• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Rusiya, Ukrayna və Azərbaycan ulduzları Opera teatrının səhnəsində

  • 230 dəfə
  • Tarix 13 Mart 2019 / 18:34
  • Ramilə Qurbanlı
Martın 30-da Azərbaycan Opera və Balet Teatrında dünya opera sənətinin şah əsərlərindən biri sayılan C.Verdinin “Aida” operasının tamaşası olacaq. Bu barədə Lent.az-a teatrdan bildirilib.
 
Verilən məlumata görə, Aida partiyasını Azərbaycanın Əməkdar artisti, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək. Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub. Əsas partiyalardan biri olan Amneris partiyasında isə həmyerlimiz - Azərbaycanın Əməkdar artisti, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcək. Opera tamaşasını Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.                                                                                           
 
Martın 23-də isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, professor Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin  tamaşası olacaq.
 
“Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınmış balet tamaşasıdır.  «Eşq və Ölüm» baleti həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur. Bu tamaşa ölməz məhəbbət və qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini vəsf edir. Tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi  münasibətilə səhnəyə qoyulub.  Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.
 
Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və b. çıxış edəcəklər.