2075
18:37
27 Mart 2019

Sevgi bulağı, “can gülüm”ün sehri, qılıncı oğurlanan Xan... – REPORTAJ - FOTOLENT

“Novruz bayramına görə Bakıdan Ordubada gedəcəksən?” 3 günlük Ordubad səfərimdən qabaq bu sualı tez-tez və müxtəlif insanlardan eşitsəm də, cavabım bir olub: Ordubadda bayram tamamilə fərqli olur və özünəməxsus keçirilir.
***
Ordubaddayam. Axırıncı, yəni Torpaq çərşənbəsində bütün ordubadlılar öz evlərində olmağa çalışırlar. İnanca görə, bir ili başqa yerdə keçirsən, bu ayrılıq 7 il davam edəcək. Ona görə də bütün ailə axırıncı çərşənbə və bayram axşamı bir süfrə ətrafında toplanmağa çalışır.
Axşam qaranlıq düşəndə həyətdə od qalanır, üstündən tullanaraq, “ağırlığım- uğurluğum bu odda yansın” deyilir. Ən yaxşı hal budur ki, hamı eyni vaxtda od qalayır. Ətraf obalardan görünən bir yerdə - uca dağ başında da od qalanır. Bütün bunların hamısı birliyə, sevinci paylaşmağa işarədir. Yandırılan ocaq tamamilə sönəndən sonra yerdə qalan od kösövünü ağaclara atırlar. Bununla da inanılır ki, gələn il ağaclar daha yaxşı bar verəcək.
“Bayramınız mübarək, vaxtına sağ-salamat çıxasınız” - qonşu Sarabəyim xalanın səsidir. Deyir ki, həyətinizdə hər zaman od qalansın, ocaq yansın. Bu yerlərdə ən yaxşı alqışlardan biridir, çünki qonşular çalışır ki, hər evdə od qalansın. Hətta evdə olmayanların həyətində də od qalayıb, ocağı yad edərlər.
Axır çərşənbə axşamında fallar qulaq falı ilə başlayır, müxtəlif fallarla davam edir. Məhz ona görə də bu axşam hamı evdə ən xoş sözlər danışmağa çalışarlar. Musiqi qoyar, çal – çağır edərlər.
Sakit olan, dava –dalaşı çox olan evə getməzlər. İnanc o qədər güclüdür ki, burda eşidəcəkləri sözün niyyətlərinə təsir edəcəklərinə inanılar.
Cavan qızlardan Sərfinaz bununla bağlı xatirələrini paylaşır: “Çərşənbə axşamı odun üstündən tullanandan sonra qulaq falına çıxdım. Birinci qonşulardan başladım. Amma bəxtimdən yarım saatdan çox gözləsəm də danışığı üçün ağzına niyyət tutduğum qonşumuz danışmadı ki, danışmadı. Axırda əlacsız qalıb televizora niyyət tutdum (gülür). Amma mən bu fala inanıram, hər il nə tutmuşamsa, niyyətim qəbul olub”.
Bu il nə niyyət tutduğunu soruşuram. Deyir ki bunu deməzlər, yoxsa qəbul olmaz. Belə də ki, gənc qızın niyyəti nə ola bilər ki… Nə deyək, təki arzularına çatasan.
Ən maraqlı fallardan biri də odur ki, evin qızı qapıya sarı öz ayaqqabısını atar, əgər ayaqqabının burnu çölə tərəf düşərsə ərə gedəcək, içəriyə doğru olarsa, bu il də evdə qalacaq deməkdir.
Bundan başqa, bayram axşamı gənc qızlar duzlu kökə yeyib və ya 7 ulduz sayıb, yatırlar. İnanca görə, axşam hansı evin bulağından su içərsənsə, o evə gəlin köçəcəksən. Duzlu kökəni də məhz buna görə yeyirlər ki, axşam susayıb hansısa qapıya getsinlər.
Çərşənbə axşamı Ordubadda keçirilən ən maraqlı ayinlərdən biri də “Can gülüm” oyunudur. Xüsusilə də cavan qız və oğlanlar bir evə toplanarlar. Ortaya su dolu bir qab qoyub, kəlağayı ilə üstünü örtürlər. Hər kəs qabın içinə özlərinə məxsus əşya atar. Balaca bir uşaq isə bu su dolu ləyəndən bir-bir əşyaları götürər və sahibinə verər. Hələ əşyanın kimin olması bilinmədən əvvəl bir bayatı oxunar. Bu bayatını isə ağbirçək nənələr yozar. Hər əşya çıxdıqca və bayatı oxunduqca isə bir ağızdan “Can gülüm, can, can” deyərlər. Beləliklə, ən son əşyaya qədər bu davam edər. Bu oyunda gənc qızların və oğlanların şən qəhqəhəsi bir-birinə qarışar.
