7343
13:16
15 May 2019

"O heç vaxt bilməyəcəkdi ki, mən onun avradıyla yatmışam, yoxsa yox?" - Bulud Qaranın gündəliyi – X BÖLÜM

Əvvəli:http://news.lent.az/news/313978

10-cu hissə

Evdən qaçan qadının əri olmaq əzabı

Sehrbazı görən kimi Leyla ilə ilk dəfə qarşılaşdığım ad günü məclisi gözlərimin qarşısında canlandı. Bu arıq, uzun, sifətinə mənasızlıq hopmuş tip isə sanki elə həmin məclisdəki masanın arxasından birbaşa durub bura gəlmişdi. Əynində eynilə orada gördüyüm kimi, ağappaq köynək vardı. Gözucu baxıb gördüm ki, divanın üstündə tünd göy rəngli yaz gödəkcəsini qoyub. İlahi, o necə də rahat görünürdü! Elə bil onun yox, mənim arvadım evdən qaçmışdı, intihar etmişdi. Kim bilir Leylaya nə qədər mənəvi travma yaşatmışdı bu adam! Kim bilir nə qədər xəyanət etmişdi ona! Bütün şəhər bilirdi ki, Sehrbazın az qala hər məhəllədə bir sevgilisi var, onların hər birinə ev, maşın, iş, səyahətlər hədiyyə edir. Bəlkə də onun sevgililərinin hər biri özünü xoşbəxt hiss edirdi. Leyla isə xoşbəxt deyildi, məncə heç vaxt da olmamışdı. Axı belə idbarla necə bir evin içində yaşamaq, bir havanı udmaq, bir yatağı bölüşmək olardı?

Gözucu böyrümdə dayanmış Sənubərə baxdım. Qadın hayıl-mayıl olub Sehrbazın üzünə baxırdı, bayaqkı qorxusundan əsər-əlamət qalmamışdı. Deyəsən xoşuna gələn kişi xeylağı görən kimi dərhal telini qulağının dibinə sıxmaq kimi refleksini də unutmamışdı. Bəli, qadınlar belədirlər. Xoşlarına gələn kişiləri gördükləri bircə saniyənin içərisinə hər şeyi sığışdıra bilirlər o fantastik dərəcədə rəngarəng xəyallarında. Bəlkə də mənim başım Leylanı ilk gördüyüm anların xatirəsinin ovqatına kökləndiyi bu bir-iki saniyənin içərisində Sənubər artıq Sehrbazın maşınına da minmişdi, otelə və ya hansısa evinə də getmişdi, yatağını da bölüşmüşdü, hələ bəlkə eşq də elan etmişdi ona. Mən hətta Sənubərin xəyali iniltilərini eşitdim. Üzümü turşudub bağırdım:

  • Bəsdir!!!

Bir anlıq mənə elə gəldi ki, Leylanın o ad günündə bağırdığı “Bəsdir!” kəlməsi də eyni vaxtda səslənib mənim səsimə qarışdı. O məclisdə Leylanın o bağırtısından sonra bu arıq-uzun tip ona əl qaldırmışdı. O şillənin səsi bütün məclisi susdurmuşdu onda və mən masanın üstündən bu həddini bilməyən ərin üstünə atılmışdım…

Nifrətlə onun üzünə baxdım:

  • Bu nə oyundur? Siz mənim qapıma adamlarınızı niyə yığmışınız? Nə işiniz var burda? Siz nə ixtiyarla…
  • Bulud… - Sənubər qolumdan tutub çəkdi ki, yəni sakitləş, sus.
  • Sizdən soruşuram! Mənim evimdə nə işiniz var?

Sehrbaz isə məni eşitmirmiş kimi, təmkinlə divana oturdu, ayağını ayağının üstünə aşırdıb öz evindəymiş kimi bir rahat ovqatla kürəyini divanın söykənəcəyinə sıxıb fincandakı qəhvəni başına çəkdi. Sonra televizorun pultunu götürüb eyni rahatlıqla kanalı dəyişdi. Ekrandan evə bir dəstə toy müğənnisi töklüşüb vur-çatlasınla oynayıb-oxumağa başladılar.

