• EUR  
  • USD  
  • RUB

HADİSƏ

“Bir tutma epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyil” - Professor

  • 206 dəfə
  • Tarix 19 Mart 2019 / 15:10
  • Lent.az

Ən çox rast gəlinən nevroloji xəstəliklərdən biri də epilepsiyadır. Bu, bütün dünyada ən çox yayılan, bir çox hallarda təşviş doğuran problemlərdən biridir. Artıq 10 ildən çoxdur ki, 26 mart Ümumdünya epilepsiyalı xəstələr günü və ya Bənövşəyi gün kimi qeyd olunur.

E-tibb.az ATU-nun Nevrologiya kafedrasının müdiri, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin və Azərbaycan Nevroloqlar Assosiasiyasının Prezidenti, əməkdar elm xadimi, professor Şərif Mahalovun bununla bağlı məqaləsini təqdim edir:

İlk  dəfə  epilepsiyalı  xəstələr  günü  26 mart  2008-ci  ildə  qeyd  olunub.  Bu,  erkən  yaşlarından  epilepsiyadan  əziyyət  çəkən  9 yaşlı  Kessidi  Meganın  qəlbinin  harayı  idi.  Bütün  anlaqlı  həyatında  qızcığaz  ətrafdakı  həmyaşıdlarının,  hətta  yaşlı  insanların  alçaldıcı  baxışlarını  öz  üzərində  hiss  etmişdir.  Əksəriyyət  onun  xəstəliyini  yüngül  dərəcəli  dəlilik  kimi  qəbul  edirdi,  təbii  ki,  bu  da  qızı  incidirdi.  İnsanları  inandırmaq  və  onlara  öz  xəstəliyi  haqqında  danışmaq  üçün  Kessidi  Bənövşəyi  gün  keçirməyi  qərara  aldı.  Bu  tədbirdə,  26 martda  epilepsiyalı  insanlara  hər  kəs  öz  dəstəyini  ifadə  edə  bilər.  Uşağın  təşəbbüsü  Yeni  Şotlandiyadakı  Epilepsiya  Assosiasiyalarının  nümayəndələri  arasında  özünə  cavab  tapdı  və  ardınca  digər  beynəlxalq  təşkilatlar  da  onu  dəstəklədilər.  Belə  ki,  2009-cu  ildə  Bənövşəyi  günün  dəstək  qrupuna  100  minlərlə  tələbə,  100-dən  çox  siyasətçi  və  bir  o  qədər  də  müxtəlif  ictimai  kompaniyalar  qoşuldu.  Torontodakı  məşhur  teleqülləni  “bənövşəyi”  hərəkatın  həmrəylik  simvolu  kimi  bir  gecəliyə  bənövşəyi  rəngə  boyadılar.  O  vaxtdan  etibarən  müxtəlif  ölkələrdə  Epilepsiyalı  xəstələr  gününün  keçirilməsi  ənənə  halını  aldı.  Balaca  Kessidinin  milyonlarla  epilepsiyalı  xəstənin  həyatlarını  yaxşılaşdırmağı  haqqında  səmimi  istəyi  nüfuzlu  dünya  təşkilatları  tərəfindən dəstəklənən  uğurlu  sosial  layihəyə  çevrildi.

Məlumatlandırıcı,  xeyriyyəçilik,  humanitar - bunlar  bənövşəyi  günün  memarlarının  öz  qarşılarına  qoyduqları  məqsədlərdir.  Qoyulan  məsələlərin  həlli  üsullarının  siyahısına  anadangəlmə  və  ya  qazanılma  epilepsiyası  olan  insanlara  maliyyə  vəsaiti  toplamağa  imkan  verən  müxtəlif  ictimai  tədbirlər,  mühazirələr,  xeyriyyə  aksiyaları,  konsertlər,  yarmarkalar  da  daxildir. 

Epilepsiya  hər  hansı  təhrik olunmamış  təkrarlanan  tutmalarla  (həmçinin  “qıcolma”  kimi  məlumdur)  xarakterizə  olunan  baş  beyinin  xəstəliyidir.  Epilepsiya  ən  çox  yayılmış  nevroloji  xəstəliklərdən  biridir.  Epileptik  tutma,  hətta  bir  dəfə  olduğu  halda  həm  xəstəni,  həm  də  ətrafdakıların  kifayət  qədər  güclü  təşvişinə  səbəb  olur.

Bu  xəstəlik  müxtəlif  yaşlarda  müşahidə  oluna  bilər,  daha  çox  uşaqlarda  və  ahıl  yaşlarda  rast  gəlinir.  Prinsipcə  hər  bir  insan  müəyyən  bəlli  şərtlər  daxilində  epileptik  tutma  keçirə  bilər.  Ümumilikdə  təqribən  250 milyon  insan  bir  epileptik  tutma  keçirir.   Ancaq  tək  tutmanın  olması  epilepsiya  diaqnozunun  qoyulması  üçün  yetərli  deyildir.  Dünyada  elə  bir  ölkə  yoxdur  ki,  orada  epilepsiya  xəstəliyinə  rast  gəlinməsin.  Müxtəlif  ölkələrdə  epilepsiyanın  yayılması  hər  1000  nəfər  əhaliyə  1,5-lə 50 hadisə  arasında  dəyişir,  xəstələnmə  isə  hər  100 000 nəfər  əhaliyə  20-53  hadisə  təşkil  edir,  inkişaf  etməkdə  olan  ölkələrdə  isə  bu  rəqəm  100-190-dır.  Hazırda  planetdə  75 milyon  insan  epilepsiyadan  əziyyət  çəkir.  Bütün  dünya  üzrə  2 500 000 yeni  xəstələnmə  halı  qeydə  alınır.  Bütün  xəstəliklərin  ümumi  qlobal  yükünün  0,5%-i  epilepsiyanın  payına  düşür.

