• EUR  
  • USD  
  • RUB

İDMAN

“Formula-1”: Dördüncü həyəcana doğru son 10 gün - REPORTAJ - VİDEO

  • 250 dəfə
  • Tarix 18 Aprel 2019 / 16:49
  • Lent.az
Dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycan növbəti yarışı qəbul etməyə hazırlaşır. 
 
ONA-nın məlumatına görə, 10 gündən sonra “Formula-1” dünyasının ürəyi Bakıda döyünəcək. Paytaxtımız ardıcıl dördüncü dəfə Qran-priyə ev sahibliyi edəcək. Bakı Şəhər Halqası mövsümün dördüncü mərhələsini qəbul etməyə hazırdır. 
 
Təbii ki, bunu biz deyil, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmiləri bildirirlər. Azərbaycan Qran-prisinin son hazırlığı ilə bağlı Paddok ərazisində də tamamlama işlərinin başa çatmaq üzrə olduğunu görməmək mümkün deyil. Artıq bir tribuna və bəzi yerlərdə baryerlər istisna olmaqla, paytaxtımız qonaqları qəbul etməyə hazırdır. 
 
“Yarışa hazırıq”
 
BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer əməkdaşımızla söhbətində hansısa gecikmənin olmayacağını açıqlayıb. O bildirib ki, tribunaların və tamaşaçıların sayında hansısa dəyişiklik baş verməyəcək. Əvvəlki yarışlar kimi, bu Qran-pridə də tribunlarda 18 min, ayaqüstü zonalarda təxminən 10 min azarkeş yeri nəzərdə tutulub. 
 
Yarış Obyektinin Tikintisi üzrə rəhbəri “Abşeron”, “Muğam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarından fərqli, “Azneft tribunasının quraşdırılmasına yeni başlandığını diqqətə çatdırıb: “Artıq biz yarışa hazırıq, deyə bilərik. 9 tribunadan əksəriyyəti, daha dəqiqi 8-i tamamilə quraşdırılıb. Yalnız “Azneft” tribunasında son tamamlama işləri gedir. Tikinti işləri ilə bağlı bizə əsas maneçilik törədən hava şəraitinin dəyişkən olmasıdır. Buna baxmayaraq, yenə də plan üzrə nəzərdə tutduğumuz gündə işləri təhvil verəcəyik. Aprelin 22-də gecə saat 01:00-da yollar yarış üçün tam bağlanacaq. Həmin tarixdən başlayaraq, son işlər də görüləcək. Yolda hərəkətə görə bəzi yerlərdə baryerlər quraşdırsa bilməmişik. Onlar tamamlanacaq, “Azneft” tribunasının quraşdırılması da başa çatacaq. Bir sözlə, aprelin 24-də bütün işləri tam şəkildə təhvil verməliyik. Əsas işlərimizi tamamladığımızdan o qədər də narahat deyilik. Hansısa xırda problem yaransa belə, bu bizim işimizə ciddi şəkildə maneçilik törətməyəcək. Mövsümün ən gözəl yarışına tam hazırıq deyə bilərik”. 
 
“Çalışırıq ki, ildən-ilə işimizi daha da təkmilləşdirək”
 
BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai də vaxtın az qalmasına baxmayaraq, hansısa ləngimənin olmadığını vurğulayıb. Onun sözlərinə görə, yarışın keçiriləcəyi gələn həftədə son tamamlama işləri görüləcək: “Biz işlərimizin bir çoxunu yekunlaşdırmışıq. Əsasən son işlərimiz gələn həftə olacaq. Şəhər artıq yarışa hazırdır. Tribunalarımız qurulub, təhlükəsizlik baryerləri qoyulub. Bulvar ərazisində çoxsaylı konstruksiyalarımız yerləşdirilib. Bütün bu işlər görülüb. Çalışırıq ki, ildən-ilə işimizi daha da təkmilləşdirək. Hansısa çatışmayan cəhətlərimiz olubsa, onları aradan qaldıraq. Digər tərəfdən bilet satışımız da gedir. Maraq çoxdur. Son günlərdə bunu xüsusilə Azərbaycan vətəndaşlarında müşahidə edirik”.
 