Eyni vaxtda evin qapısından da içəri bayaqkı idmançı oğlanlar doluşdular. Sənubər qolumdan bərk-bərk tutub mənə sığındı, qadın tir-tir əsirdi. Deyəsən bir az bundan əvvəlki sehrbazlı xəyalları da bu oğlanların içəri gəlməsi ilə dağılıb yoxa çıxmışdı.

Sehrbaz televizorun səsini bir az da artırdı və müğənnilər bir az da şövqlə oxuyub-oynamağa başladılar. İdmançı oğlanlar isə yaxınlaşıb Sənubəri məndən araladılar, onu divanda oturdub bir gözləri məndə, bir gözləri sahiblərində, əmrə müntəzir bir hal aldılar.

Yox, bu daha son hədd idi.

  • Natiq müəllim! – mən ilk dəfə onun adını çəkdim, - siz niyə belə edirsiniz? Bu nə deməkdir axı? Mən bu dəqiqə polisə…
  • Sən bu dəqiqə ona zəng edəcəksən!
  • Kimə? – dilim topuq çaldı, - deyəsən söhbət Leyladan gedirdi.
  • Dedim ki, sən bu dəqiqə ona zəng edəcəksən!
  • Kimə axı? – mən Sehrbazın ikinci həmləsində özümü toparladım, bu axmaq elə bilirdi ki, eyni əmri iki dəfə vermək daha effektli olur, amma anlamırdı ki, bu ancaq qadınlar üçün keçərlidir. Məsələn, Sənubər üçün. O, dərhal bu təkrar əmr vibrasiyasına öz qadınsal reaksiyasını verdi:
  • Deyir zəng elə, elə də, - əli telində, üzünü Sehrbaza tutdu, - kimə zəng eləsin, Natiq müəllim? Siz nömrəni deyin, bəlkə mən eləyim?
  • Sən kəs! – Sehrbaz Sənubərin üzünə də baxmadan oğlanlara səsləndi, - Götürün!

Dərhal ikisi qollarımı arxaya burdu və üçüncüsü ciblərimi yoxlayıb telefonumu çıxardaraq Sehrbazın qarşısına qoydu.

Sehrbaz telefonu açıb nömrələri, zəngləri, mesajları bir-bir yoxlamağa başladı. Qollarımı buran oğlanlar tərpənməyimə mane olurdular, hirsimdən və çarəsizliyimdən nə edəcəyimi bilmirdim. Deməli, bu axmaq adam mənim telefonumda Leylanın zəngi ya mesajı olub-olmadığını axtarırdı.

Var belə adamlar. Qadını gözünün qabağında olanda başının ağrısı, ürəyinin istəyi ilə qətiyyən maraqlanıb hal-əhval belə soruşmazlar, amma diqqətsizlikdən sevgisini itirdikləri qadını əllərindən buraxdıqlarını başa düşən kimi ilk işləri onların kimlərlə əlaqələri olub-olmadığını axtarıb üzə çıxartmaq olur. Elə bilirlər bu yolla rahatlanacaqlar. Elə bilirlər, illərlə xəyanət etdikləri qadının da eynilə davrandığını görüb üzə çıxara bilsələr, vicdanları sakitləşər, qadını cəzalandırıb və ya boşayıb həyatlarına davam edəcəklər. Halbuki bu çabanın özü belə həmin kişi üçün ən ağır cəzadır, hətta qadınının real xəyanət faktının belə verə bilmədiyi ən ağır mənəvi ağrıdır. Mən o qədər belə ərlər, belə sevgililər görmüşəm ki iş prosesində. Bu cür kişilər nə qədər çox əsib-coşsalar da, əslində dünyanın ən məğlub və çarəsiz insanları olurlar.

