• EUR  
  • USD  
  • RUB

İDMAN

Avropa çempionatında medal qazanmış güləşçilər mükafatlandırıldı - FOTO

  • 1177 dəfə
  • Tarix 15 May 2019 / 19:07
  • Lent.az
Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərin və yığmaların məşqçilərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə Lent.az-a AGF-dən bildirilib.
 
Məlumata görə, AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərimizin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub: “Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçiylə iştirak etməliyik”.
 
Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib.
 
Namiq Əliyev daha sonra AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib.
 
Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıb. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaq. 
 
Xatırladaq ki, Avropa çempionatında güləşçilərimiz 13 (4 qızıl, 2 gümüş, 7 bürünc) medal qazanıb.