442
18:07
15 Aprel 2019

Evə basqın edib qadına zor tədbiq edən maskalılara AĞIR CƏZA

Bakıda quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə E.Axundov 12 il və R.Ağayev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanıblar. E.Axundovun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Həmin şəxslər Ceyranbatan qəsəbəsi Nərimanov küçəsində gecə saat 01 radələrində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər. Qadının evdə tək olmasından istifadə edən hər iki şəxs ikinci mərtəbənin pəncərəsindən mənzilə daxil olub və ona hücum ediblər.
Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.
Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub.
Hər iki dost həmin vaxt mənzildə olan 1988-ci il təvəllüdlü Vüsalə Həşimova və onun 2013-cü il təvəddüdlü qızı Zəhra Həşimovaya bıçaqla hədə-qorxu gəliblər. Onlar bıçaqla qadın və qıza müxtəlif dərəcəli xəsarətlər yetiriblər.