• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Baba mülkü üstündə qardaş davası - “Dağıntılar altında” nə baş verir? - REPORTAJ

  • 1278 dəfə
  • Tarix 11 Mart 2019 / 14:54
  • Ramilə Qurbanlı

İctimai Televiziyada “Dağıntılar altında” adlı serial həftənin dörd günü nümayiş olunur. Serial Rüstəm Əliyevin rəhbərlik etdiyi Media Masterdə ərsəyə gəlir.

Televiziyalarda nümayiş olunun digər seriallardan fərqləndiyi üçün diqqətimizi çəkdi və çəkiliş prosesinə baş vurduq.

Çəkilişlər əsasən Bakının və Sumqayıtın içəri məhəllələrində aparılır.

Bu dəfə Bakıda Məmməd Araz küçəsində aparılan çəkilişləri müşahidə etdik.  

İkram Əliyev və Flora Hüseyinova serialın ssenari müəllifləridir. İkram Əliyev BDU-nun jurnalistika fakültəsini bitirib. Qəzet, televiziya sahəsində böyük təcrübəyə malikdir. Lider, ABA, ATV kanallarında çalışıb. Bu, onun Media Masterdə növbəti ssenarisidir.

 

Serialın mövzusunu da Lent.az-a o danışır: “Baba mülkü üzərində əmiuşaqları arasında zatən münaqişə, soyuqluq varkən, bu tərəfdən də araya qız söhbəti düşür. Əmioğlunun birinin sevdiyi qız məcburən o biri əmioğlu ilə evlənməli olur. Toy günü ordudan qayıdan oğlan sevgilisinin onun əmioğlusu ilə evləndiyini eşidib, qızı qaçırdır. Bəy də özünü asır, daha doğrusu, hələ belə məlumdur ki, özünü asıb, pərdə arxasındakılar açılmır. Konflikt belə dərinləşir”.

 

- Ssenarini başlayanda sonunu görürdünüz, yoxsa tamaşaçının görmək istədiyi ilə yekunlaşacaq? - deyə, ssenari müəllifindən soruşdum.

 

- Bugünkü reallıqda tamaşaçı ilə hesablaşmamaq olmur – dedi, - Ana xətt var, tamaşaçı istəyi də nəzərə alınır. Qalanı qələmin ucundadır. 

 

- Hiss edirəm ki, sonda qan qohumları barışırlar.

 

- Amerika kəşf etmək lazım gəlmir, tamaşaçı nəyi hiss edirsə, onu görəcək, başqa cür olsa, bizim olmaz, başqa ölkələrin seriallarına oxşayar. 

 

Tural Baxış serialın rejissorudur. Şair Eldar Baxışın oğludur. Düzü, onu aktyor kimi tanıdığımdan əvvəl rejissor kimi qəbul edə bilmədim, bunu özünə də deyəndə çox səmimiyyətlə qarşıladı. Serialı izlədikcə hiss elədim ki, yanılmışam.

 

“Rejissorluğa marağım çoxdan yaranıb, Bakı Bələdiyyə teatrlında tamaşalara quruluş vermişəm. Burda da prodakşnın rəhbərliyi sağ olsun, etimad göstərdi, biz də kollektivlə birgə etimadı doğrultmağa çalışırıq. Aktyor kimi başqa bir serialda çəkilirəm, burda da rejissor kimi işləyirəm”.

 

Eldəniz Rəsulov baş rollardan birinin – Kamal obrazının ifaçısıdır. Eldəniz Rəsulov dublyaj aktyoru kimi daha çox tanınıb, geniş tamaşaçı auditoriyası onu “Gümüşgöl əfsanəsi” filmindən şəhərdən gələn oğlan kimi xatırlayır. Son vaxtlar bir neçə seriala çəkilib. “Dağıntılar altında” serialında maraqlı obrazı var: “Cavid Təvəkkülün serialında çəkilmişdim, indi də burda çəkilirəm. Neyniyək, kinonun bir qoludur də, yaş keçir, qurdumuzu öldürürük, amma mən işimə ciddi yanaşan adamam, canı-dildən etimadı doğrultmağa çalışıram”.

 

Çəkilişlər gedən həyətdə bəzən eyvanlardan, həyətin künc-bucağından adamlar çıxıb baxır, gülümsəyir, səmimi münasibət göstərirlər. Amma pilləkənində çəkiliş aparılan evin sahibi evdə yoxdur deyəsən, səs-səmir gəlmir mənzildən. Deyirəm, birdən ev sahibi gəlib çıxar, dava-dalaş salar ki, niyə mənim evimin pilləkənində çəkiliş aparırsınız, onda nə cavab verəcəksiniz. İkram Əliyev deyir ki, bir dəfə Qəbələdə çəkiliş zamanı elə bir olay gəlib başımıza, amma insanların sənətə və sənətkara sevgisi həmişə sonda qalıb gəlir”.

 

Serialda çox gənc aktyorlar da rol alıblar.

 

Teymur - Azər Aydəmir, Huri - Xəyalə Cavad, Şahmar - Səmimi Fərhad, Murad Yasin Həzirə, Fərəc - Murad Məmmədov, Cahan - Nəsibə Eldarova, Əsma - Sevinc Əliyeva, Hicran - Solmaz Süleymanova, Mələk - Əzizə Həşimli, Məsumə - Səmayə Sadıqova, İnci - Kubra Hüseynova, Dilşad - Gülnarə Abdullayeva, Samid - Etibar İbadullayev, Nigar - Aydan Hüseynova, Ələkbər - Ülvi Rəsul, Cəlal - Mirfariz Seyid.

 

Aktyorlarla rejissor Cavid Təvəkkül işləyir. Quruluşçu operator Şahmar Səfəroğlu, baş prodüsser Rüstəm Əliyevdir.

 

Yaradıcı qrupa uğurlar. Bir halda ki, zaman seriallarındır, o zaman seriallar da Azərbaycanda, nəhayət, inkişafa qədəm qoysun.