• EUR  
  • USD  
  • RUB

MƏDƏNİYYƏT

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

  • 336 dəfə
  • Tarix 18 Aprel 2019 / 16:28
  • Ramilə Qurbanlı

Bu günlərdə Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının ssenarisi əsasında “Möcüzəli pillələr” tamaşasına quruluş verilir.

Lent.az-ın məlumatına görə, “Möcüzəli pillələr” uşaqlar üçün nəzərdə tutulub.

Burada əsas məqsəd uşaqları teatr mühiti ilə, tamaşanın qurulması prosesi ilə tanış etməkdir. Belə ki yarıbədii, yarı praktik tamaşada uşaqlar özləri də prosesin iştirakçılarına çevriləcəklər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Musiqi tərtibatı Şamxal Novruzluya, rəqslərin quruluşu Nailə Məmmədzadəyə aiddir.

Səhnə əsərində Xalq artisti Ağaxan Salmanlı, Mirsənan Kazımlı, Yusif Dadaşov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Anar Səfiyev, Xaliq Bəkirov, Səbinə Məmmədova, Aygün Fətullayeva, Bəhram Həsənov,  Nurlan Süleymanlı iştirak edirlər. 

Əsərin ilk oxunuşunda müəllif Ağaxan Salmanlı belə səpkili təqdimatların gənc nəslin teatra marağının artırılması üçün faydalı olduğunu vurğulayıb:

“Müasir dünyada tamaşaçı orijinal, fərqli təqdimatlara meyl edir. Həmçinin çağdaş sənət tamaşaçını prosesin iştirakçısına çevirir. Artıq dünyada bu səhnəarxası məqamların təqdimatı böyük maraq doğrur. Hollivud bu haqda, kinoların çəkiliş məqamları barəsində ayrıca sənədli filmlər hazırlayır və bunlar çox ciddi əks-səda doğurur. Teatr da həmişə tamaşaçı üçün möcüzəli, sehrli bir məkan olub. Dünyanın müxtəlif teatrlarında tamaşaçılar üçün ayrıca ekskursiya günləri olur. Biz düşündük ki, “Möcüzəli pillələr” həm teatr haqqında məlumat verməlidi, həm də səhnənin sirli məqamlarını açmalıdı. Hər zaman söyləmişəm ki, teatra tamaşaçı bir ovqatda gəlir, amma tamam başqa halda, ovqatda çıxır burdan. Əminəm ki, “Möcüzəli pillələr” balacaları bir sehrli aləmlə bir az daha yaxından tanış edəcək.”

Qeyd edək ki, “Möcüzəli pillələr”in təqdimatı may ayına nəzərdə tutulub.