• EUR  
  • USD  
  • RUB

SOSİAL

Azərbaycanlı dizayner məşhur “Caprice lifestyle” jurnalına müsahibə verib – FOTOSESSİYA

  • 1302 dəfə
  • Tarix 25 İyun 2018 / 12:09
  • Lent.az

Dünyaca məşhur jurnal “Caprice lifestyle”da Azərbaycanın tanınmış dizayneri Gülüm Əsədullayeva ilə müsahibə dərc edilib. Lent.az xəbər verir ki, moda aləmində 20 ildən artıq müddətdə fəaliyyət göstərən G. Əsədullayeva ölkəmizdə bu sahənin parlaq nümayəndələrindən hesab olunur. O, indiyədək bir sıra müsabiqələrə qatılaraq dəfələrlə 1-ci yerə layiq görülüb. Ötən ilin mayında isə təşkil olunan "Baku Fashion Week" moda həftəsində “Somnia” adlı yeni kolleksiyasını təqdim edib.

 

Müsahibə zamanı moda aləmində 25 ildən artıqdır fəaliyyət göstərdiyini deyən xanım dizayner bu həvəsin ona ailəsindən keçdiyini bildirib: “Təkcə tikişi deyil, həm də rəsm çəkməyi bacarıram. Bu işə uşaqlıqda, öz gəlinciklərim üçün bəzək əşyaları hazırlamaqla başladım. İndi isə həm maneken, həm də modellərlə işləyirəm”.

 

G.Əsədullayeva hər bir yaradıcı insanın ilham mənbəyinə ehtiyacı olduğunu vurğulayıb: “Bir dəfə musiqi dinləyə-dinləyə tikinti materialları satılan mağazaya getdim. Həmin dəqiqə məndə tikintidə istifadə edilən tor və cins materialdan paltar hazırlamaq, ona işıq əksetdirici materialdan istifadə etməklə güllər əlavə etmək ideyası yarandı. Düşünürəm ki, bu elementləri hələ heç bir dizayner bir araya gətirməyib. Bundan başqa qayka ilə şaybanı aksesuar kimi istifadə etməyi də kimsə düşünməyib".

Modelyer-dizayner hesab edir ki, parçadan gözəl sənət əsəri yaratmaq üçün onun qiymətinin baha olmasının önəmi yoxdur. Onun sözlərinə görə, burada ilk növbədə dizaynerin fantaziyası rol oynayır.

Hazırda həm də balaca modellərlə işlədiyini deyən G. Əsədullayeva vurğulayıb ki, bu proses səbir tələb edir: "Bəzən çətinliyimiz olur. Bir çox hallarda öz valideynlərinin yanından ayrılmayan balacalarla işləyirik. Hərdən onlar ərköyünlük edir, bəzən isə məşqlər zamanı yuxuya gedənlər də olur. İstənilən halda uşaqlarla işləmək çox xoşdur. Günün gərginliyini aradan qaldırmağa kömək edir".

Modelyer həmçinin dizayn verdiyi bəzi geyimləri satmaq niyyətində olmadığını, yalnız fərdi müştərilərlə işləməyə üstünlük verdiyini söyləyib və qeyd edib ki, tezliklə müəllifi olduğu yeni tərzdə, həm də eksklüziv dizayna malik geyimləri oxucular şəhərimizin butiklərində görə biləcəklər. G. Əsədullayeva eyni zamanda hazırda trend olan geyim üslublarından da danışıb: "Hazırda trenddə pop-art, komiks üslubunda print geyimlər, parlaq rəngli, 3D təsvirli geyim, ayaqqabı və aksessuarlar dəbdədir. Ayaqqabılara gəlincə, idman üslublu krosovka, iti uclu tufli, dikdaban ayaqqabılar, eləcə də kəmərli çantalar bu il də öz aktuallığını qoruyub".  Modelyer gələcək planlarından da danışıb: "Bundan əlavə, eksklüziv çimərlik geyimləri, aksesuar və şlyapalar da hazırlayacağıq. Bir sözlə, kiçik və yetkin modasevərlər üçün lazım olan nə varsa, təqdim etməyi düşünürük".