704
16:18
21 Aprel 2019

Ankarada Kamal Kılıçdaroğluna hücum edildi

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.
ONA -nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.
Bir qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq, CHP liderinə yumruq zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib. Qrup evə daş-kəsək atıb.
Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışır. Evin qarşısına bir zirehli maşın da gətirilib.
Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.