• EUR  
  • USD  
  • RUB

HADİSƏ

İsmayıllıda sel körpünü dağıtdı: kənd sakinləri ərzaqsız qalıb – FOTOLAR

  • 2074 dəfə
  • Tarix 21 İyun 2018 / 13:59
  • Tural TURAN

İsmayıllı rayonunun Qalacıq kəndində sel körpünü dağıdaraq yararsız hala salıb.

Sakinlərin Lent.az-a verdiyi məlumata görə, 2000 nəfərə yaxın sakini olan kəndin respublika ilə nəqliyyat əlaqəsi kəsilib. Sakinlər iddia edir ki, artıq üç gündür ki, yolun körpüdən keçən hissəsinin bağlanmasına baxmayaraq, aidiyyatı qurumlar tərəfindən ciddi tədbirlər görülmür.

Kənd camaatı bu biganəlikdən narahatçılıq keçirdiklərini bildiriblər:

“Rayonun nəqliyyat idarəsi 1 maşın çınqıl daşı gətirdilər ki, körpünün altına töksünlər. Ancaq Daxili İşlər Nazirliyinin əməkdaşları haqlı olaraq buna icazə vermədilər. Bildirdlər ki, bu daşların körpünün altına tökülməsinin mənası yoxdur, onsuz da çay yuyub aparacaq.  Sakinlərdə arxayınçılıq yaranar, körpüdən istifadə edərlər və bu, daha böyük insan faciəsinə səbəb ola bilər”.

Qalacıq sakinləri 3 gündür ki,  nə işə gedə bildiklərini, nə də ərzaqla təmin olunduqlarını söyləyirlər. Hətta digər yerlərdən kəndə qonaq gələnlər də geriyə qayıda bilməyiblər. Məlumata görə, bir nəfər kənd sakini apendisit sancısından əziyyət çəkib, ancaq yollar bağlı olduğundan faciəvi hal yaranıb:

“Həmin şəxs hazırda türkəçarə ilə müalicə olunur. Qalacıq kəndində hətta aptek belə yoxdur. Bu isə vəziyyəti daha da çətinləşdirir. Kənddə hamilə qadınlar da var. Hadisə yerinə gələn rayon yol idarəsinin nümayəndəsi sakinlərə "Rəhbərlik "onsuz da havalar isinib, leysanın olması ehtimalı azalıb, çınqıl daşlarla birtəhər “kosmetik remont edin" təlimatı verib" deyib. Belə çıxır ki, icra hakimiyyəti bizi başından eləyir. Sizdən xahiş edirik ki, səsimizə səs verin”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik. AAYDA-nın sözçüsü Anar Nəcəfov Lent.az-a açıqlamasında bildirdi ki, sel körpünü yuyub aparmayıb, sadəcə olaraq həmin körpü qəzalı vəziyyətdədir:

“Körpünün üzərində hərəkət dayandırılıb. Hazırda bizim əməkdaşlarımız adıçəkilən ərazidədir. Baxış keçirirlər. Orada dayaqlarda müəyyən problemlər yaranıb. Həmin dayaqlarda bərkitmə işləri aparılacaq. Körpüyə heç bir şey olmayıb. İşlər yekunlaşdıqdan sonra körpüdə hərəkət bərpa ediləcək”.