• EUR  
  • USD  
  • RUB

HADİSƏ

Bankdan 100 milyon oğurlayan Emin Zeynalov tutuldu - KİMİN OĞLUDUR?

  • 30191 dəfə
  • Tarix 21 İyun 2018 / 18:06
  • Lent.az

“GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxalayıb.

 

Bildirilir ki, Emin Zeynalov ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub.

 

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

 

Qafqazinfo-nun verdiyi məlumata görə, həbs edilən Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı  (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

 

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

 

Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında  yüksək vəzifəli məmurlar da  var.

 

Onu da qeyd edək ki, mediada Emin Zeynalovun Günay Bankdan əmanətçilərin 100 milyon manata yaxın vəsaitini mənimsəməsi ilə bağlı məlumat yayılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bankda hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayıb: “Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, prudensial normalara uyğundur”.