Qran-pridə əvvəlki yarışlarla müqayisədə hanısasa dəyişiklik gözlənilmir. Çünki Azərbaycanda baş tutan mərhələ şəhər treki olduğundan trasın konfiqurasiyası dəyişməz qalır. 6,003 km uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən yol Azadlıq meydanından başlayır. Ardınca Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür. Trekin ən geniş yeri 13 m, ən dar hissəsi İçərişəhər ətrafında - 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Pilotlar 51 dövrə vurmaqla, 306 km yol qət edirlər. 
 
“Hamı Azərbaycanla fəxr edəcək”
 
Lakin trekdə dəyişiklik olmasa da, əyləncə proqramında yeniliklər edilib. Keçən il 3 konsert proqramı vardısa, bu dəfə onların sayı 2-yə endirilib. Azarkeşləri Sam Smit və Kardi B coşduracaq. Bundan əlavə, “Elektra Events Hall”da səhərə kimi nəzərdə tutulan böyük əyləncə proqramları təşkil ediləcək. Yəni ötən il əgər bütün konsertlər “Kristal Zal”da olurdusa, bu dəfə Sam Smitlə Kardi B burda azarkeşlər önünə çıxacaq”. 
 
N.Arpadarainin sözlərinə görə, DJ-lərin də qatılacağı əyləncə proqramı, həmçinin mərhələ ötən illərlə müqayisədə daha maraqlı olacaq: “Biz hər şeyi ölkəmiz üçün edirik. Müvəqqəti narahatlığa görə üzr istəyirik. Ümid edirik ki, hamı bizim qədər Azərbaycanla fəxr edəcək. Hər dəfə beynəlxalq mətbuatda “Formula-1”lə ölkəmizin adı hallandıqda çox fəxr edirik. Vaxtımız çox az qalıb. Artıq gələn həftə bütün dünyanın gözü Bakıda olacaq. Tərəfdarlar, “Formula-1” azarkeşləri, Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri paytaxtımıza səfər edəcəklər. Ölkəmizə gəlməyənlər də televiziya vasitəsilə izləyəcəklər. Qonaqların siyahısı gələn həftə tam dəqiqləşəcək. Ümid edirik ki, Qran-pri də maraqlı olacaq. Çünki komandaların bəziləri heyətlərini dəyişdiklərindən mövsüm çox maraqlı başlayıb”. 
 
Yarışa KİV nümayəndələrinin də diqqəti böyükdür. Akkreditasiya müddəti tamamlansa da, Beynəlxalq Avtomobil Federasiyası və “Formula-1” rəhbərliyi hələlik neçə həmkarımızın qeydiyyatdan keçdiyini açıqlamayıb. Bunun da gələn həftə dəqiqləşəcəyi bildirilir. Bakıdakı Mətbuat Mərkəzində həmişə 450-500 arası yerli və xarici jurnalist, fotoqraf olduğunu nəzərə alsaq, həmin rəqəmin dəyişməyəcəyini proqnozlaşdırmaq mümkündür.  
 
Komandaların yüklərinin Bakıya gətirilməsi başlanılıb
 
Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Bu səbəbdən də hər iş dəqiqliklə görülməlidir. Avstraliyalı T. Butçer də bu qənaətdədir. O bildirib ki, təhlükəsizlik məsələlərinə çox ciddi nəzarət edirlər: “Ən çox narahat olduğum yerli işçilərin təhlükəsizliyə diqqət edib və ya etməməsidir. Amma tikinti mərhələsində heç bir bədbəxt hadisə yaşanmayıb, yaralanma belə olmayıb. Tikintinin icrası tam təhlükəsiz şəraitdə həyata keçirilib. Ümid edirəm ki, qarşıdakı günlərdə də hansısa problem baş verməyəcək”. 
 
Bakıya gələcək 10 komandanın heyətində 20 pilotun yüklərinin də paytaxtımıza gətirilməsinə başlanılıb. BŞH artıq ilk yükləri qəbul edib. Həftəsonu da hava yolu ilə gələcək yüklər Bakıya çatacaq. Növbəti həftənin ilk günləri bu prosedur da yekunlaşacaq və yüklər komandaların ofisinə yerləşdiriləcək. 
 
