315
20:07
19 Mart 2019

Metropolitendə ilk dəfə - Bayram sürprizləri...

“Bakı Metropoliteni” QSC-nin ənənəvi bayram tədbirlərinə bu il yeni layihələr də əlavə edilib.
Lent.az AZƏRTAC xəbər verir ki, Novruz sosial layihələri martın 14-15-də “İçərişəhər” stansiyasında keçirilən əl işləri yarmarkası ilə başlanıb. Üç gün davam edəcək xüsusi konsert proqramlarına isə metronun “28 May” stansiyasında start verilib. Peşəkar musiqiçilərdən ibarət simli kvartetin və daha sonra milli muğam üçlüyünün canlı ifasında sərnişinlər üçün Azərbaycan və dünya musiqi sənətindən incilər təqdim olunub. Konsert proqramı daha sonra metronun “Sahil”, “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında davam edib.
Qeyd edək ki, muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, kvartet Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir. Musiqi sovqatı eləcə də martın 20-21-də həmin stansiyalarda təqdim olunacaq.
Bakı metrosunda musiqi proqramlarından sonra ilk dəfə keçirilən Novruz şənliyi də baş tutub. “İçərişəhər” metro stansiyasında qədim milli xalq tamaşasının personajları olan Bahar qızı, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosa şən səhnəcikləri, şeirləri, zarafatları, sorğu-sualları, dadlı-duzlu söhbətləri ilə sərnişinlərə xoş anlar bəxş edib.
Dünya İllüziyaçılar Assosasiyasının üzvü Anar Əliyevin çıxışları Novruz şənliyinin daha da zənginləşdirməsinə səbəb olub.
Daha sonra metronun “İçərişəhər” stansiyasının plaftorması və xüsusən birinci stansiya yolunda retro vaqonlardan ibarət qatar nümayiş etdirilib. Şənlik iştirakçıları Novruz qəhrəmanları ilə bol xatirə şəkilləri çəkdiriblər.
İki saat davam edən şənlikdə “Bakı Metropoliteni” QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva və mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov xüsusi milli geyimlərdə azyaşlı sərnişinlərə uşaq oyuncaqları, hədiyyələr paylayıblar.
Bayram şənliyi martın 20-də davam etdiriləcək. Onu da əlavə edək ki, martın 21-dək sərnişinlər muzey eksponatı kimi “İçərişəhər” stansiyasında nümayiş etdirilən retro vaqonlara tamaşa edə, salonlarda xatirə şəkilləri çəkdirə bilərlər.
“Bakı Metropoliteni” QSC-nin tamaşaçılarına bayram sürprizləri bununla tamamlanmayıb. İlk dəfə metropolitendə solo-konsert proqramı ilə pianoçu çıxış edib. Mart ayının 19-da saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasının vestibülündə beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə ifası ilə sərnişinlərə zövq oxşayan xoş anlar bəxş edib. Onun sintezatorda iki saat davam edən repertuarında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələri, eləcə də məşhur dünya bəstələri yer alıb.
Pianoçunun konserti martın 20-də davam edəcək.