Bu dəqiqələrdə üç cangüdəni ilə evimə soxulub, məni əsir kimi tutub qarşımda özünün bütün varidatı, sanbalı, ad-sanı ilə xarizma nümayiş etdirən Sehrbaz da dünyanın ən çarəsizi, miskini, məğlubu idi ki vardı. Və bu məğlub-miskin kişini bu dəqiqə ancaq bir suala cavab maraqlandırırdı: Mən onun arvadıyla yatmışammı, yatmamışammı? Vəssalam! Nə arvadının yoxa çıxması, nə onun intihar etməsinin ölkə miqyasında elan olunması, nə sağ olub-olmaması deyil, məhz mənim onunla yatıb-yatmamağım idi onu içindən dağıdan. Və mən cavab vermədikcə bu dağılma prosesi davam edəcəkdi. Bəlkə də xəstələndirəcəkdi Sehrbazı, insult ya infarkt edəcəkdi. Cavab verməyim isə Sehrbazı bütün ehtimal əzablarından xilas edəcəkdi. Fərqi yoxdur, mən müsbətmi cavab verəcəkdim, mənfimi. Sehrbaz sakitləşəcəkdi. Arvadıyla yatdığımı isbat edə və ya etdirə bilsə, bundan qəzəblənib məni öldürsə belə, daha əzab çəkməzdi. Amma cavabsızlıq, qeyri-müəyyənlik dəhşətli əzab idi onun üçün və mən bunu bildiyimə görə, Sehrbazı məhz bu ovqatda tutub saxlamağı qərara aldım. O heç vaxt bilməyəcəkdi ki, mən onun avradıyla yatmışam, yoxsa yox.

İki dəqiqədən sonra mənim telefonum masanın üstünə atılmışdı artıq. Sehrbaz, təbii ki, bu telefonda Leylaya aid ola biləcək heç bir informasiya tapmamışdı. Hiss etdim ki, pərtdir, amma bildirmir. Deməli, mütləq aqressiya nümayiş etdirəcəkdi. Nə edəcəkdi görəsən?

  • Bağlayın bunu!
  • Nə?

Mənim sualım kimsəyə maraqlı deyildi və bir dəqiqədən sonra əllərim-qollarım və ağzım bağlı halda divarın dibinə oturdulmuşdum artıq.

Qarşımda axmaq bir mənzərə vardı: Divanda oturmuş Sənubərlə Sehrbaz. Sənubərin gözləri dəhşətdən böyümüşdü, üzündəki makiyaja görə rənginin qaçdığı bilinməsə də, dizləri üstə sıxdığı əlləri titrəyir və onun canındakı bütün vahiməni üzə çıxarırdı.

Sehrbaz divandan ayağa qalxdı və gödəkcəsini də götürüb səliqə ilə qolundan asdı. Oğlanlardan biri dərhal qaçıb mətbəxdən stul gətirdi. Stulu mənim böyrümdə qoydular və Sehrbaz həmin stulun üstündə oturdu. Oturan kimi də mənim başımı özünə sarı çəkib dizinə sıxdı. Danışa bilmədiyim üçün mırıldanıb çırpındım. Sehrbazın stulu silkələndi və oğlanlardan biri böyrümə təpik vurub sakit dayanmağım lazım olduğunu bildirdi.

Sehrbaz isə heç nə olmayıbmış kimi sağ əli ilə mənim başımı sığallayıb mırıldandı:

  • Ssss…sakit, sakit… bax belə, ağıllı bala…indi biz səninlə neyləyəcəyik? Kinoya baxacağıq…

Mən çırpınıb onun üzünə baxdım. Bu adamın simasında heç bir ifadə yox idi artıq və gözlərini öz qarşısına dikmişdi. Yəni divanda oturmuş Sənubərə. Mən o an ağlıma gələn fikirdən dəhşətə gəldim və köməksiz, çarəsiz halda nə edəcəyimi bilmədən sürətlə beynimi hərəkətə gətirməyə çalışdım. Nə olursa olsun, bu vəziyyətdən çıxmalı idim. Bu dəqiqə bu evin içində, bu divanın üstündə dünyanın ən dəhşətli səhnəsi ilə üz-üzə dayanmış olacaqdım. Gözlərimi, qulaqlarımı tıxayıb heç nə görmək, heç bir şey eşitmək istəmirdim. Nəsə görsəm, nəsə eşitsəm, bu mənim sonum olmalıydı. Mən min faiz əmin idim ki, bu an ağlımdan keçən, daha doğrusu, Sehrbazın ağlının məhsulu olan bu fikirlər gerçəkləşsə, ilk imkanımdaca özümü öldürəcəkdim. Çünki görəcəklərim, eşidəcəklərim məni bundan sonra yaşamağa qoymayacaqdı.

Və Sehrbazın səsi məni məhv etdi:

  • Soyundurun bu qəhbəni!

Sənubər söhbətin ondan getdiyini anlayıb dəhşətlə mənim üzümə baxdı. Sonra onun üzərinə gələn cangüdənlərin arxasında görünməz oldu.

Mən gözlərimi sıxdım…