Maraqlı məqamlardan biri Azərbaycan Qran-prisinin ölkəmizə hansı dərəcədə faydalı olmasıdır. Məsələn, 2018-ci ildə beynəlxalq audit şirkəti Bakıdakı 2-ci mərhələnin yekununa əsasən “Formula-1” yarışlarının ölkənin iqtisadiyyatına birbaşa və dolayı yollarla ümumilikdə 277,3 milyon dollar gəlir gətirdiyini açıqlayıb. Amma sonradan bu ənənə davam etdirilməyib. 
 
BŞH-nin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri bildirib ki, yarış Azərbaycana yenə də milyonlarla dollar qazandırır: “Bunun böyük məbləği məhz turizm sektoruna gedirdi. Yaxın zamanda auditi yenidən keçirməyi düşünürük. 5 ilin sonunda ümumi bir rəqəmi çıxara biləcəyimizi düşünürük. Azərbaycan gələn dolayı və birbaşa gəlirlərə baxsaq, əlbəttə, ölkəyə fayda çox böyükdür”. 
 
Biletlərin 39 faizini Azərbaycan, 61 faizini xarici vətəndaşlar alıb
 
Təbii ki, yarışlarda biletlərin satışından gələn gəlir də az deyil. Amma biletlərlə yanaşı, trek ətrafındakı mənzillərin eyvanlarından da yarışı kifayət qədər insan izləyəcək. Bütün bunlar ölkəmizə çoxsaylı turistin gələcəyini söyləməyə imkan verir. Həmçinin əsas yarışdan öncə 2 gün test yürüşləri və “Formula-2” pilotlarının mübarizəsini nəzərə alsaq, mərhələnin ölkə iqtisadiyyatına kifayət qədər kömək olacağını vurğulamaq yerinə düşər. 
 
Bu, biletlərin satışına diqqət yetirdikdə də aydın görünür. Çünki indiyədək satılan biletlərin 39 faizi Azərbaycan, 61 faizi xarici vətəndaşları tərəfindən alınıb. “Filarmoniya” tribunasına isə artıq bilet qalmayıb, hamısı sayılıb.
 
N.Arpadarinin sözlərinə görə, biletlər son günlərdə Azərbaycan vətəndaşları tərəfindən daha çox alınır: “Ona görə faizlər dəyişə bilər. İlk sırada Böyük Britaniya, Rusiya, Avstriya, Niderland, ABŞ kimi ölkələr gedir. Məsələn, bu il ABŞ-dan xüsusi maraq göstərilir. Bilet alışına görə “onluğ”a daxildir. Oradan insanlar qruplarla gəlirlər. Bu da bizi çox sevindirir. Çünki uzaq məkanlardan da gəlməyə başlayıblar”. 
 
Azərbaycan Qran-prisinə gələcək ölkələrin sayı da kifayət qədər yüksəkdir. Ötən il yarışa 78 ölkədən bilet alınmışdısa, bu il də rəqəmin ondan az olmayacağı proqnozlaşdırılır. Həmçinin, ilk 2 ildə Rusiyadan bilet alanlar üstünlük təşkil edirdilərsə, bu il digər ölkələrdə də eyni hal müşahidə edilir. Məsələn, ərəb ölkələri, Gürcüstan, Ukrayna, Almaniya və s ölkələr Azərbaycandakı mərhələni izləməkdə daha maraqlıdırlar. 
 
Yollar aprelin 22-30-u arası bağlı olacaq
 
Paytaxt sakinlərini maraqlandıran məqamlardan biri də trek ərazisindəki yolların hansı tarixlərdə bağlı olmasıdır. N.Arpadarai bildirib ki, yarışla əlaqədar avtomobillərin hərəkətinə aprelin 22-30-da məhdudiyyət qoyulacaq: “Aprelin 22-də gecə saat 01:00-dan yollar bağlanacaq. Bu, aprelin 30-u səhər 6-ya kimi davam edəcək. Dənizkənarı Bulvar ərazisi isə aprelin 24-29-da bağlı olacaq. Aprelin 25-dən bileti olan insanlar Bulvara daxil ola biləcəklər”.
 
Beləliklə, növbəti həftə Bakıda “Formula-1” həyəcanı yaşanacaq. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də sürprizlərlə fərqlənəcək yarış izləyicilərin zövqünü oxşayacaq. Bir sözlə, azarkeş sayına görə yalnız futbol üzrə dünya çempionatından geri qalan mərhələni izləməyə dəyər.