• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxıldı - YENİLƏNİB

  • 4374 dəfə
  • Tarix 19 İyun 2018 / 18:14
  • APA
 
 
İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb.
 
 
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.
 
 
 
Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".
 
 
 
Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.
 
 
 
Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.
 
 
14:49
 
 
İmişlidə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.
 
 
 
İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: "Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç bir ciddi zəhərlənmə əlaməti yoxdur".
 
 
 
İmişli rayon İcra Hakimiyyətinin başçısı isə APA-ya deyib ki, o hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: "Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər".
 
 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş  analizlər Bakıya,  Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".
 
 
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə bildirib ki, nazirliyin mütəxəssisləri, şöbə və xidmət rəisləri əraziyə ezam olunub: " Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.