Çərşənbənin adətləri bununla bitmir. Sübh tezdən hamı axar suyun üzərindən hoppanmağa gedir. Hələ gün çıxmamış çaya gələnlər çalışar ki, ən tez gələn o olsun. Buz kimi su ilə əl-üzlərini yuyar, suyun üstündən tullanar və evin künclərinə qoymaq üçün çay daşı götürərlər. Çaydan götürdükləri suyu həyət-bacaya səpərlər. Bununla da su ilə paklandıqlarına və illərinin ruzili-bərəkətli olacaqlarına inanarlar.
İl nə zaman təhvil olursa-olsun, burda bayram adətən 21-i qeyd olunur. İl təhvil olmamışdan qabaq qəbiristanlığa gedib, rəhmətə gedən əzizlərini ziyarət etmək bir adətdir.
Bayram günü yenilənərək, ruhən paklandığına inanıldığı üçün bu gün hamı təzə paltar geyməyə çalışır. Ən azından üzərində bir təzə paltar olmalıdır. Xüsusən də balacalar üçün təzə paltar geyinmək bir qanundur.
“Bayramınız mübarək, neçə belə illərə çıxasınız”. Düzdür, bayram ərəfəsində bu sözləri çox və tez-tez eşitmək olur. Amma bu səhər-səhər evləri gəzərək bayramlaşan balaca uşaqların səsidir.
Bəli, Ordubadda bir adət var ki, balaca uşaqlar qapı-qapı gəzər, hər kəsin bayramı təbrik edərək bayram payı alarlar. Adətən uşaqlara müxtəlif cür rənglənmiş yumurtalar verilir. Elə məhz bayram da bu uşaqların səsi və nəşəsi ilə başlayır.
Təkcə kənddə, rayonda yaşayan uşaqlar deyil, sırf bayram üçün qonaq gələn uşaqlar da bayram yumurtası toplamaq üçün evləri gəzirlər.
Kəndə qonaq gələn Yağmur adlı balaca qız deyir ki, bir “bayramın mübarək olsun” sözünə bir yumurta düşür. Kəndi yaxşı tanımamağına baxmayaraq, bayramda bütün evləri gəzib: “Evləri gəzəndə məndən soruşurlar ki, sən kimsən? Özümü təqdim edirəm, bayramlarını təbrik edib, yumurta payımı alıram. Hətta oyuncaq verən də var. Kim olduğunu bilmirəm, amma məktəbin yanında olurlar”.
Yağmur sevinə-sevinə 29 yumurta yığdığını desə də, bir az düşünür və qarnını göstərək deyir ki, yox, əslində 30 yumurta yığmışam, çünki birini yemişəm.
Doğurdan da bu bayram yumurtalarının dadı isə tam fərqli olur. Üstündən neçə gün keçib boyatısa da, yenə bizə dadlı gəlir.
İnsanların bayramını təkcə gəzən uşaqlar təbrik edir? Əlbəttə, yox. Ən gözəl adətlərdən biri də kəndin və ya rayonun cavanlarının bir yerə yığışıb, ağsaqqallardan başlayaraq, bütün evləri gəzməsidir. Hələ axşamdan bəzənərək min bir nemət düzülən stolun arxasında əyləşən cavanlar ev yiyəsini təbrik edirlər. Adətdir ki, stolun üstündən nəsə yeyərək ağzını şirin edəsən. Və ən yaxşısı odur ki, bu evləri gəzərkən, kimsə böyük bir hədiyyə apararaq xərcə düşmür. Bir limon və ya alma aparır və stoldan başqasını götürərək, digər evə gedir. Yəni əslində bir limonla bütün evləri gəzərək bayramlaşmaq mümkündür.
Cavanlar birinci ağsaqqal və ağbirçəkləri, sonra xəstələri ziyarət edib, növbə ilə bütün evləri gəzirlər.
Kəndin ağsaqqallarından olan Mirhadı müəllim deyir ki, hər il bayramın ilk günü heç yerə getmirəm, çünki mütləq məni görməyə gələcəklər: “İllərdir ki, dərs deyirəm. Şagirdlərim və bir zaman dərs dediyim həmkarlarım məni görməyə gəlir. Bu gün mən axşama qədər heç yerə gedə bilmərəm. Mənim bayramlaşmağım sabah olacaq”.
Mirhadı müəllim kəndin illərdir davam edən adət-ənənələrindən də söhbət açaraq deyir ki, gözümü açandan burda bayramın belə təntənəli keçirildiyini görmüşəm: “Hələ bayram gəlməmişdən bir ay qabaq artıq hazırlıqlara başlayırıq. Həyət-bacanı təmizləyirik, evdə təmir işləri görürük. Bayram həm də ona görə yaxşıdır ki, neçə müddətdir görüşmədiyimiz qohum, tanışlarla görüşmək fürsətimiz olur. Təkcə öz kəndimizdən yox, hətta uzaq kəndlərdən də görüşə gəlirlər”.
