286
12:05
19 Mart 2019

Rusiyadan gələn məhsullarda TƏHLÜKƏ VAR

Rusiya Federasiyasının bəzi ərazilərindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

Lent.az xəbər verir ki, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Azərbaycan baş dövlət baytarlıq müfəttişi tərəfindən Rusiya Federasiyasının Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Rusiyanın Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub".