1303
19:12
21 May 2019

Nikola Yurçeviç: “Özümüzdən razı olmaq üçün əsasımız yoxdur”

"Əvvəlki toplanışla indiki arasındakı fərq böyükdür. İlk dəfə 5-6 günlük yığışmışdıqsa, bu dəfə daha çox vaxtı birgə keçirəcəyik. Ancaq bu dəfə bir qədər qəliz toplanış olacaq”.
ONA -nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında AVRO-2020 çərçivəsində keçirəcəyi seçmə oyunlar və onlara hazırlıq barədə danışıb.
O bildirib ki, təlim-məşq toplanışına 16 futbolçuyla başlayıblar: “Bu sayda futbolçuyla ayın 24-dək davam edəcəyik. Dmitri Nazarov, Rüfət və Renat Dadaşov qardaşları, Əli Babayev, Bəhlul Mustafazadə 24-dən qoşulacaqlar. Son 1 həftədə isə Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov sıralarımıza qatılacaq. Qarşılaşmalara motivasiyamız yüksək dərəcədədir. İstər məndə, istərsə də futbolçularda. İnanıram ki, stadion dolacaq və arzuladığımız nəticəni birlikdə əldə edəcəyik. Heyətə dəvət alan 27 futbolçunun hər birinin zədədən qurtulacağına ümid edirəm və sonda 3 futbolçu kənarda qalacaq. Hər halda, məhz tam heyətdən seçim etmək istəyirəm. Onu da əlavə edim ki, iyunun 1-də U-21 yığması ilə qarşılaşacağıq”.
N. Yurçeviç qarşıdakı 2 oyunda minimal hədəflərinin neçə xal olduğunu da açıqlayıb: “Proqnoz vermək istəmirəm. Konkret neçə xal toplayacağımızı deyə bilmərəm. Əlbəttə ki, maksimum səylə oynayacağıq. Bacardığımızın ən yaxşısını ortaya qoymalıyıq ki, uğurlu olaq. Özümüzdən razı olmaq üçün əsasımız yoxdur”.
O, vaxtilə Türkiyədən milliləşmiş futbolçuların yığma şanslarına da toxunub: “Azərbaycan millisində oynaya biləcək bütün futbolçuları izləyirəm. Məsələn, Dəniz Yılmaz oyun təcrübəsi çox azdır. Ümid edirəm ki, milliyə potensial namizədlər daha çox oyun praktikası qazanarlar. “Trabzonspor”un futbolçusu Ak Pınara gəlincə, onu tanımıram. Əgər bu gənc bizim üçün faydalı olarsa, əlbəttə ki, onu cəlb etməyə çalışarıq”.
Qeyd edək ki, yığmamız iyunun 8-də Macarıstan, 3 gün sonra Slovakiya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Bakıda oynanılacaq.