• EUR  
  • USD  
  • RUB

SOSİAL

“Bu, Təhsil Nazirliyinin Azərbaycana töhfəsidir” - Alimlər

  • 254 dəfə
  • Tarix 19 Mart 2019 / 15:17
  • Lent.az

Son günlər ölkəmizin elm və təhsil ictimaiyyəti daha bir  tarixi  uğurun sevincini yaşamaqdadır. Bu uğur Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı ilə "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq çərçivəsində  əldə olunub. Lent.az-ın məlumatına görə, qeyd olunan şirkətin “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib. Bu günə olan məlumata əsasən, “Web of Science®” elmi bazasında 2018-ci ildə Azərbaycan üzrə 1274 elmi tədqiqat işi qeydə alınıb.

Qeyd edək ki, Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əməkdaşlığa 2015-ci ildə start verilib. Əldə olunan uğurlu nəticələr nəzərə alınmaqla 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Hazırda ölkəmizin 40 ali təhsil müəssisəsinin “Web of Science®” elmi platformasına çıxışı təmin olunub. 2014-2018-ci illər ərzində Azərbaycan alimlərinin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 72 faiz artıb. Həmin dövrdə ali təhsil müəssisələri üzrə müvafiq göstərici 2,1 dəfə yüksəlib.

Universitetlərin beynəlxalq reytinq siyahılarının hazırlanması zamanı nəzərə alınan meyarlar arasında ali təhsil müəssisələrinin elmi fəaliyyətinin nəticələri həlledici çəkiyə malikdir. Dünyanın aparıcı reytinq agentlikləri universitetlərin elmi fəaliyyətinə dair məlumatları əsasən “Web of Science®” bazasından birbaşa əldə edirlər. Bu baxımdan sözügedən bazaya daxil olan məqalələrin, xüsusilə də həmin məqalələrə edilən istinadların sayının artması ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına ciddi təkan verəcək.

Bununla bağlı  fikirlərini öyrəndiyimiz ekspertlər də faktı Azərbaycan elm və təhsilinin böyük uğuru kimi qiymətləndirdilər. 

Şahlar Əsgərov, BDU-nun professoru, təhsil eksperti:

 

- Bu, çox sevindirici faktdır. Çünki elmi məqalələrin aktuallığı məhz “Web of Science®”də yer alan məqalələrin sayına görə müəyyən olunur. Bu baxımdan bizim Cənubi Qafqazda birinci yerdə olmağımız çox qürurlandırıcıdır. Bu, həm də onu göstərir ki, Təhsil Nazirliyi şəbəkəsində və Milli Elmlər Akademiyasında olan elmi qurumların mövzuları aktualdır və beynəlxalq elmi ictimaiyyətin diqqətini cəlb edir.

Mən həmişə demişəm ki, biz gözəl məqalə yaza, monoqrafiya çap etdirə (hətta xaricdə) bilirik. Amma elmi nəticələri məhsula çevirməkdə çətinlik çəkirik. Texnologiya və tətbiq isə bu zəncirin növbəti həlqələridir. Çalışmaq lazımdır ki, bu liderliyi həmin sahələrdə də əldə edə bilək. Məlumdur ki, inkişaf etmiş ölkələrdə istehsal olunan məhsulun böyük faizi elmtutumlu məhsullardır. Məsələn, Sinqapurun istehsal məhsullarının 50 faizdən çoxunu elmi məhsullar təşkil edir. Türkiyədə isə bu, 6 faizdən yuxarı deyil. Ona görə elmi nəticələri məhsula çevirmək haqqında da düşünməyin vaxtı çatıb. Bu nəticə onu göstərir ki, elmi potensial var, alim ordusu işləyir və nəticə alır, amma bu nəticəni texnologiya vasitəsilə sənayedə məhsula çevirmək məsələsində hələ boşluqlar mövcuddur. Arzu edərdim ki, bu boşluqları da dolduraq.

Kamran Mahmudov, Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru:

 

 - Təhsil Nazirliyinin son illərdə Azərbaycana verdiyi ən böyük töhfələrdən biri “Web of Science®”a girişin əldə edilməsidir.

Hazırda Azərbaycanda 1975-ci ildən indiyə qədər olan nəşrlərə giriş var. Lissabon Universitetində isə 1900-cu ildən bu günə kimi olan məqalələri görmək mümkündür. “Web of Science®” elmi platformasında 2018-ci ildəki nəşrlərin sayına görə Azərbaycan Cənubi Qafqaz üzrə birinci yerdədir. Bundan sonra birinciliyi əldən verməməli, məqalələrin sayını yox, həm də keyfiyyətini artırmalıyıq. Xarici alimlərlə əməkdaşlıq etdikdə əsas və ya assistent müəlliflərdən biri olmalıyıq.

Hesab edirəm ki, bu sistemdə “H” indeksi 10-dan yuxarı olmayan alimə Elmin İnkişafı  Fondu böyük qrantlar verməməlidir. Sistemdə 5 məqaləsi olmayan aspirant “Phd” dərəcəsi almamalı, 50-dən çox məqaləsi olmayan alimə elmlər doktoru elmi dərəcəsi verilməməlidir.  “H” indeksi 20-dən aşağı olan alim isə akademiyanın müxbir və ya həqiqi üzvü seçilməməlidir.

Fürsətdən istifadə edib, “Web of Science®” sistemində belə yüksək nəticə əldə edilməsində əməyi keçən hər kəsə təşəkkür edir, onlara uğurlar arzulayıram.

Səlahəddin Xəlilov, fəlsəfə elmləri doktoru, professor

 -Elmi məqalələrin sayına görə Cənubi Qafqazda birinciliyi əldə etmək çox sevindirici hadisədir. Amma kəmiyyətlə yanaşı, məqalələrin keyfiyyətini də yüksəltməliyik. Birinciliyə gəlincə isə, təbii ki, bu xəbərə sadəcə sevinmək olar.