260
15:10
19 Mart 2019

“Bir tutma epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyil” - Professor

Ən çox rast gəlinən nevroloji xəstəliklərdən biri də epilepsiyadır. Bu, bütün dünyada ən çox yayılan, bir çox hallarda təşviş doğuran problemlərdən biridir. Artıq 10 ildən çoxdur ki,26 martÜmumdünyaepilepsiyalıxəstələrgünüvəyaBənövşəyigünkimi qeyd olunur.

E-tibb.az ATU-nun Nevrologiya kafedrasının müdiri, Epilepsiya ilə Beynəlxalq Mübarizə Liqasının və Ümumdünya Nevroloqlar Federasiyasının Azərbaycan bölmələrinin və Azərbaycan Nevroloqlar Assosiasiyasının Prezidenti, əməkdar elm xadimi, professor Şərif Mahalovun bununla bağlı məqaləsini təqdim edir:

İlk dəfə epilepsiyalı xəstələr günü 26 mart 2008-ci ildə qeyd olunub. Bu, erkən yaşlarından epilepsiyadan əziyyət çəkən 9 yaşlı Kessidi Meganın qəlbinin harayı idi. Bütün anlaqlı həyatında qızcığaz ətrafdakı həmyaşıdlarının, hətta yaşlı insanların alçaldıcı baxışlarını öz üzərində hiss etmişdir. Əksəriyyət onun xəstəliyini yüngül dərəcəli dəlilik kimi qəbul edirdi, təbii ki, bu da qızı incidirdi. İnsanları inandırmaq və onlara öz xəstəliyi haqqında danışmaq üçün Kessidi Bənövşəyi gün keçirməyi qərara aldı. Bu tədbirdə, 26 martda epilepsiyalı insanlara hər kəs öz dəstəyini ifadə edə bilər. Uşağın təşəbbüsü Yeni Şotlandiyadakı Epilepsiya Assosiasiyalarının nümayəndələri arasında özünə cavab tapdı və ardınca digər beynəlxalq təşkilatlar da onu dəstəklədilər. Belə ki, 2009-cu ildə Bənövşəyi günün dəstək qrupuna 100 minlərlə tələbə, 100-dən çox siyasətçi və bir o qədər də müxtəlif ictimai kompaniyalar qoşuldu. Torontodakı məşhur teleqülləni “bənövşəyi” hərəkatın həmrəylik simvolu kimi bir gecəliyə bənövşəyi rəngə boyadılar. O vaxtdan etibarən müxtəlif ölkələrdə Epilepsiyalı xəstələr gününün keçirilməsi ənənə halını aldı. Balaca Kessidinin milyonlarla epilepsiyalı xəstənin həyatlarını yaxşılaşdırmağı haqqında səmimi istəyi nüfuzlu dünya təşkilatları tərəfindən dəstəklənən uğurlu sosial layihəyə çevrildi.

Məlumatlandırıcı, xeyriyyəçilik, humanitar - bunlar bənövşəyi günün memarlarının öz qarşılarına qoyduqları məqsədlərdir. Qoyulan məsələlərin həlli üsullarının siyahısına anadangəlmə və ya qazanılma epilepsiyası olan insanlara maliyyə vəsaiti toplamağa imkan verən müxtəlif ictimai tədbirlər, mühazirələr, xeyriyyə aksiyaları, konsertlər, yarmarkalar da daxildir.

Epilepsiya hər hansı təhrik olunmamış təkrarlanan tutmalarla (həmçinin “qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir.Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstəni, həm də ətrafdakıların kifayət qədər güclü təşvişinə səbəb olur.

Bu xəstəlik müxtəlif yaşlarda müşahidə oluna bilər, daha çox uşaqlarda və ahıl yaşlarda rast gəlinir. Prinsipcə hər bir insan müəyyən bəlli şərtlər daxilində epileptik tutma keçirə bilər. Ümumilikdə təqribən 250 milyon insan bir epileptik tutma keçirir. Ancaq tək tutmanın olması epilepsiya diaqnozunun qoyulması üçün yetərli deyildir. Dünyada elə bir ölkə yoxdur ki, orada epilepsiya xəstəliyinə rast gəlinməsin. Müxtəlif ölkələrdə epilepsiyanın yayılması hər 1000 nəfər əhaliyə 1,5-lə 50 hadisə arasında dəyişir, xəstələnmə isə hər 100 000 nəfər əhaliyə 20-53 hadisə təşkil edir, inkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 100-190-dır. Hazırda planetdə 75 milyon insan epilepsiyadan əziyyət çəkir. Bütün dünya üzrə 2 500 000 yeni xəstələnmə halı qeydə alınır. Bütün xəstəliklərin ümumi qlobal yükünün 0,5%-i epilepsiyanın payına düşür.

Azərbaycanda epilepsiyanın yayılması hər 1000 nəfərə 3,7 - 8 hadisə, xəstələnmə isə hər 100 000 nəfərə 24,4-83 hadisə təşkil edir. Hazırda Azərbaycanda 60 000-dən çox insan epilepsiyadan əziyyət çəkir.

Epilepsiya uzunillik müalicə tələb edir. Sözsüz ki, bütün dünyada, eləcə də Azərbaycanda da epilepsiyanın əsas müalicə metodu epilepsiya əleyhinə dərmanların (EƏD) istifadəsidir. Epilepsiyanın müalicəsində məqsəd tutmaların tamamilə kəsilməsidir. Müasir farmakoterapiyanın uğurları sayəsində təqribən 60-70% hallarda tutmalara tam nəzarət mümkündür. Belə ki, əksər hallarda epilepsiya müalicə olunan və sağalan xəstəlikdir.

Son 20 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb.

Belə ki, xəstəliyin epidemiologiyası, nozoloji və semioloji strukturu, xəstələrin həyat keyfiyyəti, qadınlarda epilepsiya öyrənilib. Həmçinin epilepsiyanın mövcud qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb.

Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara lazımi səviyyədə tibbi yardım göstərilir. Bunlardan xəstələrin tibbi yardım və birinci nəsil antiepileptik dərmanlarla (fenobarbital, difenin, karbamazepin və valproy turşusu) dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədi ilə onların daim həkim – epileptoloqun nəzarətdə saxlanmasını misal çəkmək olar.

Epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik işlə bağlı bütün problemlərin həlli, şübhəsiz ki, çətin məsələdir. İnkişaf etmiş ölkələrin özündə belə epilepsiyalı xəstələrə yardımın təşkilində əhəmiyyətli dərəcədə problemlər mövcuddur.

İnkişaf etmiş ölkələrdə epilepsiya ilə mübarizə göstərdi ki, ixtisaslaşdırılmış epileptik mərkəzlər epilepsiyadan əziyyət çəkən xəstələrin diaqnostika, müalicə və reabilitasiyasında yüksək effektivliyə malikdir. Respublikamızda bu cür ixtisaslaşdırılmış epileptik mərkəzin açılması yaxın gələcəkdə tam realdır. Bununla belə epilepsiyalı xəstələrə göstərilən müalicə - profilaktik və sosial yardımlara yönəlmiş cəhdlər təxirə salına bilməz.

Artıq çox illərdir ki, dünyada epilepsiya sinir sistemi xəstəliyi olaraq tanınır. Bu istiqamətdə pozitiv tədbirlərdən biri epilepsiyalı xəstələrin nevroloqlar tərəfindən aparılmasının təşkili olar. Biz eləcə də hesab edirik ki, həkim-epileptoloq ixtisasının təsis olunması və böyük şəhərlərimizin poliklinikalarında epileptik kabinetlərin təşkili zəruridir.