilən Dünya Kubokunun açılış oyununda “Elite Horse & Polo Club” (“PaşaBank”) və “İndian Polo & Riding Club New Delhi” (“Bot”) qüvvəsini sınayıb. Qonaqlar reytinqdə təmsilçimizdən üstün olduqları üçün matça 0,5 xal irəlidə başlayıblar. Lakin hindistanlıların öndə olması çox çəkməyib. Ardıcıl hücumlar quran “PaşaBank” hesabı açıb. Rəqib isə qola qolla cavab verib. Onların 1,5:1 hesabı ilə irəli keçdikdən sonra penaltidən yararlana bilməməsi xeyrimizə işləyib. Komandamız ikinci hissədə ardıcıl 4 qolla üstünlüyü 3,5-ə çatdırıb.

 

Üçüncü 6 dəqiqədə “Bot” fərqi azaltsa da, jokeylərimiz dəqiq zərbə ilə hindistanlıların sevincinin çox çəkməsinə imkan verməyiblər. Dördüncü yarı da təmsilçimizin hücumları ilə başlayıb. "PaşaBank" hətta daha bir dəqiq zərbə ilə azarkeşlərin alqışlarını qazanıb - 7:3,5. Lakin son dəqiqələrdə təşəbbüs rəqibə keçib. Komandamızın arxayınlaşmasından istifadə edən "Bot" ardıcıl 3 qolla fərqi 0,5-ə çatdırıb. Lakin vaxtın bitməsi Dünya Kubokuna qələbə ilə başlamağımızı rəsmiləşdirib. "PaşaBank" 7:6,5 hesabı ilə qalib gəlib.

 

Binə Atçılıq Mərkəzində təşkil olunan yarışın ilk gününə “Polo Club Wicklow” (“Palladium”) və “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) qarşılaşması ilə yekun vurulub. Matç almanların 8:5 hesablı qələbəsi ilə bitib. Sabah ilk oyunda “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) və “İndian Polo & Riding Club New Delhi” (“Bot”) mübarizə aparacaq. İkinci qarşılaşma isə “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (“Palladium”) arasında baş tutacaq.

 

Festivalın və VI dəfə keçiriləcək Dünya Kubokunun sonuncu günü – iyunun 17-də mükafatçıların adlarına aydınlıq gələcək. Öncə 3-cü yerin sahibi bilinəcək. Ardınca isə final görüşü olacaq.  Qeyd edək ki, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.