Azərbaycanda  epilepsiyanın  yayılması  hər 1000 nəfərə  3,7 - 8  hadisə,  xəstələnmə  isə  hər  100 000 nəfərə  24,4-83  hadisə  təşkil  edir.  Hazırda  Azərbaycanda  60 000-dən  çox  insan  epilepsiyadan  əziyyət  çəkir. 

Epilepsiya  uzunillik  müalicə  tələb  edir.  Sözsüz  ki,  bütün  dünyada,  eləcə  də  Azərbaycanda  da  epilepsiyanın  əsas  müalicə  metodu  epilepsiya  əleyhinə  dərmanların  (EƏD)  istifadəsidir.  Epilepsiyanın  müalicəsində  məqsəd  tutmaların  tamamilə  kəsilməsidir.  Müasir  farmakoterapiyanın  uğurları  sayəsində  təqribən  60-70%  hallarda  tutmalara  tam  nəzarət  mümkündür.  Belə  ki,  əksər  hallarda  epilepsiya  müalicə  olunan  və  sağalan  xəstəlikdir. 

Son  20 ildə  Azərbaycanda  epilepsiya  ilə  bağlı  problemlərin  həlli  üçün  ciddi  işlər  görülüb.

Belə  ki,  xəstəliyin  epidemiologiyası,  nozoloji  və  semioloji  strukturu,  xəstələrin   həyat  keyfiyyəti,  qadınlarda  epilepsiya  öyrənilib.  Həmçinin  epilepsiyanın mövcud  qeydiyyat  sisteminin,  diaqnostikanın  keyfiyyətinin,  müalicənin  və  sosial  yardımın  qiymətləndirilməsi  aparılıb.

Ölkəmizdə  epilepsiyadan  əziyyət  çəkən  vətəndaşlara  lazımi  səviyyədə  tibbi  yardım  göstərilir.  Bunlardan  xəstələrin  tibbi  yardım  və  birinci  nəsil  antiepileptik  dərmanlarla  (fenobarbital,  difenin,  karbamazepin  və  valproy  turşusu)  dövlət  hesabına  təmin  olunmasını,  əlilliyə  görə  müavinətin  ayrılmasını,  epilepsiya  əleyhinə  preparatlarla  təchizat,  diaqnozun  təyinində  və  differensə  olunmuş  müalicədə  həkim-epileptoloqların  konsultasiyalarının  təşkili,  epilepsiyalı  hamilə  qadınlarda  mümkün  ola  biləcək  ağırlaşmaların  vaxtında  qarşısının  alınması  məqsədi  ilə  onların  daim  həkim – epileptoloqun  nəzarətdə  saxlanmasını  misal  çəkmək  olar.

Epilepsiyalı  xəstələrə  göstərilən  müalicə - profilaktik  işlə  bağlı  bütün  problemlərin  həlli,  şübhəsiz  ki,  çətin  məsələdir.  İnkişaf  etmiş  ölkələrin  özündə  belə  epilepsiyalı  xəstələrə  yardımın  təşkilində  əhəmiyyətli  dərəcədə  problemlər  mövcuddur.

İnkişaf  etmiş  ölkələrdə  epilepsiya  ilə  mübarizə  göstərdi  ki,  ixtisaslaşdırılmış  epileptik  mərkəzlər  epilepsiyadan  əziyyət  çəkən  xəstələrin  diaqnostika,  müalicə  və  reabilitasiyasında  yüksək  effektivliyə  malikdir.  Respublikamızda  bu  cür  ixtisaslaşdırılmış  epileptik  mərkəzin  açılması  yaxın  gələcəkdə  tam  realdır.  Bununla  belə  epilepsiyalı  xəstələrə  göstərilən  müalicə - profilaktik  və  sosial  yardımlara  yönəlmiş  cəhdlər  təxirə  salına  bilməz.

Artıq  çox  illərdir  ki,  dünyada  epilepsiya  sinir  sistemi  xəstəliyi  olaraq  tanınır.  Bu  istiqamətdə  pozitiv  tədbirlərdən  biri  epilepsiyalı  xəstələrin  nevroloqlar  tərəfindən  aparılmasının  təşkili  olar.  Biz  eləcə  də  hesab  edirik  ki,  həkim-epileptoloq  ixtisasının  təsis  olunması  və  böyük  şəhərlərimizin  poliklinikalarında  epileptik  kabinetlərin  təşkili zəruridir.