Bayram görüşləri təkcə bununla bitmir. Daha sonra evin xanımları da görüşlərə qoşulur və qohum-qonşunu yad edir, bayramlaşırlar. Kişilərdən fərqli olaraq, qadınlar görüşə, öz deyimləri ilə desək, əliboş getmir. Amma burda da maddiyyata çox önəm verilmir, corab və ya şərf kimi bayramlıq aparılır. Kişilər deyir ki, niyyətimiz var ki, gələcəkdə bunlar da yığışılsın. Niyə kimsə bayramda əziyyət çəksin ki..
Bu yerlərdə zarafatla deyərlər ki, “gilas ağacı çiçəkləyənə qədər bayramdır”. Çünki görüşlər günlərlə davam edir.
Bayram stolundan danışmışdım … Bu stolun üzərində nələr olmur ki… Kürədə bişən paxlava, qozlu kökədən başlamış müxtəlif şirniyyata qədər... Əlbəttə, səməni və gülab mütləq olmalıdır. Ordubad şəhərində belə bir adət var ki, evə bayramlaşmağa gələn şəxs ilk olaraq stoldan gülabı götürür və evdə kim varsa, onun əlinə tökərək bayramlaşır.
Nəhayət, gələk Ordubadın məşhur Xanına… Bayramın ilk üç günü Ordubad şəhərinin mərkəzi küçələrində Xan bəzənir. Onu da qeyd edim ki, eyni zamanda bu “xan bəzəmə” adəti Ordubadın kəndlərdə də var.
Burda bir nəfəri "Xan" seçirlər. Onu əməlli-başlı, əsl xan kimi geyindirirlər. Başına tac qoyurlar. Meydanda hündür bir taxt düzəldib "Xan"ı oturdurlar. İki nəfər balaca uşaq "Xan"ı yelpiklə yelləyir. Kim istəyir, könüllü ona nökər, qulluqçu olur. Qız-gəlinlər, qonaqlar meydanın dövrəsinə düzülüb tamaşa edirlər. Xanın yanına bəzənmiş xonçalar, səmənilər düzürlər.
Biz də bayramın ikinci günü təşkil olunan “Xan bəzəmə” mərasimindəyik.
Şəşəri meydanı bəzədilib və Xanın gəlməyini gözləyir. Ordubadda 10 ildir ki, Xan olaraq Aqat adlı şəxsi bəzəyirlər. Adətə görə, Xan zəhmli olmalı və qətiyyən gülməməlidir. Əgər kimsə Xanı güldürərsə, onu suya basaraq döyərlər. Amma illərdir ki, bəzədilən heç bir Xanı güldürən olmayıb. Xan isə öz ədaləti ilə seçilir, əmrlər və qanunlar verir, rəiyyətini sevindirir. Əslində burda məqsəd odur ki, ədalətlilik prinsipi hələ də qorunub saxlanılır.
Xan meydana gəlməmişdən qabaq bütün şəhəri gəzir və sonda təntənəli şəkildə meydana daxil olur. Vəzir və vəkillər, cəlladları ilə birlikdə xalqını salamlayır və taxtında əyləşir.
Bundan sonra isə oyunlar başlayır. Gənclər yallı gedir, güc nümayiş etdirirlər.
Budur, səs-küy düşür ki, Aqat Xanın qılıncı oğurlanıb. Buna kimə cürət edibsə, Xanın qəzəbindən və cəlladın qılıncından qurtula bilməyəcək. Hər kəs təşvişlə oğrunu soraqlayır və nəhayət, oğru tapılır. Sorğu-sual zamanı bilinir ki, oğrunun niyyəti üsyan qaldırmaq və Aqat xanı devirərək yerinə keçməkdir. Bu isə cəzasız qalarmı… Cəllad gəlir. Xanın əmri ilə tapan tapır oğrunu, cəllad vurur boynunu.
Əslində bir oyun ssenarisi olsa da, oğurluğun nə qədər pis bir şey olduğunu və edilən cinayətlərin cəzasız qalmayacağı göstərilir
Bayram şənliyi lotereyalarla, müxtəlif oyun və rəqslərlə davam edir.
Maraqlıdır ki, bu il gələn qonaqlar içərisində xarici turistlərə də rast gəlmək mümkündür. Görünür Ordubad xanının şöhrəti sərhədləri də aşıb …
Nə olursa-olsun, adətlərin unudulmaması və qorunub saxlanması çox gözəldir. Çünki xalqı yaşadan və onun qədimliyini göstərən məhz bu kimi adətlərdir.
Qoy həmişə Bayram olsun.