364
14:11
19 Mart 2019

Saxta pulla telefon almaq istədi... - FOTO

İsmayıllı sakinindən internet vasitəsilə telefonlar alan şəxs ona saxta pullar verib.
ONA -nın yerli bürosunun xəbərinə görə, İsmayıllı rayon sakini Teymur Tahir oğlu İsmayılov alış-veriş saytı olan lalafo.az-da "Samsung Galaxy-S-4" və "Samsung Galaxy Tab-3" markalı telefonları satmaq istədiyi barədə elan verib.
Bakıdan tanımadığı bir şəxs Teymur İsmayılova zəng edərək, telefonları almaq istədiyini bildirib. Tərəflər iki telefon üçün 100 dollar ödənilməsi ilə bağlı razılaşıblar. Teymur İsmayılov telefonları taksi ilə rayondan Bakıya göndərib, alıcı həmin taksinin sürücüsünə iki ədəd saxta 50 dollar pul verib.
Teymur İsmayılov ona çatdırılan pulların saxta olması barədə Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə məlumat verib. O, dərhal İsmayıllı rayon Polis Şöbəsinə dəvət edilərək məsələ ilə bağlı izahatı alınıb. Hazırda saxta pulla telefon alan şəxsin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.