320
17:14
18 Aprel 2019

22 748 şagird BU TARİXDƏ buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi aprelin 21-də 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən ONA -ya verilən məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 52 abituriyent də iştirak edəcək.

Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək.