• EUR  
  • USD  
  • RUB

İDMAN

Elmar Qasımov qələbəsini şəhidlərimizə həsr edib

  • 538 dəfə
  • Tarix 14 Sentyabr 2009 / 12:30
“Bu, başda prezidentimiz və məşqçilər olmaqla, Azərbaycan xalqının qələbəsidir”

Ermənistanda keçirilən gənclər arasında cüdo üzrə Avropa Çempionatının qalibi Elman Qasımovun ailə üzvləri Lent.az-a təəssüratlarını açıqlayıblar.

Avropa çempionı Elman Qasımovun anası, keçmiş voleybolçu Şərqiyyə Qasımova Lent.az-a açıqlamasında deyib ki, qorxuları dopinq sarıdan olub, çünki düşmən ölkədə idmançılarımızın yeməklərinə nə isə qata bilərdilər: “Dopinq müayinəsinin nəticəsi iki həftədən sonra bilinəcək”.

Səfərdən öncə düşmən ölkədə Elman Qasımovun təhlükəsizlik baxımından təxribatla üzləşəcəyi ilə bağlı ehtimaldan çəkinib-çəkinmədikləri ilə bağlı suala cavabında Şərqiyyə xanım bildirib ki, bununla bağlı qorxuları olmayıb: “Çünki təhlükəsizlik məsələsinə ölkə prezidenti səviyyəsində təminat verilmişdi”.

Şərqiyyə Qasımova Avropa Çempionatında 5 idmançımızın hər birinin medal qazanmasının sevindirici hal olduğunu, Elmarın qələbəsinin isə bir valideyn kimi onları xüsusilə sevindirdiyini vurğulayıb.

Ansı Elmarın Ermənistanda olduğu müddətdə hər gün onunla əlaqə saxladıqlarını söyləyib: “Onun görüşlərini atası və qardaşı canlı izləyirdilər. Çempion olan zaman da zəng açıb, təbrik etmişik. Elmar da çempion olmaq üçün getmişdi. O, az əvvəl böyüklər arasında cüdo üzrə keçirilən dünya çempionatında hakimlərin qərəzi üzündən 5-ci yeri tutmuşdu. Ancaq böyüklər arasında 5-ci yer belə gənclər arasında Avropa Çempionatında 1-ci yer tutmaq qədər yüksək nəticədir”.

Çempionumuzun qardaşı, hərbi xidmətdən yeni qayıdan və qardaşı kimi cüdo idman növü ilə məşğul olan Eldar Qasımov Lent.az-a açıqlamasında Elmar kimi qardaşı olmasıyla fəxr etdiyini dilə gətirib: “Düşmən ölkədə bayrağımızı qaldırıb, himnimizi səsləndirdiyi üçün qardaşıma təşəkkür edirəm”.

Avropa çempionunun atası, yüngül atletika idman növü ilə məşğul olmuş İlqar Qasımov bildirib ki, bu ailə idmançı ailəsidir: “Ermənistanda belə qələbənin qazanılması bizim üçün ikiqat sevinc hissi doğurur. Çox istərdik ki, bütün cüdoçularımız Ermənistanda himnimizi səsləndirsinlər. Bu, bizim oğlumuza qismət oldu. Buna görə çox şadam. Elmar söz vermişdi və biz də inanırdıq ki, vətənə qələbəylə dönəcək”.

Ailə üzvləri Elmar Qasımovun qələbəsini şəhidlərimizə həsr etdiyini vurğulayıblar.


Elşən