• EUR 1.9828  
  • USD 1.7  
  • RUB 0.0267

HADİSƏ

Gəncə sakinləri: "Bu cinayəti nə şəriət, nə də qanun dəstəkləyir" - SORĞU

  • 1263 dəfə
  • Tarix 11 İyul 2018 / 17:30
  • Lent.az

İyulun 10-da Gəncədə polis əməkdaşlarının qətlə yetirilməsi ilə nəticələnən iğtişaşlar şəhər ictimaiyyətinin hiddətinə səbəb olub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə sakinləri, ziyalılar və din xadimləri bu hadisələrin günahkarlarının tezliklə tapılıb cəzalandırılmasını tələb edirlər.

 

Gəncə Dövlət Universitetinin professoru Muğan Quliyev sözügedən hadisədən sarsıldığını bildirib: "Mən dünənki hadisələrə çox sarsılıram. Çox da narahat oluram. Əsas səbəb də doğrudan da daim Gəncədə xalqın diqqətini çəkən, xalqın qulluğunda duran, xalqın keşiyini çəkən iki polis vətəndaşının hansısa bir şərəfsizlər tərəfindən qətlə yetirilməsidir. Onlar hər ikisi xidmət edən zaman hansısa dövlətçiliyi tanımayan, bilməyən, başı çıxmayan bu cür gözəl dövlətdə stabilliyi pozmağa çalışan insanların təkidi ilə olub. Yəqin ki, dövlət orqanları tərəfindən bunlara layiqli cəza veriləcək. Mən hər ikisinə Allah rəhmət eləsin deyirəm. Onları törədənlərin hamısına ar olsun! Artıq bilməlidirlər ki, Azərbaycan  dövləti qüdrətli bir dövlətdir. Azərbaycan dövlətinin rəhbəri elə belə bir rəhbər deyil. Azərbaycan dövlətini Suriyaya, Livana hansısa bir dövlətə çevirə bilməzlər".

 

Gəncə Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, sabiq polis leytenantı Məhəmməd Hümmətov şəhid olan polis zabitləri haqqında danışıb: "Azərbaycan xalqı öz tarixi ənənələrinə sadiq olaraq həmişə vətəninə xalqına sadiq olub. Torpağını qoruyub. Azərbaycan polisi Dağlıq Qarabağda, onun ətrafında baş verən hadisələrdə də qəhrəmanlıq göstərib, Azərbaycan torpağını qoruyub, canını qurban verib. Bugünkü hadisə isə heç bir mənası olmayan və dini radikalizm altında hərəkət edən qüvvələrin təsiri nəticəsində baş verib. İlqar Balakişiyev, Səməd Abbasov hər ikisi yaxın silahdaşlarımız olub. Uzun illər bir yerdə işləmişik. Vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirən yoldaşlarımızdan idilər. Doğrudan da bu gün Gəncə şəhərinə, onun polisinə ağır, üzücü kədər üz verib. Mən çox kədərlənirəm və bu halı çox pisləyirəm. Bunu törədənlər isə tarix və qanun qarşısında cavab verəcəklər. Qanundan heç kim heç vaxt qaça bilməyib. Onlar da qaça bilməyəcək".

 

Şah Abbas cümə məscidinin imamı Hacı Rahil İsmayılov isə bu cinayəti törədənlərin din pərdəsi altında fəaliyyət göstərməsinin əsassız olduğunu vurğulayıb: "Dünənki hadisələrin nə şəriət əsası var, nə də din dəstəkləyir. Biz şəhər dindarları olaraq pisləyirik. Bu təxribatlara din adı altında mənfur fikirlərini yeridən insanlara öz sözümüzü deyirik ki, onlar öz istəklərinə nail ola bilməzlər. Çünki bizim dövlətimiz qüdrətli dövlətdir. Daim dövlətimizin dinə diqqətini və qayğısını biz görürük. Əslində dindarların dövlətə dini motivlə nəsə etməyinə heç bir zəmin yoxdur. Ona görə də bu insanlar din pərdəsi altında gizlənərək öz məkrli fikirlərini həyata keçirmək istəyirlər. Din bu şeylərdən uzaqdır. Dinə bu şeylər yaddır. Din sülhdür, əmin-amanlıqdır. İslam dini dünyaya nümunədir. Azərbaycan da tolerant dövlətdir. Azərbaycanda stabilliyi, sabitliyi heç kim poza bilməz. Allah hamısına rəhmət eləsin! Vətən uğrunda öz canlarını fəda elədilər. Hər ikisi də fədakar, tanıdığımız insanlar idi. Bu işləri həyata keçirənlərə biz lənət oxuyuruq".

 

Gəncə sakinləri də baş verən hadisələri qətiyyətlə pisləyiblər: "Mən bir vətəndaş kimi, bir ağsaqqal kimi polis işçisinin belə ölməyini pisləyirəm. O, asayişi qoruyur, niyə ölməlidir ki? Torpaq uğrunda döyüşdə gedib şəhid olmalıdır. Burda niyə ölməlidir? Allah polislərimizə rəhmət eləsin! Onlar hər ikisi şəhərimiz üçün layiqli polislər idi".